Azərbaycan Respublikası və BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (BMTAİK)

  Azərbaycan Respublikası 1993-cü ildən etibarən BMT-nin Avropa İqtisadi Komissiyasının (BMTAİK) üzvüdür.

BMTAİK və onun müxtəlif istiqamətləri üzrə əməkdaşlıq Azərbaycan Respublikası üçün prioritet istiqamətlərdən hesab edilir. Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi tərəfindən il ərzində BMTAİK çərçivəsində ətraf mühitin mühafizəsi, nəqliyyat, ticarət, enerji, iqtisadi əməkdaşlıq və inteqrasiya, gömrük, gender məsələləri, statistika, mənzil təsərrüfatı və torpaqdan istifadə və digər sahələr üzrə əməkdaşlıq davam etdirilir, habelə il ərzində BMTAİK çərçivəsində müxtəlif istiqamətlər üzrə keçirilən tədbirlərdə iştirak təmin olunur.

BMTAİK rəhbərliyinin Azərbaycan Respublikasına səfərləri

23 noyabr 2011-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMTAİK-in icraçı katibi Yan Kubişi qəbul etmişdir. Y.Kubiş Slovakiyanın Xarici İşlər Naziri və Avropa Şurası Nazirlər Komitəsinin sədri vəzifəsində çalışarkən Azərbaycana səfər etdiyini xatırlayaraq ötən dövr ərzində ölkəmizdə çox böyük dəyişikliklərin şahidi olduğunu demiş və qazanılan uğurlar münasibətilə dövlətimizin başçısını təbrik etmişdir. Azərbaycanın enerji siyasətini və regional nəqliyyat layihələrini yüksək qiymətləndirən Y.Kubiş, BMT-nin xüsusi qətnaməsi və Azərbaycanın koordinatorluğu ilə həyata keçirilən Avrasiya informasiya magistralı layihəsinin icrasına görə BMT rəhbərliyi adından Dövlətimizin Başçısına minnətdarlığını bildirmişdir. BMT-nin müxtəlif sahələr üzrə beynəlxalq mərkəzlər yaratdığını vurğulayan qonaq ölkəmizdə informasiya texnologiyaları sektorunun sürətli inkişafını nəzərə alaraq təmsil etdiyi qurumun bu sahə üzrə beynəlxalq mərkəzin Azərbaycanda yaratmağa maraqlı olduğunu demişdir. Dövlət Başçımız bildirmişdir ki, Azərbaycan enerji və regional nəqliyyat layihələrinin həyata keçirilməsi işində artıq özünü etibarlı tərəfdaş kimi göstərmişdir. Ölkəmizdə informasiya texnologiyaları sektorunun sürətlə inkişaf etdiyini vurğulayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan iqtisadiyyatının gələcək inkişafında bu sahənin rolunu yüksək qiymətləndirmişdir. BMT-nin həyata keçirdiyi müxtəlif layihələrin əhəmiyyətini qeyd edən Dövlət Başçımız BMT-nin informasiya texnologiyaları sahəsi üzrə beynəlxalq mərkəzin Azərbaycanda yaradılması fikrinin də önəmli olduğunu vurğulamışdır.

1-2 dekabr 2013-cü il tarixində BMTAİK-in icraçı katibi S.Alkalay Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Səfər çərçivəsində S.Alkalay Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və BTİ-nin Baş katibi H.Ture ilə birlikdə “BakuTel-2013” XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olmuşdur. Səfər zamanı Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov 2 dekabr 2013-cü il tarixində BMTAİK-in icraçı katibi S.Alkalayın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Azərbaycanla sözügedən təşkilat arasında əməkdaşlığın hazırkı vəziyyəti və yaxın gələcəkdə inkişaf perspektivləri müzakirə edilmişdir. Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanması ölkəmizin bu təşkilat ilə əməkdaşlığında müsbət addım kimi xüsusi qeyd edilmişdir. S.Alkalay təmsil etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini diqqətə çatdırmışdır. Tərəflər, həmçinin hüquq-müqavilə bazasının genişləndirilməsinin vacibliyini vurğulamışlar. S.Alkalay Azərbaycanda xarici sərmayədarlar üçün əlverişli biznes mühitin yaradılmasından məmnunluq ifadə etmiş və ölkə bazarının xarici iş adamları üçün cəlbedici olduğunu qeyd etmişdir.  

4 dekabr 2013-cü il tarixində keçirilmiş BMTAİK-in İcraedici Komitəsinin 65-ci iclasında BMTAİK-in icraçı katibi Sven Alkalay, 1-2 dekabr 2013-cü il tarixində Azərbaycana etdiyi səfərindən bəhs etmiş və Azərbaycanın BMTAİK-lə səmərəli əməkdaşlığına görə xüsusi təşəkkürünü ifadə etmişdir. S.Alkalay səfəri zamanı, Bakıda informasiya və kommunikasiya texnologiyaları üçün dövlət-özəl tərəfdaşlığı üzrə mütəxəssis mərkəzinin yaradılması məqsədilə AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMTAİK arasında 2014-cü ilin əvvəlində imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu üzrə yekun danışıqların aparıldığını, eləcə də telekommunikasiya və informasiya texnologiyaları üzrə “BakuTel 2013” sərgisində iştirakını, o cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Xarici İşlər və Rabitə və İnformasiya Texnologiyaları Nazirləri tərəfindən qəbul edildiyini məmnunluqla ifadə etmişdir.  

BMTAİK çərçivəsində müxtəlif istiqamətlər üzrə aparılmış fəaliyyətlər barədə qısa məlumat:

Ətraf mühitin mühafizəsi

 BMTAİK çərçivəsində ətraf mühitin mühafizəsi sahəsi üzrə əməkdaşlıq məsələləri xüsusi əhəmiyyət kəsb edir. Belə ki, il ərzində bu sahə üzrə BMTAİK çərçivəsində, o cümlədən Azərbaycan Respublikasının tərəfi olduğu “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” BMT Konvensiyası (Espoo Konvensiyası), “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”, “Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında” BMT Konvensiyası (Aarhus Konvensiyası), “Böyük məsafələrdə havanın transsərhəd çirkləndirməsi haqqında Konvensiya” üzrə keçirilən görüşlərdə iştirak edilir və sözügedən Konvensiyaların Katiblikləri ilə əməkdaşlıq davam etdirilir.

11 iyun 2012-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti, ətraf mühit üzrə beynəlxalq IDEA kampaniyasının təşəbbüsçüsü xanım Leyla Əliyeva Cenevrədə səfərdə olmuşdur. Səfər zamanı BMT-nin Cenevrə bölməsində, UNICEF-in Cenevrə ofisində və UNEP-in Avropa üzrə regional ofisində görüşlər keçirilmişdir. Xanım Leyla Əliyeva BMT-nin Cenevrə bölməsində Baş katibin müavini, BMT-nin Cenevrə bölməsinin Baş direktoru Qasımcomərd Tokayevlə görüşmüşdür. Görüşdə xanım Leyla Əliyeva Azərbaycanın son illərdə qazandığı nailiyyətlər barədə danışmışdır. Q.Tokayev isə ölkəmizə səfərlərini xatırlamış, ölkəmizin uğurlarını və Azərbaycanın BMT sistemində səmərəli fəaliyyətini qeyd etmişdir. Görüşdə, həmçinin, ətraf mühitin qorunması sahəsində BMT-nin Cenevrə ofisi tərəfindən həyata keçirilən layihələr barəsində fikir mübadiləsi olmuşdur.

Daha sonra BMT-nin Ətraf Mühit üzrə Proqramının Avropa üzrə regional Ofisinin Direktoru vəzifəsini icra edən cənab Yan Dusik ilə keçirilmiş görüş zamanı, xanım L.Əliyeva və Y.Dusik Xəzər dənizinin ekoloji aspektlərini, o cümlədən nərəkimilərin reproduksiyası, yerli balıqçıların bu balıq növünün süni şəraitdə yetişdirilməsinə dair proqram haqqında məlumatının artırılması, “yaşıl iqtisadiyyat”ın və Azərbaycanda həyata keçirilən “yaşıl iqtisadiyyat” layihəsinin aktual məsələlərini müzakirə etmişlər. Sözügedən layihə BMT-nin Ətraf Mühit Proqramının Avropada AMEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi timsalında Azərbaycanla birgə həyata keçirdiyi ilk pilot proqramıdır. Bundan əlavə, ətraf mühitin və sağlamlığın qorunması, ətraf mühit haqqında biliklərin artırılması üzrə gənclərlə maarifləndirmə işi aparılması məsələləri də görüş zamanı nəzərdən keçirilmişdir. Görüşdə, eyni zamanda, Heydər Əliyev Fondunun ətraf mühit sahəsində fəaliyyəti barədə və Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən “Böyük beşlik” proqramı barədə fikir mübadiləsi aparılmışdır.

“Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” BMT Konvensiyası (Espoo Konvensiyası):

Azərbaycan Respublikası 25 mart 1999-cu ildə BMT-nin “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”sına (Espoo Konvensiyası) qoşulmuşdur. Azərbaycan tərəfi Espoo Konvensiyası üzrə öhdəliklərin həyata keçirilməsinin həyati əhəmiyyət kəsb etdiyi qənaətindədir. Bu baxımdan, Azərbaycan, sözügedən Konvensiya üzrə və Konvensiyanın Katibliyi ilə əməkdaşlığa böyük önəm verir və Konvensiya üzrə keçirilən görüşlərdə fəal iştirak edir.

2-5 iyun 2014-cü il tarixində Cenevrə şəhərində Espoo Konvensiyasına Tərəflərin 6-cı Görüşü keçirilmişdir. 

Tədbirdə digər məsələlərlə yanaşı, Espoo Konvensiyası İmplementasiya Komitəsi çərçivəsində Ermənistan ərazisində yeni Metsamor nüvə reaktorunun tikilməsi ilə əlaqədar Espoo Konvensiyası müddəalarının pozulması ilə bağlı Azərbaycan Respublikası tərəfindən Ermənistan Respublikasına qarşı qaldırılmış iddia üzrə yekun qərar qəbul edilmişdir.

Beləliklə, Espoo Konvensiyasına Tərəflərin Görüşü, yekun olaraq, Ermənistan ərazisində yeni Metsamor nüvə reaktorunun tikilməsi ilə əlaqədar Ermənistan Respublikasının Espoo Konvensiyası üzrə öhdəliyini pozduğu qərarına gəlmiş və Konvensiyanın İmplementasiya Komitəsinə məsələnin nəzarətdə saxlanılması və aidiyyəti üzrə monitorinq edilməsi barədə mandat vermişdir.

Nəqliyyat

BMTAİK çərçivəsində əməkdaşlığın digər prioritet istiqaməti nəqliyyat sahəsidir.

2013-cü il ərzində BMTAİK çərçivəsində nəqliyyat sahəsi üzrə təşkil edilən ən mühüm tədbir 26 fevral tarixində BMTAİK-in Daxili Nəqliyyat Komitəsinin 75 illik yubileyi çərçivəsində keçirilmiş Avro-Asiya nəqliyyat əlaqələri (EATL) üzrə Nəqliyyat Nazirlərinin 2-ci görüşü olmuşdur. Görüşdə Azərbaycan tərəfi nəqliyyat nazirinin müavini Musa Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə iştirak etmişdir. Görüşün sonunda “Avro-Asiya nəqliyyat əlaqələrinin gələcək inkişafı üçün Birgə Bəyanat” 32 ölkə və “Avro-Asiya dəmiryolu nəqliyyatının təşviqi və unifikasiya edilmiş dəmiryolu qanunu üçün fəaliyyət üzrə Birgə Bəyannamə” 37 ölkə tərəfindən imzalanmışdır. Hər 2 sənəd Azərbaycan Respublikası adından müvafiq bəyanatlarla imzalanmışdır. Görüşdən sonra “Transport in motion” adlı foto sərgi müsabiqəsi keçirilmişdir. Foto müsabiqədə “İnsan üzü” kateqoriyasında ölkəmiz qalib olmuşdur. Qələbə münasibətilə BMTAİK-in icraçı katibi S.Alkalay tərəfindən Azərbaycan Respublikasının Nəqliyyat Nazirinin müavini M.Pənahova müvafiq təsdiqnamə təqdim edilmişdir.

7-8 fevral 2013-cü il tarixində Cenevrə şəhərində "Beynəlxalq Yük Daşımaları kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında" gömrük konvensiyası (TIR Konvensiyası) əsasında fəaliyyət göstərən TIR İnzibati Komitəsinin 55-ci sessiyası keçirilmişdir. Sessiyada Azərbaycan Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarəti Baş İdarəsinin rəisi Ş.Bağırov İnzibati Komitənin 2013-cü ildə keçiriləcək iclaslarına sədr seçilmişdir.

Mənzil məsələləri

18 mart 2013-cü il tarixində Bişkek şəhərində təşkil edilmiş BMTAİK-in Torpaq idarəçiliyi üzrə İşçi Qrupunun 8-ci sessiyasında sözügedən İşçi Qrupun Bürosuna növbəti ikiillik müddət üçün üzvlər seçilmiş və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin investisiyalar və əməkdaşlıq şöbəsinin müdir müavini Elşad Xanəlibəyli İşçi Qrupun sədri seçilmişdir.

7-9 oktyabr 2013-cü il tarixində BMTAİK-in Mənzil və Torpaq İdarəçiliyi üzrə Komitəsinin 74-cü sessiyası və Nazirlər görüşü keçirilmiş, habelə Ümumdünya Məskunlaşma Günü qeyd edilmişdir. Azərbaycan tərəfi sözügedən tədbirlərdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Səfir M.Nəcəfbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur. Nümayəndə heyətinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dadaşov adına Elmi-Tədqiqat İnstitutunun rəsmiləri daxil olmuşlar. Komitənin iclası zamanı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutunun şöbə müdiri Ə.Cəfərov BMTAİK-in Mənzil və Torpaq İdarəçiliyi üzrə Komitəsinin Bürosuna üzv seçilmişdir.

Meşəçilik

9-11 aprel 2013-cü il tarixində keçirilmiş BMTAİK-in 65-ci sessiyası çərçivəsində BMTAİK-in “Ağac materialı Komitəsi”nin adı dəyişdirilərək “Meşə və Meşə Sənayesi Komitəsi” olmuşdur.

Statistika

10-12 iyun 2013-cü il tarixində Cenevrə şəhərində keçirilmiş Avropa Statistika Mütəxəssisləri Konfransının 61-ci plenar iclasında Dövlət Statistika Komitəsinin nümayəndəsi və Daimi Nümayəndəlik iştirak etmişdir. Konfrans zamanı, əsasən, yoxsulluq üzrə statistik məlumatların nəzərdən keçirilməsi, habelə “Davamlı inkişafın ölçülməsi üçün təklif edilən göstəricilər şəbəkəsi üzrə konseptual çərçivə”, “İnsan kapitalının ölçülməsi üzrə təhlil hesabatı” və “Vaxtdan istifadə edilən sorğuların ahəngləşdirilməsi üzrə rəhbər müddəalar” sənədləri təsdiq edilmişdir. Konfransa paralel olaraq, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üçün “Davamlı inkişafın ölçülməsi və Rio+20-nin davamı” tədbiri təşkil edilmişdir.

Davamlı Enerji

19-21 noyabr 2008-ci il tarixində Sənaye və Energetika Naziri cənab Natiq Əliyevin başçılıq etdiyi nümayəndə heyəti BMTAİK-in Davamlı Enerji Komitəsinin 17-ci illik sessiyasında iştirak etmişdir.

2009-cu ilin 16-20 noyabr tarixində Dövlət Gömrük Komitəsinin Sədri cənab Aydın Əliyevin başçılıq etdiyi nümayəndə heyəti BMTAİK çərçivəsində Davamlı Enerji Komitəsinin 18-ci illik sessiyasında iştirak etmək məqsədilə Cenevrə şəhərində işgüzar səfərdə olmuşdur. Səfər çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri cənab Aydın Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Cenevrədə yerləşən bir sıra beynəlxalq təşkilatlarda görüşlər keçirmişdir.

2010-cu ilin 1 oktyabr tarixində Cenevrə şəhərində Xarici İşlər Nazirinin müavini Xələf Xələfovla BMTAİK-in icraçı katibi Yan Kubiş arasında görüş keçirilmişdir. Tərəflər Azərbaycanla sözügedən təşkilat arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu, BMTAİK çərçivəsində energetika, nəqliyyat, ətraf mühit, gömrük, informasiya-kommunikasiya texnologiyaları, ticarət və digər sahələrdə uğurlu fəaliyyətin həyata keçirildiyini qeyd edib, gələcəkdə iqtisadiyyatın müxtəlif sahələrində yeni layihələrin işlənib-hazırlanması və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulamışlar. Ermənistanda yeni nüvə enerjisi stansiyasının inşası ilə bağlı Azərbaycan tərəfinin narahatlığını BMT-nin İqtisadi Komissiyasının rəhbərinin diqqətinə çatdıran nazir müavini köhnə “Metsamor” stansiyasının əsasında yeni nüvə enerjisi stansiyasının tikilməsinin regionun ekologiyasına və sosial-iqtisadi vəziyyətinə ciddi təhlükə və risklərin mənbəyi olacağını bildirmişdir.

BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA)

1-2 dekabr 2010-cu il tarixində Bakıda ticarət üçün yardım üzrə SPECA Nazirlərinin konfransı keçirilmiş və Bakı Bəyannaməsi qəbul olunmuşdur. BMTAİK-in icraçı katibinin müavini sözügedən tədbirdə iştirak etmişdir. Bununla yanaşı, 2 dekabr 2010-cu il tarixində Bakıda Ticarət üzrə SPECA Layihə İşçi Qrupunun 5-ci sessiyası keçirilmişdir.

SPECA-nın Biliyə əsaslanan İnkişaf üzrə Layihə İşçi Qrupunun 5-ci sessiyası 4 dekabr 2013-cü il tarixində Bakıda keçirilmişdir.

Ticarət

2012-ci ildə ölkəmizin nümayəndəsi BMTAİK-in Ticarət Komitəsinin sədr müavini seçilmişdir.

14-15 noyabr 2012-ci il tarixində Bakıda BMTAİK ilə birlikdə Sahibkar Qadınların III Forumu keçirilmişdir.

Azərbaycanın nümayəndələri BMTAİK-in dövlət-özəl tərəfdaşlıq reyestrinə daxil edilmişlər.