Azərbaycan Respublikası və Ümumdünya Ticarət Təşkilatı (ÜTT)

Xronologiya:

Azərbaycan Respublikasının ÜTT-yə üzvolma istəyini əks etdirən ərizənin ÜTT Katibliyinə təqdim olunması

23 iyun 1997-ci il

ÜTT Katibliyində Azərbaycan üzrə İşçi Qrupunun yaradılması

16 iyul 1997-ci il

Azərbaycan Respublikasının xarici ticarət rejimi haqqında Memorandumun ÜTT Katibliyinə təqdim olunması

22 aprel 1999-cu il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 226s saylı Sərəncamı ilə Azərbaycan Respublikasının ÜTT-yə üzv olması prosesinin sürətləndirilməsi işləri üzrə təşkilatlararası Əlaqələndirmə Qrupunun yaradılması

19 noyabr 1999-cu il

Cenevrədə ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun 1-ci İclasının keçirilməsi

03 - 07 iyun 2002-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 175s saylı Sərəncamı ilə Azərbaycan Respublikasının ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiyanın yaradılması

22 avqust 2003-cü il

Cenevrədə ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun 2-ci İclasının keçirilməsi

14 oktyabr 2004-cü il

Cenevrədə ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun 3-cü İclasının keçirilməsi

30 iyun 2005-ci il

Cenevrədə ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun 4-cü İclasının keçirilməsi

30 mart 2006-cı il

Cenevrədə ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun 5-ci İclasının keçirilməsi

6 may 2008-ci il

Cenevrədə ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun 6-cı İclasının keçirilməsi

11 dekabr 2008-cı il

Cenevrədə ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun 7-ci İclasının keçirilməsi

24 iyul 2009-cu il

Cenevrədə ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun Səkkizinci İclasının keçirilməsi

18 oktyabr 2010-cu il

Cenevrədə ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun Doqquzuncu İclasının keçirilməsi

24 fevral 2012-ci il

Cenevrədə ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun Onuncu İclasının keçirilməsi

7 dekabr 2012-ci il

Cenevrədə ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun 11-ci İclasının keçirilməsi

21 fevral 2014-cü il

 İşçi Qrupun iclasları:

1-ci iclas: 7 iyun 2002-ci il. Cenevrə, ÜTT Katibliyi.

7 iyun 2002-ci il tarixində ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun 1-ci İclasının keçirilməsi ilə Respublikamızın ÜTT-yə üzv olması prosesinin növbəti mərhələsi – danışıqlar mərhələsi başlanmışdır. Cenevrədə ÜTT-nin 28 üzv ölkəsinin iştirakı ilə keçirilmiş Azərbaycan üzrə İşçi Qrupunun 1-ci İclasında xarici ticarət rejimi haqqında memorandum və üzv ölkələrin suallarına verilmiş cavablar müzakirə edilmişdir. Üzv ölkələr üzvolma istiqamətində aparılan işlərdə Azərbaycana hər cür köməyin göstərilməsinə hazır olduqlarını bildirmişlər. Türkiyə, Avropa Birliyi, Amerika Birləşmiş Ştatları və eləcə də bir sıra beynəlxalq təşkilatların xətti ilə Azərbaycana texniki və institusional yardımın göstərilməsi xüsusilə qeyd olunmuşdur. Keçirilmiş iclasda, Kanada, Avstraliya, Avropa Birliyi, eləcə də ABŞ tərəfindən yenidən çoxsaylı suallar təqdim olunmuşdur. İclas zamanı ÜTT-nin 9 üzv ölkəsi – Avstraliya, ABŞ, Litva, Moldova, Gürcüstan, Avropa Birliyi, İsveçrə, Kanada və Türkiyə nümayəndələri ilə ikitərəfli görüşlər keçirilmişdir.

 

2-ci iclas: 12 – 15 oktyabr 2004-cü il. Cenevrə, ÜTT Katibliyi.

İclasda Azərbaycan tərəfindən təqdim olunmuş sənədlər müzakirə olunmuşdur. Səfər zamanı ÜTT-nin baş direktoru Supaçay Paniçpakti, ÜTT Katibliyinin üzvolma şöbəsinin rəhbəri Arif Hüseyn, ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun rəhbəri Valter Levalter, Türkiyə və Pakistanın ÜTT yanındakı Daimi Nümayəndələri, eləcə də ÜTT Katibliyinin mütəxəssisləri ilə görüşlər keçirilmişdir.

 

3-cü iclas: 27 iyun – 1 iyul 2005-ci il. Cenevrə, ÜTT Katibliyi.

Üçüncü iclas ÜTT-nin Azərbaycan üzrə İşçi Qrupunun rəhbəri cənab V.Levalterin rəhbərliyi ilə keçirilmişdir. Azərbaycanın ÜTT-yə üzv olması üzrə Danışıqlar Qrupunun rəhbəri cənab M.Məmməd-Quliyev ÜTT Katibliyinə təqdim olunmuş sənədlər və bütövlükdə ölkənin iqtisadi durumu haqqında ümumi məlumat vermişdir. Prosedura uyğun olaraq İşçi Qrupunun üzvlərinin (ABŞ, Avropa Birliyi, Avstraliya, Yaponiya, Kanada və s.) sualları cavablandırılmışdır. İclasda iştirak etmək üçün Cenevrəyə getmiş Danışıqlar Qrupu kənd təsərrüfatı üzrə çoxtərəfli (ABŞ, Avstraliya, Kanada, Malayziya), ABŞ (xidmətlər və tariflər üzrə ayrılıqda), Avropa Birliyi (xidmətlər və tariflər üzrə) və Kanada (xidmətlər və tariflər) ilə ikitərəfli görüşlər keçirmişdir. Səfər zamanı Moldova, Pakistan, Misir, Türkiyə, Bolqarıstan və s. ölkələrin ÜTT yanındakı nümayəndələri ilə görüşlər keçirilmiş, eləcə də UNCTAD-ın mütəxəssisləri ilə müzakirələr aparılmışdır.

 

4-cü iclas: 30 mart 2006-cı il. Cenevrə, ÜTT Katibliyi.

Təqdim olunmuş sənədlər ətrafında danışıqlar aparmaq məqsədilə İşçi Qrupunun 4-cü iclası 2006-cı ilin 30 mart tarixində keçirilmişdir. Həmin iclasda və digər ikitərəfli və çoxtərəfli görüşlərdə Azərbaycan tərəfini təmsil etmək üçün Azərbaycanın Nümayəndə Heyəti 26-31 mart tarixlərində Cenevrəyə səfər etmişdir. Səfər zamanı Nümayəndə Heyəti İşçi Qrupunun iclası, kənd təsərrüfatı üzrə çoxtərəfli görüş və ABŞ, Avropa Birliyi, Türkiyə, Çinin Tayvan Əyaləti, Kanada və Yaponiya ilə ikitərəfli danışıqlar aparmışdır. Artıq Gürcüstan və Moldova ilə ikitərəfli səviyyədə Protokolların imzalanması haqqında razılıq əldə olunmuşdur.

 

5-ci iclas: 6 may 2008-ci il. Cenevrə, ÜTT Katibliyi.

2008-ci il 5 may tarixində Azərbaycanın ÜTT-yə üzv olması məqsədilə yaradılmış İşçi Qrupun 5-ci iclası keçirilmişdir. İşçi Qrupun adıçəkilən iclasının keçirilməsi üçün zəruri sənədlər (mallar və xidmətlərə dair təkmilləşdirilmiş təkliflər, milli qanunvericiliyin ÜTT tələblərinə uyğunlaşdırılması məqsədilə hazırlanmış 30-a yaxın normativ-hüquqi sənədlərin layihələri, spesifik rüsumların “ad valor” ekvivalenti və s.) təqdim edilmişdir. İşçi Qrupunun 5-ci iclasında İqtisadi İnkişaf Naziri iştirak etmiş və Azərbaycanın ÜTT-yə üzv olması istiqamətində son dövrlərdə Azərbaycanda görülmüş işlər haqqında ətraflı nitq söyləmişdir. Azərbaycanı həmin iclasda İqtisadi İnkişaf, Xarici İşlər, Ədliyyə, Vergilər, Kənd Təsərrüfatı Nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Müəllif Hüquqları Agentliyinin nümayəndələri təmsil etmişlər. İclasın sonunda Faktlar İcmalının hazırlanmasına dair qərar qəbul edilmişdir.

 

6-cı iclas: 11 dekabr 2008-ci il. Cenevrə, ÜTT Katibliyi.

Ölkəmizin nümayəndə heyətinin rəhbəri öz çıxışında Azərbaycan Hökumətinin son dövrdə qeyri-neft sektorunun inkişafına və ümumiyyətlə ölkə iqtisadiyyatının diversifikasiya edilməsi məsələsinə mühüm əhəmiyyət verdiyini və bu istiqamətdə görülən işlər barədə məlumatı iclas iştirakçılarının diqqətinə çatdırmışdır. Qeyd edilmişdir ki, açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkə kimi Azərbaycan sosial-iqtisadi inkişafını təmin etmək üçün əlverişli şərtlərlə çoxtərəfli ticarət sisteminə inteqrasiya etməyi qarşısına əsas məqsədlərdən biri kimi qoymuşdur. Bu baxımdan, qısa müddət ərzində mallar və xidmətlər üzrə təkmilləşdirilmiş təkliflər və digər sənədlər hazırlanaraq ÜTT Katibliyinə və aidiyyəti ölkələrə təqdim olunmuş və onların əsasında növbəti ikitərəfli danışıqlar keçirilmişdir. Bununla yanaşı, Azərbaycanın milli qanunvericiliyinin ÜTT-nin Sazişlərinə uyğunlaşdırılması sahəsində ölkədə görülən və gələcəkdə görüləcək işlərlə bağlı üzv ölkələrə məlumat verilmişdir. İclasda iştirak edən bir sıra ölkələrin nümayəndələri çıxış edərək Azərbaycanın ÜTT-yə üzvlüyünü dəstəkləmiş, ölkəmiz tərəfindən bu istiqamətdə həyata keçirilmiş tədbirləri və onların nəticələrini müsbət qiymətləndirmişlər. Bu xüsusda, Braziliya, Hindistan və Paraqvay Azərbaycanın ÜTT-yə açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkə kimi üzv olmasını dəstəklədiklərini vurğulamışlar. Qeyd olunanlarla yanaşı, iclasda ÜTT Katibliyində hazırlanmış Faktlar İcmalının layihəsinin ilkin müzakirəsi keçirilmişdir.

 

7-ci iclas: 24 iyul 2009-cu il. Cenevrə, ÜTT Katibliyi.

2009-cu il 20-24 iyul tarixlərində Cenevrədə Azərbaycanın ÜTT-yə üzv olması üzrə ikitərəfli və çoxtərəfli danışıqlar, həmçinin İşçi Qrupunun 7-ci iclası keçirilmişdir.
21 iyulda ABŞ, 22 iyul tarixində isə Avropa İttifaqının nümayəndələri ilə mallar və xidmətlərə dair ikitərəfli görüşlər keçirilmişdir. Görüşlər zamanı həm ABŞ, həm də Aİ tərəfi öz çıxışlarında xidmətlər sahəsində bazara giriş şərtlərinin tam liberallaşdırılması, xidmətlərə dair cədvəldə göstərilən bir sıra məhdudiyyətlərin aradan qaldırılmasını, mallara dair danışıqlarda isə hazırda tətbiq edilən tarif dərəcələrinin aşağı salınmasını, bound tariflərinin isə bir çox mövqelərdə ən yüksək həddinin tətbiq edilən maksimal tariflər səviyyəsinə qədər endirilməsini istəmişlər. Azərbaycan tərəfi isə xidmətlər bazarının kifayət qədər liberal olduğunu, “bound” tariflərinin isə tələb edilən səviyyəyədək endirilməsinin dövlətin milli və iqtisadi maraqlarına zidd olduğunu növbəti dəfə bildirmişdir.
23 iyul tarixində kənd təsərrüfatı üzrə çoxtərəfli danışıqların növbəti raundu keçirildi. Görüş zamanı İşçi Qrupunun üzvləri, xüsusən də ABŞ və Aİ Kənd Təsərrüfatına Daxili Dəstəklə bağlı Azərbaycanı tətbiq etdiyi subsidiyaları aradan qaldırmağa dəvət etmişlər. Azərbaycan nümayəndəsi isə kənd təsərrüfatının prioritet və potensial sahə olduğunu qeyd edərək, bu sahənin inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. 24 iyul tarixində isə İşçi Qrupunun 7-ci iclası baş tutmuşdur. İclasda Nümayəndə heyətinin rəhbəri, Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycan Hökumətinin davamlı sosial-iqtisadi inkişaf, ölkə iqtisadiyyatının diversifikasiyası və qeyri-neft sektorunun inkişafı məsələlərinə mühüm əhəmiyyət verdiyini və bu istiqamətdə son dövr ərzində görülən işlər barədə məlumatı iclas iştirakçılarının diqqətinə çatdırmışdır. Azərbaycanın milli iqtisadi maraqlarını və həssaslıqlarını özündə təsbit edən mallar və xidmətlər üzrə təkmilləşdirilmiş təkliflər və digər sənədlər hazırlanaraq ÜTT Katibliyinə və aidiyyəti ölkələrə təqdim olunduğunu və növbəti ikitərəfli danışıqların keçirildiyi söylənilmişdir. İclasda iştirak edən bir sıra ölkələrin nümayəndələri (Misir, Türkiyə, Paraqvay, həmçinin Çin, Braziliya, Pakistan, İordaniya) çıxış edərək Azərbaycan üçün əlverişli şərtlərlə ÜTT-yə üzvlüyünü dəstəkləyib, ölkəmiz tərəfindən bu istiqamətdə həyata keçirilmiş tədbirləri və onların nəticələrini müsbət qiymətləndirmişlər. ABŞ və Aİ kənd təsərrüfatı üzrə çoxtərəfli görüşdə olduğu kimi bu dəfə də Azərbaycanın təşkilata İEÖ kimi qəbul edilməsi haqqında mövqelərini bildirsələr də, Azərbaycan bunun öz milli və iqtisadi maraqlarına uyğun olmadığını və ÜTT-yə İEOÖ statusu ilə qəbul edilməsində israrlı olduğunu iclas iştirakçılarına çatdırmışdır. İclas zamanı üzv ölkələr tərəfindən verilən əlavə suallar cavablandırılmış və tədbirin yekununda Azərbaycanın xarici ticarət rejiminə dair yeni sualların üzv ölkələr tərəfindən 2009-cu ilin 14 sentyabr tarixinədək təqdim olunması və İşçi Qrupunun növbəti iclasının cari ilin sonunda, yaxud 2010-cu ilin ilk rübünə keçirilməsinə dair qərar qəbul edilmişdir.

 

8-ci iclas: 18 oktyabr 2010-cu il. Cenevrə, ÜTT Katibliyi.

2010-cu ilin 18 oktyabr tarixində Cenevrədə Azərbaycanın ÜTT-yə üzv olması üzrə İşçi Qrupunun 8-ci iclası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının müxtəlif dövlət qurumlarının nümayəndələrindən ibarət Danışıqlar Qrupu iştirak etmişdir. İşçi Qrupun iclasında Danışıqlar Qrupunun rəhbəri, Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycan Hökumətinin davamlı sosial-iqtisadi inkişaf, ölkə iqtisadiyyatının diversifikasiyası və qeyri-neft sektorunun inkişafı məsələlərinə mühüm əhəmiyyət verdiyini və bu istiqamətdə son dövr ərzində görülən işlər barədə məlumatı iclas iştirakçılarının diqqətinə çatdırmışdır. Azərbaycanın milli iqtisadi maraqlarını və həssaslıqlarını özündə təsbit edən mallar və xidmətlər üzrə təkmilləşdirilmiş təkliflər və digər sənədlər hazırlanaraq ÜTT Katibliyinə və aidiyyəti ölkələrə təqdim olunduğunu və növbəti ikitərəfli danışıqların keçirilməsinin planlaşdırıldığı bildirilmişdir. Eyni zamanda, Azərbaycan tərəfindən hazırlanmış “inkişaf etməkdə olan ölkə” statusu ilə əlaqədar əsaslandırma, həmçinin Azərbaycan Respublikası qanunvericiliyinin ÜTT qaydalarına uyğunlaşdırılması istiqamətində aparılan işlər haqqında, son il ərzində hazırlanan və təsdiq olunan normativ-hüquqi sənədlər haqqında məlumat verilmişdir (sənədlərin surətləri ÜTT Katibliyinə təqdim olunmuşdur). İclasda iştirak edən bir sıra ölkələrin nümayəndələrin (Türkiyə, ABŞ, Aİ, Kanada, Hindistan, Pakistan, Norveç, Yaponiya) çıxışlarında Azərbaycanın ÜTT-yə üzvlüyünün dəstəkləndiyi, ölkəmiz tərəfindən bu istiqamətdə həyata keçirilmiş tədbirlər və onların nəticələrinin müsbət qiymətləndirildiyi bildirilmişdir. İclas zamanı üzv ölkələr tərəfindən verilən əlavə suallar cavablandırılmış və tədbirin yekununda Azərbaycanın xarici ticarət rejiminə dair yeni sualların üzv ölkələr tərəfindən 2010-cu ilin sonunadək təqdim olunmasına dair qərar qəbul edilmişdir.

 

9-cu iclas: 24 fevral 2012-ci il. Cenevrə, ÜTT Katibliyi.

2012-ci il 20-24 fevral tarixlərində Cenevrədə Azərbaycanın ÜTT-yə üzv olması üzrə ikitərəfli və çoxtərəfli danışıqlar, həmçinin İşçi Qrupun 9-cu iclası keçirilmişdir.
İkitərəfli danışıqlar 20-24 fevral tarixlərində ABŞ, Avropa İttifaqı, Norveç, Kanada və Yaponiya ilə mallar və xidmətlər üzrə, Ekvador ilə mallar üzrə keçirilmişdir. Danışıqlar zamanı qarşı tərəf bir çox mal mövqeləri üzrə “bound” tarif dərəcələrinin aşağı salınmasını, sektorial təşəbbüslərə tam qoşulmanı, xidmətlər sektorunda bazara girişlə bağlı daha liberal təkliflərin verilməsini istəmişdir. 23 fevral tarixində kənd təsərrüfatında daxili dəstək üzrə çoxtərəfli danışıqların növbəti raundu baş tutmuşdur. İclasda Azərbaycan tərəfinin təqdim etdiyi daxili dəstək üzrə cədvəllər (ACC/4) müzakirə edilmişdir. Görüş zamanı İşçi Qrupun üzvləri, xüsusilə də Kanada və Avstraliya İttifaqı Kənd Təsərrüfatına Daxili Dəstəklə bağlı Azərbaycanın 10%-lik “de minimis” hüququnun əldə edilməsi imkanlarının az olduğunu qeyd etmiş, Azərbaycanın kənd təsərrüfatında tətbiq etdiyi güzəştləri azaltmağa dəvət etmişlər. Azərbaycan nümayəndəsi isə kənd təsərrüfatının prioritet və potensial sahə olduğunu qeyd edərək, bu sahənin inkişaf etdirilməsinin vacibliyini vurğulamış, son zamanlar qeyri-neft sektoru, xüsusən də kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramları, bu sahədə əhəmiyyətli statistik göstəriciləri qarşı tərəfin diqqətinə çatdırmışdır. 24 fevral tarixində İşçi Qrupun 9-cu iclası baş tutmuşdur. İclasda Azərbaycan Nümayəndə heyətinin rəhbəri, Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycan Hökumətinin davamlı sosial-iqtisadi inkişaf, neft və qaz sektorundan asılılığı azaltmaq məqsədilə ölkə iqtisadiyyatının diversifikasiyası və qeyri-neft sektorunun, regionların sosial-iqtisadi inkişafı məsələlərinə mühüm əhəmiyyət verdiyini və bu istiqamətdə son dövr ərzində görülən işlər barədə məlumatı iclas iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycanın milli və iqtisadi maraqlarını özündə təsbit edən mallar və xidmətlər üzrə təkmilləşdirilmiş təkliflər və digər sənədlərin hazırlanaraq ÜTT Katibliyinə, həmçinin aidiyyəti ölkələrə təqdim olunduğu söylənilmişdir. İclasda iştirak edən ölkələrin nümayəndələri Azərbaycanın xarici ticarət rejimi ilə əlaqədar olan qiymət siyasəti, ticarətlə əlaqəli dövlət müəssisələri, rəqabət siyasəti, investisiya rejimi, kənd təsərrüfatı siyasəti, ixrac məhdudiyyətləri, azad iqtisadi zonalar, əqli mülkiyyət hüquqları, sanitar-fitosanitar tədbirlər, ticarətdə texniki maneələr haqqında suallar vermiş və həmin suallar Azərbaycan nümayəndələri tərəfindən cavablandırılmışdır. Bundan əlavə, Azərbaycan üzrə İşçi Qrupun sədri Valter Levalterlə görüş keçirilmişdir.

 

10-cu iclas: 7 dekabr 2012-ci il. Cenevrə, ÜTT Katibliyi.

2012-ci il 3-7 dekabr tarixlərində Cenevrədə Azərbaycanın ÜTT-yə üzv olması üzrə ikitərəfli və çoxtərəfli danışıqlar, həmçinin İşçi Qrupun 10-cu iclası keçirilmişdir.
İkitərəfli danışıqlar 3-6 dekabr tarixlərində ABŞ, Avropa İttifaqı, Norveç, Kanada və Yaponiya ilə mallar və xidmətlər, Braziliya ilə mallar üzrə keçirilmişdir. Mallar üzrə danışıqlar zamanı qarşı tərəf Kağız və Mülki Aviasiya üzrə “Sektoral” Təşəbbüslərə qoşulmanı, bir sıra kənd təsərrüfatı və sənaye məhsulları üzrə “bound” tarif dərəcələrinin aşağı salınmasını istəmiş, xidmətlər üzrə danışıqlarda isə əsasən xarici mütəxəssislərin Azərbaycanda işə qəbul olunması ilə bağlı mövcud kvota şərtləri müzakirə edilmişdir.
6 dekabr tarixində Kənd təsərrüfatında daxili dəstək üzrə çoxtərəfli danışıqların növbəti raundu baş tutmuşdur. Görüşdə, Azərbaycan tərəfi, kənd təsərrüfatına daxili dəstəkdə 10%-lik “de minimis” hüququnun əldə edilməsini, eləcə də hər il 2 milyard ABŞ Dolları həcmində birdəfəlik yardımın verilməsi güzəştini istəmişdir. Görüşdə iştirak edən Avropa İttifaqı, ABŞ, Kanada, Avstraliya İttifaqı və Braziliya nümayəndələri Azərbaycana 10%-lik “de minimis” hüququnun keçid müddəti ilə verilməsi məsələsinə baxıla biləcəyini qeyd etmişlər. Ümumilikdə isə kənd təsərrüfatı üzrə çoxtərəfli görüş çox səmərəli keçmişdir.
7 dekabr tarixində İşçi Qrupun 10-cu iclası baş tutmuşdur ki, bu da cari ildə sayca 2-ci iclasdır (bundan öncəki iclas 24 fevral 2012-ci il tarixdə baş tutmuşdur). İclasda Azərbaycan Nümayəndə heyətinin rəhbəri, Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycan Hökumətinin neft və qaz sektorundan asılılığı azaltmaq məqsədilə ölkə iqtisadiyyatının diversifikasiyası məsələlərinə mühüm əhəmiyyət verdiyini və bu istiqamətdə son dövr ərzində görülən işlər, Qırğız Respublikası ilə imzalanmış ikitərəfli protokol və Çinlə başa çatdırılması nəzərdə tutulan ikitərəfli danışıqlar haqqında məlumatları iclas iştirakçılarının diqqətinə çatdırmışdır. İclasda iştirak edən ölkələrin (Çin, Avropa İttifaqı, Hindistan, Yaponiya, Norveç, ABŞ, Pakistan, İsveçrə, Türkiyə və s.) nümayəndələri Azərbaycanın təşkilata üzvlüklə bağlı addımlarını dəstəkləmişlər. Görüş zamanı üzv ölkələrin nümayəndələri Azərbaycandan götürülməsi zəruri olan öhdəliklər və ticarət siyasəti ilə bağlı olan aşağıdakı digər məsələləri müzakirə etmişlər: ixrac qadağalarının ləğvi, aksizlərin uyğunlaşdırılması, göstərilən xidmətlərə görə alınan xərclərin uyğunlaşdırılması, kənd təsərrüfatında ixrac subsidiyalarının tətbiq edilməməsi, sanitar və fitosanitar tədbirlər və texniki tənzimləmə ilə bağlı işlərin beynəlxalq standartlara uyğunlaşdırılması və müvafiq qanunvericiliyin qəbulu və s. Görüşün sonunda İşçi Qrupun rəhbəri cənab Valter Levalter müzakirələrin faydalı keçdiyini bildirmiş, eyni zamanda Azərbaycanın üzv olma prosesində səylərinin daha da səmərəli şəkildə həyata keçirilməsini istəmiş və bununla bağlı təşkilatın katibliyi və bütün üzv-dövlətlər tərəfindən zəruri yardımın göstəriləcəyini bildirmişdir.

11-ci iclas, 17-21 fevral 2014-cü il. Cenevrə, ÜTT Katibliyi

2014-cü il 17-21 fevral tarixlərində İsveçrənin Cenevrə şəhərində Azərbaycanın ÜTT-yə üzv olması üzrə ikitərəfli və çoxtərəfli danışıqlar, həmçinin İşçi Qrupun 11-ci iclası keçirilmişdir.

İkitərəfli danışıqlar 18-21 fevral tarixlərində ABŞ, Avropa İttifaqı, Norveç, Kanada, Cənubi Koreya, Yaponiya, Çinin Tayvan Əyaləti ilə mallar və xidmətlər, Braziliya, Şri Lanka, İsveçrə, Ekvador ilə mallar üzrə keçirilmişdir. Mallar üzrə danışıqlar zamanı qarşı tərəf Kağız və Mülki Aviasiya üzrə Sektoral Təşəbbüslərə qoşulmanı, bir sıra kənd təsərrüfatı və sənaye məhsulları üzrə “bound” tarif dərəcələrinin aşağı salınmasını istəmiş, onlar üçün prioritet sayılan mal mövqelərini bildirmişdir. Xidmətlər üzrə danışıqlarda isə əsasən xarici mütəxəssislərin Azərbaycanda işə qəbul olunması ilə bağlı mövcud kvota şərtləri, enerji ilə əlaqədar xidmətlərin, nəqliyyat, təhsil və tikinti xidmətlərinin liberallaşması, boru kəmərlərinə çıxış məsələsi müzakirə edilmişdir. 20 fevral tarixində kənd təsərrüfatında daxili dəstək üzrə çoxtərəfli danışıqların növbəti raundu baş tutmuşdur. Görüşdə Azərbaycanın üzv ölkələrə təqdim etdiyi 2010-2012-ci illərdə kənd təsərrüfatına daxili dəstəklə bağlı cədvəli, bu sektorda subsidiyalaşdırma məsələsi müzakirə edilmişdir. Sonda Azərbaycan tərəfinin 2011-2013-cü illər üçün daxili dəstək cədvəlinin hazırlanaraq üzv ölkələrə təqdim ediləcəyi qərara alınmışdır. 21 fevral tarixində İşçi Qrupun 11-ci iclası baş tutmuşdur. İclasda Azərbaycan Nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev ölkənin son sosial-iqtisadi göstəriciləri, mallar və xidmətlər üzrə ikitərəfli danışıqlarla bağlı son vəziyyəti, ticarət rejiminin ÜTT qaydalarına uyğunlaşdırılması ilə bağlı aparılan işləri, üzv ölkələrə göndərilməsi üçün ÜTT Katibliyinə təqdim olunmuş son sənədlər (Qanunvericilik Fəaliyyət Planının icra vəziyyəti, SPS və TBT üzrə cədvəllər, mallar və xidmətlər üzrə ümumi təkliflər) haqqında məlumatı iclas iştirakçılarının diqqətinə çatdırmışdır. İclasda iştirak edən ölkələrin (Çin, Avropa İttifaqı, Hindistan, Yaponiya, Norveç, ABŞ, Pakistan, İsveçrə, Türkiyə, Kanada, C.Koreya, Braziliya, Qırğız Respublikası, Tacikistan və s.) nümayəndələri Azərbaycanın təşkilata üzvlüklə bağlı addımlarını və qısa zamanda üzvlüyünü dəstəkləmişlər. Görüş zamanı üzv ölkələrin nümayəndələri Azərbaycan üzrə hazırlanmış İşçi Qrup Hesabatının Layihəsini nəzərdən keçirmiş və ticarət siyasəti ilə bağlı olan aşağıdakı bəzi məsələləri müzakirə etmişlər: vergi azadolmaları, investisiya sahəsində güzəştlər, xarici şirkətlərin fəaliyyəti, özəlləşdirmə, sanitar və fitosanitar tədbirlər, ticarətdə texniki baryerlər, əqli mülkiyyət məsələləri, subsidiyalaşdırma, tranzit. Görüşün sonunda İşçi Qrupun rəhbəri cənab Valter Levalter müzakirələrin faydalı keçdiyini bildirmiş, növbəti addım olaraq üzv ölkələrin sual və şərhlərinin Azərbaycan tərəfinə ünvanlanacağı qeyd olunmuşdur.

AR Xarici İşlər Nazirinin Müavini cənab M.Məmməd-Quliyevin başçılıq etdiyi nümayəndə heyəti 30 iyun – 4 iyul 2014-cü il tarixində Cenevrə şəhərində olmuş, səfər çərçivəsində ÜTT-nin baş direktoru və onun müavini, o cümlədən UNCTAD-ın mütəxəssisi Ralf Peters ilə görüşlər keçirilmişdir.  Bununla yanaşı, Çin, Braziliya, Dominikan Respublikası, Kanada, Malayziya, Honduras, ABŞ, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı ilə ikitərəfli görüşlər keçirilmişdir.