Azərbaycan Respublikası və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 iyul 2010-cu il tarixində Bakı şəhərində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir. S.Paniçpakdi, UNCTAD-ın Azərbaycan Diplomatik Akademiyası ilə birlikdə Bakıda təşkil etdikləri Avropa və MDB üzrə növbəti XIX regional kursların keçirilməsinə yaradılan şəraitə görə Dövlətimizin Başçısına minnətdarlığını bildirmişdir. S.Paniçpakdi, təmsil etdiyi təşkilatın Azərbaycan Diplomatik Akademiyası ilə əməkdaşlığından məmnun olduğunu qeyd etmişdir. Regionun əhəmiyyətinin artdığı bir dövrdə Azərbaycanın bu regionda ən aparıcı ölkəyə çevrildiyini vurğulayan qonaq əldə olunan nailiyyətlərlə bağlı Dövlətimizin Başçısını təbrik etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakıda Avropa və MDB üzrə növbəti XIX regional kursların keçirilməsinin əhəmiyyətini qeyd etmişdir. Dövlət Başçısı bu tədbirdə maraqlı müzakirələrin aparılacağına və tədbirin səmərəli nəticələr verəcəyinə ümidvar olduğunu bildirmişdir. 

Nazir Elmar Məmmədyarov 20 iyul 2010-cu il tarixində S.Paniçpakdini qəbul etmişdir. UNCTAD ilə Azərbaycan Diplomatik Akademiyası tərəfindən Bakıda keçirilən Avropa və MDB üzrə növbəti XIX regional kurslarının açılışında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan S.Paniçpakdi, ölkəmizin dinamik inkişafının şahidi olduğunu və xüsusilə qeyr-neft sektorunda böyük irəliləyişin nəzərə çarpdığını bildirmişdir. Nazir Elmar Məmmədyarov ölkəmizdə bu sahədə mühüm işlərin görüldüyünü qeyd etmişdir. Görüş əsnasında Nazir qonağa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıq prosesi barədə məlumat vermiş və bu münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağı mümkünlüyünü vurğulamışdır. Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır. 

2008-2013-cü illərdə, Azərbaycan, UNCTAD-ın Etimad Fondunda maliyyə töhfəsi etmişdir.

Bu xüsusda, UNCTAD-ın baş katibi tərəfindən Daimi Nümayəndəliyimizə məktub ünvanlanaraq, UNCTAD çərçivəsində təşkil olunan mütəxəssis iclaslarında inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrin nümayəndələrinin iştirakını maliyyələşdirmək üçün ölkəmiz tərəfindən müvafiq Etimad Fonduna töhfə edilmiş vəsait yüksək qiymətləndirilmiş və bu məqamın növbəti dövr üçün də davam etdirilməsi imkanının müsbət nəzərdən keçirilməsi xahiş edilmişdir.

UNCTAD-ın Beynəlxalq Ticarət və Əmtəələr Bölməsinin dəstəyi ilə Azərbaycan Respublikasının ÜTT-yə üzv olma üzrə danışıqlar qrupunun üzvləri dəfələrlə Cenevrə şəhərində səfərdə olmuş və ÜTT-yə üzvlük ilə bağlı maraq doğuran məsələlər UNCTAD Katibliyinin müvafiq mütəxəssisləri ilə məsləhətləşmələr keçirilmişdir.