2017-03-23
BMT-də Novruz Bayramına həsr olunmuş təntənəli mərasim keçirilib

Ölkəmizin təşəbbüsü ilə irəli sürülmüş və BMT Baş Assambleyasının (BA) müvafiq qətnaməsi ilə elan edilmiş 21 mart - Beynəlxalq Novruz Günü Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan, İran, İraq, Əfqanıstan, Pakistan və Hindistanın BMT yanında daimi nümayəndəliklərinin təşkilatçılığı ilə qurumun mənzil qərargahında təntənəli şəkildə qeyd edilib.

Mərasimdə Nyu-Yorkun diplomatik icmasının nümayəndələri və Novruz bayramını qeyd edən ölkələrin diaspora üzvləri iştirak ediblər.

Tədbirdə Baş Assambleyanın prezidenti Piter Tomson, BMT baş katibi Antonio Quterreş və UNESCO-nun Nyu-York ofisinin direktoru Mari Rudil çıxış ediblər.

Baş katib BMT-nin bu mərasimin tərkib hissəsi olmasından məmnunluğunu ifadə edərək müxtəlifliyin zənginliyini xatırladan Novruzun sülh, dostluq, insan hüquqları ilə bağlı öhdəliklərin yenilənməsi imkanı olduğunu bildirib.

Daha sonra yuxarıda qeyd edilən ölkələrin daimi nümayəndələri tərəfindən çıxışlar edilib və Novruz bayramının qeyd edilməsi ilə bağlı qısa videoçarxlar nümayiş olunub.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev qədim Novruzun mesaj və ideyalarının sülh, barışıq, dostluq, mədəni müxtəlifliyə hörmət, tolerantlıq kimi bu gün universal olaraq qəbul edilmiş dəyərlərlə üst-üstə düşdüyünü, bayramın həm də təbiət ilə harmoniyanı, əkinçiliyi, yoxsulluğun azaldılmasını təşviq etməklə Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun gəldiyini xüsusi vurğulayıb.

© AZERTAC

növbəti xəbər əvvəlki xəbər