2017-04-07
İlham Əliyevin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə həsr olunan mərasimində nitqi

Hörmətli xanımlar və cənablar. 

Gələn ay Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını qəbul edəcək. Bu Oyunların Azərbaycanda keçirilməsi ölkəmizin həyatında çox əlamətdar hadisədir. İlk növbədə, İslam Həmrəyliyi İdman Federasiyasına və onun prezidenti cənab Abdullah bin Mosaad bin Əbdüləzizə və Federasiyanın bütün üzvlərinə IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qəbul edilmiş qərara görə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Biz cənab prezident, Sizin və rəhbərlik etdiyiniz Federasiyanın dəstəyini həmişə hiss etmişik və şadam ki, Siz bizimlə bərabər bugünkü mərasimdə iştirak edirsiniz. IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim üçün böyük şərəfdir. Biz bunu İslam ölkələrinin Azərbaycana olan hörmətinin və inamının təzahürü kimi qəbul edirik. Eyni zamanda, bu, bizim üçün böyük məsuliyyətdir və demək olar ki, bütün hazırlıq işləri başa çatıb. Biz Oyunları qəbul etmək üçün tam hazırıq.

Fürsətdən istifadə edərək, IV İslam Həmrəyliyi Oyunlarının hazırlanmasında xüsusi rol oynayan Təşkilat Komitəsinə, onun bütün üzvlərinə və Komitənin sədri Mehriban Əliyevaya da təşəkkürümü bildirmək istəyirəm.

Bir aydan bir qədər sonra 57 ölkəni təmsil edən 3 mindən çox idmançı Azərbaycanda yarışacaq. Biz bütün qonaqları qəbul etməyə hazırıq, onları səbirsizliklə gözləyirik. Qeyd etdiyim kimi, bu Oyunlarda 57 ölkənin idmançıları iştirak edəcəklər və bu, Oyunların tarixində bir rekorddur. Biz buna çox sevinirik. Eyni zamanda, minlərlə rəsmi nümayəndə, qonaq ölkəmizə gələcək. Əminəm ki, qonaqların ölkəmizlə, onun reallıqları ilə, bizim qədim tariximizlə tanış olmaq üçün imkanları olacaqdır.

Azərbaycan qədim tarixə, mədəniyyətə malik olan bir dövlətdir. Bizim mədəniyyətimiz, tariximiz qürur mənbəyimizdir, milli sərvətimizdir. Qədim tariximizi əks etdirən tarixi-dini abidələrimiz sübut edir ki, Azərbaycan xalqı qədim xalqdır və ta qədim dövrlərdən bu diyarda yaşayıb, qurub-yaradıb. Azərbaycan qədim müsəlman diyarıdır. Biz fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi 743-cü ildə tikilmişdir. Bu məscid bir neçə il bundan əvvəl əsaslı bərpa edilmiş və qapılarını Azərbaycan xalqının üzünə açmışdır. Əminəm ki, qonaqlar Bakının və digər bölgələrimizin tarixi yerləri ilə tanış olacaqlar.

Oyunların keçirilməsində könüllülərin rolu xüsusi əhəmiyyət daşıyır. Şadam ki, bu Oyunların keçirilməsində 8 mindən çox könüllü iştirak edəcək. Onlarsız bu Oyunları keçirmək qeyri-mümkündür.

Qədim tarixə malik olan Azərbaycan cəmi 25 ildir ki, müstəqil dövlət kimi yaşayır. Keçən il biz müstəqilliyimizin bərpa olunmasının 25 illiyini qeyd etmişik. Bu illər inkişaf, quruculuq illəri olmuşdur. Hesab edirəm ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malikdir. Biz bir neçə il bundan əvvəl dünyanın 155 ölkəsinin dəstəyi və səsi ilə dünyanın ən ali beynəlxalq orqanı olan BMT Təhlükəsizlik Şurasına üzv olmuşuq. Bu, beynəlxalq aləmdə bizə olan münasibətin, hörmətin təzahürüdür.

Azərbaycanda bütün sosial məsələlər öz həllini tapır. İşsizlik beş faiz səviyyəsindədir. Son 13 il ərzində iqtisadiyyatımız üç dəfə artmışdır. Savadlılıq 100 faiz səviyyəsindədir. Bütün bunlar bu gün ölkəmizin sürətli inkişafını əks etdirir. Bizim şəhərlərimiz gözəlləşir, abadlaşır. Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir. Biz İslam həmrəyliyi üçün çox böyük işlər görürük. Ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatının xətti ilə bir çox mötəbər tədbirlər həyata keçirilmişdir. Biz İslam mədəniyyətini dünyada təbliğ etmək üçün çoxsaylı tədbirlər, təqdimatlar, sərgilər keçiririk. Biz istəyirik ki, bütün dünya bilsin və görsün ki, İslam sülh dinidir, mərhəmət dinidir. Bizim qədim mədəniyyətimiz var və biz mədəniyyətimizlə fəxr edirik.

Bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdür. Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər. Əminəm ki, gələn ay keçiriləcək Oyunlar həm böyük idman bayramı olacaq, həm də bizim dostluğumuzu əks etdirəcək. Bütün müsəlman ölkələri 10 gün ərzində Bakıda öz təmsilçiləri vasitəsilə bir-biri ilə sıx əlaqələr quracaq, bir-birinin əlini sıxacaqlar. Biz Bakıdan bütün dünyaya nümayiş etdirəcəyik ki, İslam aləmi birdir və bizim birliyimiz bizim gücümüzü artırır.

Azərbaycan idman sahəsində də böyük uğurlar əldə edib. Bizim müasir idman infrastrukturumuz istənilən beynəlxalq mötəbər yarışı keçirməyə imkan yaradır. Bakıda ən müasir idman qurğuları istifadəyə verilib. Eyni zamanda, bizim digər şəhərlərdə 40-dan çox müasir Olimpiya İdman kompleksi fəaliyyət göstərir və bu, özlüyündə idmana olan marağı artırır. Gənc nəsil, uşaqlar, yeniyetmələr idman bölmələrinə gedirlər və idmanla məşğul olurlar. Biz görkəmli idmançılarımızla fəxr edirik. Bizim artıq bir çox Olimpiya çempionumuz var. Azərbaycan mötəbər beynəlxalq idman yarışlarında daim yüksək nəticələr göstərir. İki il əvvəl Bakıda keçirilmiş birinci Avropa Oyunlarında Azərbaycan idmançıları 56 medal qazanmışlar və komanda hesabında ikinci yerə layiq görülmüşlər. Təsəvvür edin, bütün Avropa ölkələrinin iştirakı ilə keçirilmiş Oyunlarda Azərbaycan komandası ikinci yerə layiq görülmüşdür. Keçən il Rio Olimpiya Oyunlarının nəticələri göstərdi ki, bu qələbə təsadüfi deyildir. Rio Olimpiya Oyunlarında Azərbaycan 18 medal qazanmışdır və medalların sayına görə biz dünya miqyasında 14-cü yerdəyik. Baxın, cəmi 25 il müstəqil ölkə kimi yaşayan Azərbaycan medalların sayına görə iki yüz ölkə arasında 14-cü yerə layiq görülmüşdür. Avropa ölkələri arasında isə biz yeddinci yerə layiq görüldük. Rio Olimpiya Oyunlarında Azərbaycan müsəlman ölkələri arasında birinci yerdə idi. Bu, bizi sevindirir və ruhlandırır. Bu, gənc, müstəqil Azərbaycan dövlətinin gücünü, idmançılarımızın vətənpərvərliyini göstərir. Hər dəfə bayrağımız beynəlxalq yarışlarda qaldırılanda hər bir vətənpərvər Azərbaycan vətəndaşı haqlı olaraq qürur hissi keçirir.

Əziz dostlar, İslam Həmrəyliyi Oyunlarının rəmzi sudur. Su həyat deməkdir. Təbiət və insan susuz yaşaya bilməz. Azərbaycan füsunkar təbiətə malik bir ölkədir. Gözəl göllərimiz, çaylarımız, bulaqlarımız, şəlalələrimiz, gözəl Xəzər dənizimiz bizim təbii sərvətimizdir. Bu gün Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə böyük səyahət başlayır. Su, əslində bir rəmzdir və Oyunların rəmzi məhz sudur. Hesab edirəm ki, bu seçim yüksək qiymətə layiq olmalıdır. Qoy, bizim yolumuz su kimi aydın, niyyətimiz su kimi təmiz olsun.

© President.az

növbəti xəbər əvvəlki xəbər