2019-05-02
İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsini qəbul edib

020519

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.

Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinosa V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına və ölkəmiz haqqında söylədiyi xoş sözlərə görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə yaxından əməkdaşlıq etdiyini vurğuladı.

2007-ci ildə ATƏT-in fəaliyyətdəki sədri olarkən Azərbaycan Prezidenti İlham Əliyevlə ilk görüşdən danışan qonaq həmin söhbət zamanı Azərbaycanın dövlət başçısının söylədiyi fikirləri bu gün də xatırladığını dedi. Forumun təşkilinə görə minnətdarlığını bildirən Migel Anxel Moratinos Bakının dünyada dialoq mərkəzi kimi tanındığını, “Bakı Prosesi”nin önəmli bir platformaya çevrildiyini və zamanında irəli sürülmüş təşəbbüs olduğunu vurğuladı. Bildirdi ki, bu prosesin coğrafiyasının genişləndirilməsi və Azərbaycanın multikulturalizm ənənələrinin təşviqi böyük əhəmiyyət daşıyır.

Söhbət zamanı Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansına verdiyi dəstək yüksək qiymətləndirildi.

© President.az

növbəti xəbər əvvəlki xəbər