Azərbaycan Respublikası və Beynəlxalq Əmək Təşkilatı

  Azərbaycan Respublikasının əmək məsələləri sahəsində əməkdaşlıq etdiyi əsas beynəlxalq təşkilat Beynəlxalq Əmək Təşkilatıdır (BƏT).

BƏT I Dünya Müharibəsinin sonunda imzalanmış Versal Sülh Müqaviləsinin bir hissəsi olaraq 1919-cu ildə yaradılmışdır. BƏT-in yaradılmasının əsas məqsədi “universal və davamlı sülhə yalnız sosial ədalətin bərqərar olunması ilə nail olmaq mümkündür” inamını əks etdirmək olmuşdur. BƏT-in Konstitusiyası 1919-cu il yanvar-aprel tarixləri arasında əvvəl Parisdə, daha sonra isə Versalda görüşmüş Sülh Konfransı tərəfindən təsis edilmiş Əmək Komissiyası tərəfindən hazırlanmışdır. 1946-cı ildən isə BƏT yeni yaradılmış BMT-nin ixtisaslaşmış təşkilatı olmuşdur. 185 üzv-dövlətə malik olan BƏT-in hazırkı Baş direktoru 1 oktyabr 2012-ci il tarixindən etibarən Böyük Britaniyalı Q.Rayderdir.

BƏT beynəlxalq əmək standartlarının hazırlanmasına və onlara nəzarət edilməsinə məsul olan beynəlxalq təşkilatdır. BƏT BMT sistemində hökumət nümayəndələri, işəgötürənlər və işçiləri bir araya gətirən yeganə “üçtərəfli” təşkilatdır. Bununla da, BƏT “Hamıya layiqli əməyi” təşviq edən siyasət və proqramlar hazırlayır. Bu özünəməxsus mexanizm BƏT-ə əmək və işlə bağlı “real dünya” məlumatlarını özündə ehtiva etməyə imkan yaradır.

BƏT öz fəaliyyətini hökumət, işəgötürən və işçilərin nümayəndələrindən ibarət olan üç əsas orqanı (Beynəlxalq Əmək Konfransı, Rəhbər orqan və Ofis (Katiblik funksiyalarını yerinə yetirir) ) vasitəsilə həyata keçirir. Eyni zamanda, BƏT-in Afrika, Latın Amerikası və Karib, Ərəb dövlətləri, Asiya və Sakit okean regionu və Avropa və Mərkəzi Asiya regionlarında regional ofisləri mövcuddur.

Azərbaycan Respublikası 1992-ci ilin may ayından etibarən BƏT-in tam hüquqlu üzvüdür.

Ötən dövr ərzində Azərbaycan Respublikası ilə BƏT arasında əmək, əmək münasibətləri, məşğulluq, əməyin təhlükəsizliyi və mühafizəsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində əməkdaşlığın daima genişlənməsi amili ilə müşahidə olunan fəal əlaqələr yaradılmışdır. Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndə heyətləri il ərzində BƏT çərçivəsində keçirilən iclaslarda, habelə əmək, məşğulluq, əməyin mühafizəsi, təhlükəsizliyi və əhalinin sosial müdafiəsi sahələrinə aid mövzulara dair müxtəlif ölkələrdə keçirilən iclas, seminar, təlim, konfrans və digər tədbirlərdə iştirak edirlər. Eyni zamanda, BƏT nümayəndələrinin müxtəlif illərdə Azərbaycan Respublikasına rəsmi səfərləri olmuşdur.

Azərbaycan Respublikasının BƏT-lə səmərəli əməkdaşlığının nəticəsi olaraq 2002-ci ildə Azərbaycanda BƏT-in yerli nümayəndəliyi açılmışdır. Ötən müddət ərzində Azərbaycan BƏT-in 50-dən çox Konvensiyasına tərəf olmuş, nəticə etibarı ilə milli əmək qanunvericiliyi ən mütərəqqi beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Bu sahə üzrə qanunvericilik mütəmadi olaraq təkmilləşdirilməkdədir. BƏT-in Konvensiyalarının ölkəmizdə tətbiqinə dair hazırlanan Hökumət hesabatları müntəzəm olaraq BƏT-in Cenevrə şəhərində yerləşən mənzil-qərargahına təqdim olunur.  Azərbaycan Respublikasının BƏT-lə mövcud səmərəli əməkdaşlığı əmək, məşğulluq, əmək miqrasiyası, sosial müdafiə, əlillərin reabilitasiyası və digər sahələrdə birgə layihələrin həyata keçirilməsinə, ölkəmizdə həmin sahələrin inkişafına öz töhfəsini verir.

Azərbaycan Respublikasının BƏT-lə olan sıx əməkdaşlığının nəticəsi olaraq Azərbaycan Respublikasında bu sahə üzrə bir sıra beynəlxalq səviyyəli tədbirlər keçirilmişdir. Azərbaycan Respublikasının Əmək Müfəttişliklərinin Regional Alyansına sədrliyi ilə əlaqədar olaraq, 18-19 noyabr 2010-cu il tarixində Bakı şəhərində Əmək Müfəttişliklərinin Regional Alyansının üçüncü konfransı keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmək Müfəttişlikləri Beynəlxalq Assosiasiyası, BƏT və Dünya Bankının dəstəyi ilə təşkil olunmuşdur. İki gün davam edən konfransda təhlükəsiz və sağlam iş şəraitinin yaradılması, işçilərin əmək hüquqlarının qorunması, qanunvericilik və beynəlxalq standartların vahid qaydada icrası və sosial tərəfdaşların fəallığının artırılması məsələləri müzakirə olunmuşdur.

26 aprel 2011-ci il tarixində BƏT və Dünya Bankının “Sosial Müdafiənin İnkişafı Layihəsi”nin dəstəyi ilə “Əməyin Təhlükəsizliyi və Sağlamlığının idarə edilməsi sistemi: fasiləsiz təkmilləşdirmə yolları” mövzusunda “Ümumdünya Əməyin Mühafizəsi Günü”nə həsr olunmuş Beynəlxalq Konfrans keçirilmişdir. Konfransda Dövlət Əmək Müfəttişliyi Xidmətinin yaradılması, Azərbaycanda əməyin təftişi işinin təkmilləşdirilməsi istiqamətində Dünya Bankının layihəsinin müvafiq komponentləri üzrə Avropa İttifaqına üzv-dövlətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsi, əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində fəaliyyətinin gücləndirilməsi məqsədi daşıyan Tvininq layihəsinin başlaması ilə bağlı təqdimatlar nümayiş etdirilmişdir.

30 may - 14 iyun 2012-ci il tarixində Cenevrə şəhərində Beynəlxalq Əmək Konfransının 101-ci sessiyası keçirilmişdir. Azərbaycan Respublikası sözügedən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin başçılıq etdiyi və ölkəmizin Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, Həmkarlar İttifaqları Konfederasiyasının sədri və digər dövlət rəsmilərimizdən ibarət üçtərəfli nümayəndə heyəti iştirak etmişdir. Konfrans ərəfəsində, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri BƏT-in yeni seçilmiş Baş direktoru Q.Rayder və İş Yerində Fundamental Prinsiplər və Hüquqlar üzrə Bəyanatın Təşviqi Proqramının direktoru K.Fənnizadə ilə görüşlər keçirmişdir.

5-20 iyun 2013-cü il tarixində Cenevrə şəhərində keçirilmiş Beynəlxalq Əmək Konfransının növbəti sessiyasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin başçılıq etdiyi və ölkəmizin Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, Həmkarlar İttifaqları Konfederasiyasının sədri və digər dövlət rəsmilərimizdən ibarət üçtərəfli nümayəndə heyəti iştirak etmişdir. Konfrans zamanı Nazir əmək və əhalinin sosial müdafiəsi sahəsində Azərbaycan Respublikasında görülmüş işlər barədə ətraflı çıxış etmişdir.

Eyni zamanda, 2013-cü il ərzində BƏT çərçivəsində aşağıdakı mühüm tədbirlər təşkil edilmiş və müvafiq tədbirlərdə Azərbaycan nümayəndə heyətlərinin iştirakları təmin edilmişdir: 8-11 aprel 2013-cü il tarixində Oslo şəhərində keçirilmiş 9-cu Avropa Regional Görüşü, 15-17 may 2013-cü il tarixində BƏT-in 188 saylı Balıqçılıq Fəaliyyəti Konvensiyasının təşviq edilməsi məqsədilə keçirilmiş Qlobal Dialoq Forumu, 17-21 iyun 2013-cü il tarixində Turin şəhərində keçirilmiş Dəniz Əməyi Konvensiyasının milli hüquqi implementasiyası üzrə seminar, 2-11 oktyabr 2013-cü il tarixli Əmək Statistikası Mütəxəssislərinin 19-cu beynəlxalq konfransı, 8-10 oktyabr 2013-cü il tarixində Braziliyada keçirilmiş Uşaq Əməyi üzrə III Qlobal Konfrans, 12-15 noyabr 2013-cü il tarixli Erkən uşaq təhsili heyəti üçün layiqli əməyin təşviqinə dair siyasi rəhbər müddəalar üzrə mütəxəssislər görüşü və 26-28 noyabr 2013-cü il tarixli “Kimya sənayesində layiqli əməyin təşviqi üzrə təşəbbüslərə dair Qlobal Dialoq Forumu”.

28 may-12 iyun 2014-cü il tarixində Cenevrə şəhərində keçirilmiş Beynəlxalq Əmək Konfransının 103-cü sessiyasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin başçılıq etdiyi və ölkəmizin Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, Həmkarlar İttifaqları Konfederasiyasının sədri və digər dövlət rəsmilərimizdən ibarət üçtərəfli nümayəndə heyəti iştirak etmişdir. Konfrans zamanı Nazir əmək və əhalinin sosial müdafiəsi sahəsində Azərbaycan Respublikasında görülmüş işlər barədə ətraflı çıxış etmişdir.