Azərbaycan Respublikası və Beynəlxalq Telekommunikasiya İttifaqı
Azərbaycan Respublikasının beynəlxalq telekommunikasiya sahəsində əməkdaşlıq etdiyi əsas beynəlxalq təşkilat BMT-nin İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqıdır (BTİ).
17 may 1865-ci il tarixində Beynəlxalq Teleqraf İttifaqı adı ilə təsis olunmuş BTİ-nin əsas vəzifəsi harada yaşamasından asılı olmayaraq bütün dünya üzrə insanlar arasında rabitə əlaqələrin yaradılmasına nail olmaqdır. BTİ öz fəaliyyəti ilə hər bir şəxsin rabitə əlaqəsi yaratmaq hüququnu müdafiə edir və dəstəkləyir. BTİ BMT-nin ixtisaslaşmış agentlikləri sistemində özünəməxsus xüsusiyyətə malikdir, belə ki, BTİ-nin həm ictimai, həm də özəl sektordan olan üzvləri mövcuddur. BTİ-yə 193 üzv-dövlətlə yanaşı, akademik institutlar, tənzimləyicilər və təxminən 700 özəl şirkət üzvdür. BTİ-nin Baş qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. BTİ dünya üzrə 12 regional və sahə ofislərinə malikdir.
Hökumətlər (üzv-dövlətlər) və özəl sektor (sektor üzvləri, assosiasiyalar və akademiyalar) arasında beynəlxalq əməkdaşlıq prinsipi əsasında yaradılan BTİ İKT sahəsinin geniş əhatəli məsələlərinin müzakirə edildiyi və konsensus əsasında həll edildiyi qlobal forumdur.
Azərbaycan Respublikası 10 aprel 1992-ci il tarixində BTİ-yə üzv qəbul olunmuşdur. Azərbaycan Respublikasının BTİ ilə sıx əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan Respublikasının müvafiq nümayəndə heyətləri il ərzində BTİ çərçivəsində keçirilən iclaslarda iştirak edir. Eyni zamanda, BTİ nümayəndələrinin müxtəlif illərdə Azərbaycan Respublikasına rəsmi səfərləri olmuşdur.
5-9 oktyabr 2009-cu il tarixində Cenevrə şəhərində keçirilmiş “ITU Telecom World” sərgi və forumunda Azərbaycan Respublikasının müvafiq dövlət qurumları və İKT şirkətlərindən ibarət geniş nümayəndə heyəti iştirak etmiş və ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr, xidmətlər, o cümlədən problemlərin həlli yolları barədə məlumatlar Azərbaycan pavilyonunda nümayiş etdirilmişdir.
16-20 may 2011-ci il tarixində keçirilmiş İnformasiya Cəmiyyətləri üzrə Ümumdünya Sammitinin illik forumunda Azərbaycan tərəfi Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə iştirak etmişdir. Tədbirdə dünyanın 140 ölkəsini təmsil edən rabitə və informasiya texnologiyaları nazirləri, nazir müavinləri, səfirlər və dünyanın tanınmış telekommunikasiya şirkətlərinin rəhbərləri də daxil olmaqla, 1150 nəfər iştirak etmiş, 6 paralel istiqamətdə, 12 müxtəlif mövzuda 100-dən artıq fərdi sessiya, o cümlədən 5 yüksək-səviyyəli seqment və dialoq toplantısı, 17 interaktiv iclas, 25 tematik seminar, 6 ölkə təqdimatı, sərgi, açıq məsləhətləşmələr, biliklərin mübadiləsi toplantıları və digər tədbirlər təşkil olunmuşdur. Forumun yüksək seqmenti çərçivəsində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini panelçi qismində çıxış etmiş, ölkəmizdə rabitə və informasiya texnologiyaları sahəsində görülmüş işlər və həyata keçirilməkdə olan layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Tədbir çərçivəsində geniş zolaqlı komissiya çərçivəsində təşkil olunan sessiyada Daimi Nümayəndəlik tərəfindən Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi üzrə həyata keçirilmiş fəaliyyətlər barədə məlumat verilmişdir.
24-27 oktyabr 2011-ci il tarixində “ITU Telecom World 2011” ümumdünya telekommunikasiya sərgi-konfransı keçirilmiş, tədbirdə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Naziri Ə.Abbasovun rəhbərliyi ilə Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsi üzrə fəaliyyət göstərən şirkətlər, həmçinin bir sıra dövlət qurumlarımızın bu sahə üzrə mütəxəssisləri də daxil olmaqla, ümumilikdə 65 nəfərdən ibarət nümayəndə heyəti iştirak etmişdir. “ITU Telecom 2011” çərçivəsində, həmçinin, qlobal telekommunikasiya və informasiya texnologiyalarına həsr edilən sərgi keçirilmişdir. Azərbaycan sərgidə ayrıca milli pavilyonla təmsil olunmuşdur. Azərbaycan tərəfi “ITU Telecom World 2011” tədbirinin media sponsoru qismində çıxış etmiş və bununla bağlı Azərbaycan nümayəndə heyəti tərəfindən mətbuat konfransı təşkil edilmişdir.
24 oktyabr 2011-ci il tarixində BTİ-nin Genişzolaqlı İnkişafa dair Komissiyasının 4-cü toplantısı və Genişzolaqlı çıxış üzrə liderlərin zirvə toplantısı keçirilmişdir. Tədbir çərçivəsində panel sessiyasında Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Naziri genişzolaqlı inkişafa dair qlobal komissiyanın komissarı olaraq, əsas məruzəçi qismində çıxış edərək ölkəmizdə İKT sektorunda aparılan islahatlar, regional əhəmiyyətli layihələr, xüsusilə də TASİM (Trans-Avrasiya super informasiya magistralı) layihəsi, ilk süni telekommunikasiya peykinin orbitə çıxarılması və digər regional və qlobal əhəmiyyətli layihələr haqqında ətraflı məlumat vermişdir.
BTİ ilə əməkdaşlığımızın yüksək səviyyəsinin göstəricilərindən biri kimi BTİ-nin Baş katibi cənab H.Turenin təşkilata rəhbərliyi dövrü ərzində bir neçə dəfə Azərbaycan Respublikasına rəsmi səfər etməsi qeyd edilməlidir. Bu səfərlər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev H.Tureni qəbul edərək onunla ölkəmizdə İKT sahəsinin mövcud vəziyyəti, inkişaf istiqamətləri və beynəlxalq əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi apararaq dövlətimizin BTİ ilə əlaqələrinin yüksək səviyyədə qurulmasında maraqlı olduğunu nümayiş etdirmişdir.
22-26 noyabr 2011-ci ilin tarixində BTİ-nin Baş katibi H.Ture “BakuTel” beynəlxalq telekommunikasiya sərgi-konfransında iştirak etmək məqsədilə Azərbaycana səfər etmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rabitə və İnformasiya Texnologiyaları Naziri Ə.Abbasovla görüşmüş, ölkəmizlə BTİ arasındakı münasibətlər barədə ətraflı fikir mübadiləsi aparmışdır.
BTİ ilə əməkdaşlığın yüksək səviyyəsinin nəticəsi olaraq BTİ-nin Baş katibi H.Turenin 4-7 noyabr 2012-ci il tarixində Azərbaycan Respublikasına növbəti rəsmi səfəri olmuşdur. Səfər çərçivəsində H.Ture Bakıda təşkil olunan Rabitə Regional Birliyi Şurasının 47-ci sessiyası və MDB Üzv-Dövlətlərinin Məlumatlandırma üzrə Əlaqələndirmə Şurasının 18-ci birgə sessiyası, həmçinin 18-ci Azərbaycan Beynəlxalq BakuTel-2012 Sərgisi və İnternet İdarəçilik Forumunda iştirak etmişdir. Səfər çərçivəsində noyabrın 6–da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BTİ-nin Baş katibi H.Tureni qəbul etmişdir. H.Ture 2003–cü ildən başlayaraq Azərbaycana səfərlər etdiyini və hər gəlişi zamanı ölkəmizdə böyük inkişafın şahidi olduğunu vurğulamışdır. Prezident İlham Əliyevin BTİ-nin Cenevrə sammitində iştirakını və o vaxtlar dövlət başçısının “qara qızılı insan kapitalına çevirəcəyəm” sözlərini xatırlayan H.Ture həmin fikirlərin bu gün artıq reallığa çevrildiyini qeyd etmişdir. Eyni zamanda, H.Ture VII İnternet İdarəçilik Forumunun yüksək səviyyədə təşkil olunduğunu bildirmişdir. H.Ture ölkəmizlə rəhbərlik etdiyi təşkilat arasında əməkdaşlığı daha da genişləndirməyin önəmini vurğulamışdır. Dövlətimizin başçısı son 9 ildə Azərbaycanın qeyri-neft sektorunda, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində böyük uğurlar əldə etdiyini vurğulamışdır. VII İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev bunu Beynəlxalq Telekommunikasiya İttifaqının bu sahədə ölkəmizdə görülən işlərə verdiyi qiymətin göstəricisi kimi dəyərləndirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 yanvar 2013-cü il tarixli Sərəncamına əsasən 2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edildiyini nəzərə alaraq, BTİ ilə əməkdaşlıq 2013-cü il ərzində Daimi Nümayəndəlik tərəfindən prioritet istiqamətlərdən biri olaraq müəyyən edilmişdir.
BTİ ilə əməkdaşlığın yüksək səviyyəsinin nəticəsi olaraq, BTİ-nin Baş katibi H.Turenin 1-3 dekabr 2013-cü il tarixində Azərbaycana növbəti rəsmi səfəri olmuşdur. Səfər çərçivəsində H.Ture Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə birlikdə “BakuTel-2013” XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olmuşdur. Eyni zamanda, BTİ-nin Baş katibi H.Ture tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məktub ünvanlanaraq “BTİ Telekom-2013” tədbirinə Azərbaycan tərəfindən verilmiş töhfələrə görə Ölkə Başçımıza böyük minnətdarlıq ifadə edilmişdir.
13-17 may 2013-cü il tarixində Cenevrə şəhərində İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti Forumu keçirilmişdir. Sammit çərçivəsində Azərbaycan tərəfinin təşkilatçılığı ilə “TASİM/EuraCA: Avrasiya regionunda rabitə bağlantısının yaxşılaşdırılması üçün yeni platformalar” mövzusunda tematik seminar keçirilmişdir. Seminarda Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin müavini E.Vəlizadə çıxış edərək BTİ-nin Baş katibi H.Ture, eləcə də digər iştirakçıları Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi haqqında məlumatlandırmışdır.
11-21 iyun 2013-cü il tarixində və 6-15 may 2014-cü il tarixində Cenevrə şəhərində BTİ Şurasının növbəti sessiyası, 1-26 iyul 2013-cü il tarixində isə BMT-nin İqtisadi və Sosial Şurasının substantiv sessiyası çərçivəsində yüksək səviyyəli seqmentdə “Davamlı inkişafın təşviqi və Minilliyin İnkişaf Məqsədlərinə nail olunması üçün elm, texnologiya və innovasiya, mədəniyyət potensialı” mövzusu üzrə illik Nazirlər icmalı keçirilmişdir. Bundan əlavə, 10-13 iyun 2014-cü il tarixində Cenevrədə “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti+10 Yüksək Səviyyəli Tədbiri” keçirilmişdir. Sözügedən tədbir çərçivəsində İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin nəticələri (2003 and 2005) nəzərdən keçirilmiş və 2 mühüm sənəd - “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin nəticələrinin implementasiyası barədə Bəyanat” və “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti+10-un 2015-ci ildən sonraya baxışı” təsdiqlənmişdir.
Telekommunikasiya sahəsi üzrə Azərbaycan Respublikasının tarixi ərzində ən mühüm hadisə 2013-cü il ərzində baş vermişdir. Belə ki, Azərbaycanın ilk peyki olan “Azerspace-1” telekommunikasiya peyki 7 fevral 2013-cü il tarixində Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan ada) yerləşən Kuru kosmodromundan, Qviana Kosmik Mərkəzindən yerli vaxtla saat 18.36-da (Bakı vaxtı ilə 8 fevral 2013-cü il saat 01.36) orbitə buraxılmışdır. Faydalı yük üzrə 36 aktiv transponderlə təchiz olunan və təqribən 3,2 ton çəkisi olan “Azerspace-1” peyki 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edəcəkdir. Orbitdə istismar müddəti ən az 15 il təşkil edəcək “Azerspace-1” peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulmuşdur.
“Azerspace-1” peykinin vəd etdiyi üstünlüklər:
Ümumi üstünlüklər:
· İqtisadiyyatın şaxələndirilməsi və yeni sənaye sahələrinin inkişafı;
· İnformasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi;
· Yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata keçirilməsi;
· Nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması;
· Azərbaycanın regional və beynəlxalq nüfuzunun genişləndirilməsi;
· Azərbaycanın İKT üzrə regional mərkəzə çevrilməsi;
· Ölkə iqtisadiyyatının telekommunikasiya xidmətlərinə olan ehtiyacının ödənilməsinin təmin edilməsi və telekommunikasiya infrastrukturun inkişaf etdirilməsi;
· Teleradio yayım və rabitə xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə platformaları;
· Ölkənin ən ucqar yaşayış məntəqələrində belə internetə qoşulmanın, elektron hökumət, təhsil, səhiyyə və digər xidmətlərin həyata keçirilməsininin təmin edilməsi;
· Ölkənin mümkün informasiya blokadası riskindən qorunması və Azərbaycanın informasiya mövqelərinin möhkəmlənməsi;
· Telekommunikasiya peyki xidmətlərinə görə xarici ölkələrə ödənilən maliyyə axınının Azərbaycan iqtisadiyyatına yönəldilməsi və peyk tutumlarının xaricə satılması.
Spesifik üstünlüklər:
· Peyk rabitəsinin əhəmiyyəti. (Alternativlik rabitə üçün vacib məqamdır və ölkəmizdə hazırkı rabitə infrastrukturuna yeganə alternativ olaraq peyk rabitəsinin əhəmiyyəti böyükdür. Azərbaycan kimi dağlıq ərazilərdə yerləşən ölkələrdə yüksək keyfiyyətli və nisbətən daha ucuz başa gələn rabitə əlaqəsinin təmin edilməsi üçün peyk rabitəsinin əhəmiyyəti böyükdür);
· Peykin istismara verilməsi bütün ölkə ərazisinin keyfiyyətli və sürətli internet xidmətləri ilə təmin edilməsinə əlavə təkan verəcəkdir;
· Peykin istismara verilməsi nəticəsində xərclərin azalması ilə əlaqədar rabitə xidməti tariflərinin mümkün azalması müşahidə olunacaqdır;
· Peyk ölkə ərazisində rəqəmli televiziya yayımının daha yüksək keyfiyyətlə təşkilini mümkün edəcək, yüksək keyfiyyətli televiziya (HD) yayımının təşkilinə dəstək olacaqdır;
· Peyk ən ucqar məntəqələri belə əhatə etməklə, dövlət ilə vətəndaşlar arasında maneəsiz qarşılıqlı əlaqəni təmin edən müasir rabitə və idarəetmə sisteminin yaradılması və “Elektron hökumət”in daha üstün keyfiyyətlə təşkili üçün vacib infrastruktur olacaqdır;
· Peyk rabitəsi ölkəmizdə məsafədən (distant) təhsil və e-səhiyyə xidmətlərinin təşkilinə əlavə dəstək verəcəkdir;
· Peyk mürəkkəb geoloji və coğrafi mövqeyə malik ölkə ərazisində təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına və fövqəladə hadisələrin daha səmərəli idarə edilməsinə töhfə verəcəkdir.
Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsinin inkişaf səviyyəsini əks etdirən bəzi mühüm göstəricilər aşağıdakılardır:
· BTİ-nin 11 oktyabr 2012-ci il tarixində dərc olunmuş “İnformasiya cəmiyyətinin ölçülməsi 2012” adlı ənənəvi məcmuədə “İKT inkişaf göstəricisi”nə görə 155 ölkə arasında 68, “İKT qiymət səbəti göstəricisi”nə görə isə 161 ölkə arasında 52-ci yerə yüksəlmişdir;
· BTİ-nin “İKT verilənlər və statistika” (1960-2011) bazasında internet göstəricilərinə görə Azərbaycan son illər regionda birincidir. 2012-ci ilin statistik məlumatlarına əsasən, Azərbaycan Respublikası əhalisinin 67%-i internetə qoşulmuş, 30%-i geniş zolaqlı internet abunəçiləridir;
· Dünya İqtisadi Forumunun “The Global Information Technologies Report 2013” hesabatında Azərbaycan Respublikası “şəbəkə hazırlığı göstəricisi”nə görə 5 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 56-cı yerə yüksəlmişdir;
· Dünya İqtisadi Forumunun “Global Competitiveness 2013-2014” hesabatında “Qlobal rəqabət qabiliyyəti göstəricisi”nə görə Azərbaycan 7 pillə irəliləyərək dünyanın 148 ölkəsi arasında 39-cu yeri tutmuşdur.