Azərbaycan Respublikası və Ümumdünya Meteorologiya Təşkilatı
Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) 1873-cü ildə yaradılmış Beynəlxalq Meteorologiya Təşkilatının əsasında 1950-ci ildə təsis edilmiş və 1951-ci ildən etibarən BMT-nin meteorologiya (hava və iqlim), hidrologiya və əlaqədar geofiziki elmlər üzrə ixtisaslaşmış təşkilatı olmuşdur. ÜMT atmosferin vəziyyəti və onun okeanlarla qarşılıqlı təsiri, iqlim və onun su ehtiyatlarına təsiri üzrə BMT sisteminin əsas səlahiyyətli orqanıdır.
ÜMT 185 üzv-dövlətdən ibarətdir. Təşkilat struktur etibarilə ali orqan olan Konqres, İcraiyyə Şurası və Katiblik, o cümlədən 6 regional assosiasiya və 8 texniki komissiyadan ibarətdir. Təşkilatın, eyni zamanda, prezident və 3 vitse-prezidenti, habelə Baş katibi mövcuddur. ÜMT-nin hal-hazırda Prezidenti (2011-ci ildən etibarən) Kanadalı David Grimes, Baş katibi isə (2004-ci ildən etibarən) Fransalı Michel Jarrauddur. ÜMT-nin Baş qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir.
Azərbaycan Respublikası 1993-cü il 27 dekabr tarixində ÜMT-yə üzv qəbul olunmuşdur. Azərbaycan Respublikasının ÜMT ilə əməkdaşlığı ÜMT-nin Baş qərargahı və ÜMT-nin Avropa üzrə Regional Assosiasiyası vasitəsilə həyata keçirilir.
Azərbaycan Respublikasının ÜMT ilə sıx əməkdaşlıq münasibətləri mövcuddur. Bu əməkdaşlıq münasibətləri ilk olaraq özünü, Ümumdünya Meteorologiya Konqresi, ÜMT-nin İcraiyyə Şurası, ÜMT-nin Avropa Regional Assosiasiyasının sessiyalarında, o cümlədən il ərzində ÜMT çərçivəsində keçirilən iclaslarda Azərbaycan Respublikasının müvafiq nümayəndə heyətlərinin iştirakında və ÜMT nümayəndələrinin müxtəlif illərdə Azərbaycan Respublikasına etdikləri rəsmi səfərlərdə göstərir.
30 iyun 2003-cü il tarixində Azərbaycan Respublikası ilə Ümumdünya Meteorologiya Təşkilatı arasında əməkdaşlığın həyata keçirilməsinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Sərəncam imzalanmışdır. Sözügedən Sərəncamla Azərbaycan Respublikası ilə ÜMT arasında əməkdaşlığın həyata keçirilməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilmişdir.
11-15 mart 2013-cü il tarixində Cenevrə şəhərində ÜMT, “Ciddi quraqlıq və/və yaxud səhralaşma baş verən ölkələrdə, xüsusilə də Afrikada səhralaşma ilə mübarizə üzrə BMT Konvensiyası”nın Katibliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən təşkil edilmiş milli quraqlıq siyasəti üzrə yüksək səviyyəli iclas, 15-23 may 2013-cü il tarixində Cenevrə şəhərində keçirilmiş ÜMT İcraedici Şurasının 65-ci sessiyası, 1-5 iyul 2013-cü il tarixində keçirilmiş İqlim Xidmətləri üzrə Beynəlxalq Şuranın 1-ci sessiyası, 20-26 noyabr 2013-cü il tarixində Antalya şəhərində keçirilmiş Atmosfer Elmləri üzrə Komissiyanın 16-cı sessiyasında və 16-17 iyul 2014-cü il tarixində Monreal şəhərində ÜMT-nin Aeronaviqasiya Meteorologiyası üzrə Komissiyasının Beynəlxalq Mülki Aviasiya Təşkilatının Meteorologiya bölməsi ilə birgə keçirilmiş 15-ci sessiyasında Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət nümayəndə heyəti iştirak etmişdir.