Ümumi məlumat
BMT VƏ AZƏRBAYCAN
Azərbaycan Respublikası və BMT arasında əməkdaşlıq Sovet İttifaqının dağılması və Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən dərhal sonra bərqərar olmuşdur.
Azərbaycan Respublikası 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilmiş və 1992-ci il may ayının 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılmışdır. BMT ilə əməkdaşlığın birinci günündən başlayaraq, Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə və BMT-nin potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışmışdır.
1993-cü il ərzində BMT-nin TŞ Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul etmişdir. Hər bir qətnamə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı nəticəsində qəbul edilmişdir. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərini irəli sürmüşdür. Təəssüf ki, məlum qətnamələrin müddəaları indiyə kimi yerinə yetirilməmişdir.
Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsi və qaçqın və məcburi köçkünlərin sayının 1 milyondan keçdiyindən dərin narahatlıq hissi keçirərək, BMT-nin Baş Assambleyası 1993-cü ildə keçirdiyi 85-ci plenar iclasında “Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında” Qətnamə (A/RES/48/114) qəbul etmişdir.
1992-1996-cı illər ərzində BMT-nin TŞ-nın Sədri və BMT Baş Katibi Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini təsdiqləyən və münaqişənin sülh yolu ilə həll olunmasına yönəlmiş ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyən münaqişə üzrə bir sıra bəyanatlarla çıxış etmişlər.
1996-cı ildən başlayaraq BMT Baş Assambleyası “BMT və ATƏT arasında əməkdaşlıq haqqında” Qətnaməsində Azərbaycan Respublikasının ərazi bütövlüyünü (Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafında olan münaqişə) yenidən təsdiqləyir.
Azərbaycan BMT Baş Assambleyasının işi çərçivəsində fəal iştirak edir. Belə ki, 1994 və 1995-ci illərdə BMT BA-nın 49-cu və 50-ci sessiyalarında Azərbaycan Respublikasının Prezidenti c-b Heydər Əliyev Azərbaycan Respublikasının nümayəndə heyətinə başçılıq etmişdir. O, həmçinin, 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik Zirvə Toplantısında iştirak etmişdir. Azərbaycan Prezidenti çıxışında qlobalizasiya mövzusuna toxunmuş və qlobalizasiyanın müsbət inkişafı, həmçinin Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə Azərbaycanın verdiyi töhfələri xüsusilə qeyd etmişdir. 2003-cü ilin sentyabrında isə o vaxt ki Baş Nazir İlham Əliyev BMT BA-nın 58-ci sessiyasında milli sosial-iqtisadi inkişaf və regional və beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərlə bağlı çıxış etmişdir.
Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. Qeyd etmək olar.
Azərbaycan və BMT-nin Uşaq Fondu (UNİCEF) arasında olan əməkdaşlıq məcburi köçkün və qaçqın uşaq və yeniyetmələr arasında vəziyyətin yaxşılaşdırılması məqsədilə bərqərar olmuşdur. Azərbaycan UNİCEF-in İcra Heyətinin 1995-1997, 1998-2000-ci illər ərzində üzvü olmuşdur.
Azərbaycan BMT-nin xüsusi qurum və orqanları ilə fəal əməkdaşlıq edir. Azərbaycan Qadınların statusu haqqında Komissiyanın üzvü olmuşdur (2000-2002). Azərbaycan həmçinin Komissiyanın “Hərbi münaqişələr nəticəsində girov götürülmüş qadın və uşaqların azad edilməsi haqqında” illik qəbul etdiyi qətnaməsinin əsas sponsorudur.
Azərbaycan BMT-nin xüsusi qurumları qismində BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Sənaye İnkişaf Təşkilatı (SİN) ilə xüsusi əlaqələrə malikdir. Müxtəlif layihə və proqramlar yaşayış standartlarının yüksəldilməsinə, iqtisadiyyatın struktur tənzimlənməsinin həyata keçirilməsinə xidmət edir.
Xüsusilə də, BMT-nin İnkişaf Proqramı Azərbaycanın Bərpa və Yenidənqurma Agentliyinin (ARRA) və ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) imkanlarının inkişaf etdirilməsi və onların maliyyələşdirilməsi yolu ilə münaqişədən sonrakı bərpa prosesinə böyük yardım göstərmişdir. BMT-nin İnkişaf Proqramı ARRA-nı dəstəkləməklə Dünya Bankı, BMTİP, BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı (UNHCR), Avropa İttifaqının (Aİ) Müstəqil Dövlətlər Birliyinə Texniki Yardımı (TACİS) proqramı və s. həyata keçirir.
Azərbaycan öz siyasi və iqtisadi sistemini yeniləşdirməklə, ölkənin müasir norma və standartlar çərçivəsində inkişaf etməsini əsas üstünlük hesab edir. Bu prosesin mühüm tərkib hissəsi kimi demokratik infrastrukturun gücləndirilməsi, geniş şəffaflıq, qərar qəbulu və siyasi müzakirələr prosesində ictimaiyyətin inkişafı məsələlərini qeyd etmək olar. Yeni iş yerlərinin açılması və iqtisadiyyatın inkişafı üçün BMTİP həmi siyasi və digər müvafiq tədbirlərin xüsusi sektorda effektiv inkişafı və böyüməsini təmin etmək üçün Azərbaycan Hökumətinə yardım edir. Struktur islahatlarının gücləndirilməsi məqsədləri üçün BMTİP Azərbaycanda xüsusi sektorda proqramın icrası ilə əlaqədar Dünya Bankı ilə əməkdaşlıq edir.
Erməni aqressiyası nəticəsində Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkünlər mövcuddur. 1993-cü ildən bəri Azərbaycan dövləti BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı (UNHCR) ilə birgə qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üzrə fəaliyyəti davam etdirirlər.
Təhsil, elm və mədəniyyət məsələlərinin vacibliyini nəzərə alaraq, Azərbaycan BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) ilə geniş əməkdaşlıq edir və bu məqsədlə 1994-cü ildə Azərbaycan Prezidentinin Sərəncamına əsasən Azərbaycanın YUNESKO nəzdində Milli Komissiyası təsis edilmişdir.
Azərbaycanın müxtəlif nazirlik və qurumları BMT sistemində olan müvafiq qurumlarla sıx əməkdaşlıq edirlər (məs: Azərbaycan Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı).
Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti narahat edən müxtəlif məsələlər ilə əlaqədar BMT Baş Assambleyasının qəbul etdiyi qətnamələrin kosponsorudur. Milli nümayəndə heyəti öz təşəbbüsü ilə bəzi qətnamələri irəli sürmüşdür. Beləliklə, BMT-nin İnsan Hüquqları Komissiyasının (CHR) 58-60-cı sessiyalarında Azərbaycan nümayəndə heyəti tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə layihəsi təklif edilmişdir. CHR tərəfindən qəbul edilmiş bu Qətnamənin müddəaları beynəlxalq humanitar hüquq normaları əsasında qəbul edilməklə, beynəlxalq ictimaiyyətin diqqətini bu mühüm məsələyə yönəltmək məqsədini güdmüşdür.
Azərbaycan BMT-nin müvafiq orqan və qurumlarına öz namizədlərini irəli sürməklə, bu orqanlara seçkilərdə aktiv iştirak edir. Əvvəl qeyd edildiyi kimi, Azərbaycan UNİCEF-in İcra Heyətinin 1995-1997, 1998-2000-ci illər ərzində, Qadınların vəziyyəti haqqında Komissiyanın 2000-2002-ci illər ərzində və BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının 2002-2004-cü illər ərzində üzvü olmuşdur. Azərbaycan 2003-2005-ci illər üçün BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü seçilmişdir.
Son üç ildə Azərbaycanın BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında, onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal şəkildə iştirakı xüsusilə qeyd edilməlidir. Bu baxımdan respublikamız BMT TŞ-nın Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin Komitəyə Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim etmişdir (S/2001/1325, S/2002/1022, S/2003/1085).
Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Azərbaycan BMT-nin 21-ci əsrdə olacaq təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün BMT çərçivəsində islahatların aparılması ideyasını dəstəkləyir.
2011-ci ilin oktyabr ayında Azərbaycan qısa tarixində ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. BMT-yə üzv dövlətlərin 155-nin dəstəyi nəticəsində ölkəmizin BMT TŞ-yə seçilməsi Azərbaycanın dünyada qazanmış olduğu hörmət və qlobal təhlükəsizliyə töhfəsinin göstəricisi idi. 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında BMT TŞ-yə sədrliyi dövründə Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri və beynəlxalq münasibətlərdə ədaləti müdafiə etmişdir. Azərbaycanın BMT TŞ-dəki üzvlüyü 2013-cü ilin dekabrında başa çatmışdır.
2013-cü ilin 30 aprel - 2 may və 19-21 noyabr tarixlərində Cenevrə şəhərində BMTTK-nin İcraiyyə Şurasının 75-ci və 76-cı sessiyaları keçirilmişdir. Daimi Nümayəndəlik sözügedən tədbirlərdə iştirak etmişdir. 2013-cü ilin 31 dekabr tarixindən Azərbaycan Respublikasının BMT-nin Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyünün müddətinin yekunlaşması ilə əlaqədar ölkəmizin BMTTK-da üzvlük müddəti başa çatmışdır.
Eyni zamanda tərksilah məsələsi ilə bağlı aşağıdakı tədbirlər keçirilmişdir:
12-16 avqust 2013-cü il tarixində Cenevrə şəhərində Bioloji Silahlar üzrə Konvensiyasının növbəti mütəxəssis iclası keçirilmişdir.
09-13 dekabr 2013-cü il tarixlərində Cenevrə şəhərində Bioloji və Toksik Silahların inkişaf etdirilməsi, istehsalı və toplanmasının qadağan olunması və onların məhv edilməsinə dair Konvensiyanın tərəf ölkələrinin görüşü keçirilmişdir. Azərbaycan Respublikası BSK-nın iclasında tərəf ölkə qismində Daimi Nümayəndəlik təmsil edilmişdir.
2013-cü ilin 22 yanvar tarixindən – 13 sentyabr tarixinədək Cenevrədə Tərksilah üzrə Konfransın üç sessiyası keçirilmişdir. Həmin sessiyaların işində AR-in müşahidəçi qismində iştirakı Daimi Nümayəndəlik səviyyəsində təmin edilmişdir.
22 aprel - 3 may 2013-cü il tarixində Cenevrə şəhərində Nüvə Silahının Yayılmaması haqqında Müqaviləyə (NSYM) tərəf-dövlətlərin 2015-ci ildə təşkil ediləcək İcmal Konfransına Hazırlıq Komitəsinin 2-ci sessiyası keçirilmiş və sözügedən tədbirdə ölkəmiz Daimi Nümayəndəlik səviyyəsində təmsil edilmişdir.