2016-02-24

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna hazırlıq işləri müzakirə edilib

Aprelin 25-27-də Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna hazırlıq işləri və Xarici İşlər Nazirliyinin səlahiyyətlərinə aid olan yüksək səviyyəli xarici nümayəndə heyətlərinin protokol təminatı, xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditasiyası, tədbirlə bağlı humanitar və sosial məsələlər, eyni zamanda, viza rəsmiləşdirilməsi məsələləri müzakirə edilib.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 24 iyul tarixli Sərəncamına müvafiq olaraq, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı yaradılmış Təşkilat Komitəsinin üzvü statusunda xarici işlər nazirinin müavini Nadir Hüseynovun BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin kabinet rəhbəri və sözçüsü Nihad Saadın rəhbərlik etdiyi nümayəndə heyətini ilə görüşündə Forumda iştirak etmək üçün 195 ölkə və 26 beynəlxalq təşkilata dəvətnamələrin göndərildiyi bildirilib.

Nadir Hüseynov BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Prezidentinin Sərəncamına və müvafiq Tədbirlər Planına uyğun olaraq, Xarici İşlər Nazirliyi daxilində işçi qrupunun fəaliyyət göstərdiyini deyib. O, eyni zamanda Forumun yüksək səviyyədə keçirilməsini təmin etmək üçün zəruri tədbirlərin vaxt cədvəlinə uyğun olaraq, operativ şəkildə həyata keçirildiyini diqqətə çatdırıb. Ölkəmizin diplomatik nümayəndəlik və konsulluqlarının da bu işə yaxından cəlb edildiyi, əlaqələndirilmiş şəkildə hazırlıq işlərinin aparıldığı qeyd edilib. Nazir müavini BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakı Bəyannaməsinin layihəsinin hazırlanaraq artıq üzv dövlətlərin müzakirəsinə təqdim olunduğunu diqqətə çatdırıb.

Nihad Saad VII Qlobal Forumun keçirilməsi ilə əlaqədar görülən hazırlıq işlərindən məmnunluğunu ifadə edib. O, əvvəlki tədbirlərin təşkili haqqında məlumat verərək, bir sıra sahələr üzrə təcrübəsini bölüşüb.

Görüşdə BMT tərəfini maraqlandıran suallar cavablandırılıb və görülmüş işlər barədə məlumat verilib.

Arxiv üzrə axtarış