BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda “Bakı deklarasiyası”nın qəbulu nəzərdə tutulur
Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (BMT SA) 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin fevralın 22-də növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Qlobal Forumun hazırlıq işlərinin müzakirə olunduğu iclasda BMT SA-nın nümayəndə heyəti də iştirak edib.
Müxtəlif dövlət qurumlarının əməkdaşlarından ibarət Təşkilat Komitəsinin iclasını giriş sözü ilə açan komitənin sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev forumun keçirilməsi ilə bağlı görülən işlərdən və qarşıda duran problemlərdən söz açıb. Bildirib ki, foruma hazırlıq prosesi son mərhələyə qədəm qoyub.
Vurğulayıb ki, BMT kimi nüfuzlu bir təşkilatın belə bir forumu Bakıda keçirməsi ölkəmizin dünyada artan nüfuzundan xəbər verir. Diqqətə çatdırıb ki, forumun yüksək səviyyədə təşkili üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq sərəncamlar imzalanıb.
Təşkilat Komitəsinin sədri BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsinə dair Tədbirlər Planının hazırlandığını qeyd edərək bildirib ki, bu plan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri tərəfindən təsdiq olunaraq aidiyyəti dövlət qurumlarına göndərilib.
Ə.Qarayev BMT Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin kabinet rəhbəri və ali nümayəndənin sözçüsü xanım Nihal Saadın rəhbərliyi ilə 13 nəfərlik nümayəndə heyətinin paytaxtımıza təşrif buyurduğunu deyib. Nümayəndə heyətinin bir həftə müddətində ölkəmizdə səfərdə olacağını vurğulayan Ə.Qarayev bildirib ki, bu müddət ərzində Foruma hazırlığın səviyyəsi, görüləcək işlər və digər məsələlər müzakirə ediləcək.
BMT Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin kabinet rəhbəri və ali nümayəndənin sözçüsü Nihal Saad qeyd edib ki, vaxt daraldıqca işləri sürətləndirməliyik. O deyib: “Azərbaycan Prezidentinin Sərəncamı ilə milli təşkilat komitəsi yarandıqdan sonra bu sahədə ciddi işlər görülür. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması forum üçün olduqca əlamətdardır. Bakıya dünən gəlməyimizə baxmayaraq bir sıra görüşlər keçirmişik, Azərbaycan mədəniyyətini daha yaxından öyrənməyə başlamışıq”.
Forumun keçiriləcəyi Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzi ilə tanış olduqlarını söyləyən ali nümayəndə istər texniki, istərsə də digər məsələlər baxımından seçilmiş məkanların tam uyğun olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, burada yaradılan şərait forumun çox yüksək səviyyədə keçiriləcəyini deməyə əsas verir.
Forumun proqramının müəyyən edildiyini vurğulayan Nihal Saad keçiriləcək plenar və qrup sessiyalarında müzakirə olunacaq mövzular barədə məlumat verib. Bildirib ki, “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” mövzusuna həsr edilmiş forumda beynəlxalq ictimaiyyət üçün maraqlı olan məsələlər müzakirə olunacaq.
Qeyd olunub ki, forumda ekstremizmə və terrora qarşı mübarizə, qlobal miqrasiya, qlobal vətəndaşlıq, nifrət nitqinin yayılmaması, təhsil, din, idman və gənclərin rolu, “Bakı prosesi”, inklüziv cəmiyyətlərin qurulması, multikulturalizm və digər məsələlərin müzakirəsi nəzərdə tutulur. Açılış mərasimindən əvvəlki gündə - 25 aprel tarixində Gənclər Forumu və Biznes simpoziumun keçirilməsi planlaşdırılır. Eyni zamanda əsas proqramla yanaşı, forum günlərində BMT Sivilizasiya Alyansı tərəfdaşlarının 15-dən çox sessiyaları baş tutacaq.
Vurğulanıb ki, Forum mühüm bəyanatların qəbul ediləcəyi bir platforma kimi təşkil olunmalıdır.
Qeyd olunub ki, nümayəndə heyətinin səfər çərçivəsində Mədəniyyət və Turizm, Xarici İşlər, Gənclər və İdman nazirliklərində görüşlər keçirməsi, habelə Bakı Dövlət və “ADA” universitetlərində təqdimatlarla çıxış etməsi planlaşdırılır.
İclasda görülmüş işlər haqqında ümumi məlumat verilib, Prezident Administrasiyası tərəfindən təsdiqlənmiş tədbirlər palanı müzakirə edilib. Diqqətə çatdırılıb ki, foruma çərçivəsində mədəni proqram təşkil olunacaq və gələn qonaqların Azərbaycanın görməli yerlərinə səfərləri təşkil ediləcək. Həmçinin, gələn qonaqlarla ali məktəblərdə görüşlərin təşkili nəzərdə tutulur.
Sonra Ə.Qarayev bildirib ki, forumda “Bakı deklarasiyası”nın qəbul olunması nəzərdə tutulur. Hazırda bu deklarasiya BMT-nin qərargahında müzakirə edilir. “Biz Xarici İşlər Nazirliyi ilə bu layihəni hazırlayıb təqdim etmişik. Layihə alyansa üzvü olan bütün ölkələrin rəsmi nümayəndələrinə təqdim edilib və onlar bu sənədə öz fikirlərini bildirməlidirlər. Niyyətimiz “Bakı deklarasiyası”nın qəbuluna nail olmaqdır. Bu sənətdə nəyinki Azərbaycanı, bütövlükdə dünyanı narahat edən məsələlər öz əksini tapıb. Adı çəkilən sənəd, həm də forumun gələcək proseslərə təsirini ortaya qoyacaq”,- deyə Təşkilat Komitəsinin sədri əlavə edib.
İclasda nümayəndə heyətinin üzvləri forumla bağlı görəcəkləri işlər barədə fikirlərini bölüşüblər. Həmçinin Təşkilat Komitəsinin üzvləri forumun proqramında nəzərdə tutulmuş tədbirlər planı barədə qarşılıqlı müzakirə aparıblar.