BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı bəyannaməsinin layihəsi hazırlanıb
Azərbaycan Prezidentinin 24 iyul 2015-ci il tarixli sərəncamına müvafiq olaraq, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı yaradılmış Təşkilat Komitəsinin üzvü statusunda xarici işlər nazirinin müavini Nadir Hüseynov BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin kabinet rəhbəri və sözçüsü Nihal Saadın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə 25-27 aprel 2016-cı il tarixində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq işləri və Xarici İşlər Nazirliyinin səlahiyyətlərinə aid olan yüksək səviyyəli xarici nümayəndə heyətlərinin protokol təminatı, xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditasiyası, tədbirlə bağlı humanitar və sosial məsələlər, eyni zamanda viza rəsmiləşdirilməsi məsələləri müzakirə edilib. Forumda iştirak etmək üçün 195 ölkə və 26 beynəlxalq təşkilata dəvətnamələrin göndərildiyi bildirilib.
Nazir müavini N.Hüseynov BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Prezidentinin 24 iyul 2015-ci il tarixli sərəncamına və müvafiq Tədbirlər Planına uyğun olaraq, Xarici İşlər Nazirliyi daxilində işçi qrupunun fəaliyyət göstərdiyi və Forumun yüksək səviyyədə keçirilməsini təmin etmək üçün zəruri tədbirlərin vaxt cədvəlinə uyğun olaraq, operativ şəkildə həyata keçirildiyini diqqətə çatdırıb. Ölkəmizin diplomatik nümayəndəlik və konsulluqlarının da bu işə yaxından cəlb edildiyini və əlaqələndirilmiş şəkildə hazırlıq işlərinin aparıldığını bildirib. O, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı bəyannaməsinin layihəsinin hazırlanaraq artıq üzv dövlətlərin müzakirəsinə təqdim olunmasını da qeyd edib.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin kabinet rəhbəri və sözçüsü N.Saad 7-ci Qlobal Forumun keçirilməsi ilə əlaqədar görülən hazırlıq işlərindən məmnunluğunu ifadə edib və əvvəlki tədbirlərin təşkili haqqında məlumat verərək, bir sıra sahələr üzrə təcrübəsini bölüşüb.
Görüşdə BMT tərəfini maraqlandıran suallar cavablandırılıb və artıq görülmüş işlər barədə ətraflı məlumat verilib.