2016-03-31

İlham Əliyev ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb

Prezident İlham Əliyev Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri ilə görüşüb.

Görüşdən əvvəl dövlət katibi Con Kerri və Prezident İlham Əliyev mətbuata bəyanatlarla çıxış etdilər.

Dövlət katibi Con KERRİ dedi:

– Günortanız xeyir. Başqa yerlərdə bir neçə dəfə görüşdüyüm bir çoxlarınızı burada salamlamaq məndə həqiqətən məmnunluq hissi doğurur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi də burada salamlamaqdan şadam.

Bizim hazırda üzərində işlədiyimiz bir çox qarşılıqlı maraqlarımız var. Biz sülhməramlı əməliyyatlara verdiyi töhfəsinə, Əfqanıstandakı səylərinə görə Azərbaycana çox minnətdarıq. Məlumdur ki, Azərbaycan indi mürəkkəb bir regionda yerləşir. Hesab edirəm ki, Prezident Əliyev, xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsinə etdiyi rəhbərliyi ilə bu ehtiyacların bəzilərinin necə qarşılanması üçün çox ciddi səylər göstərmiş və bu məsələni diqqət mərkəzində saxlamışdır. Bu, Avropanın uzunmüddətli strateji maraqları naminə və səmimi söyləsəm, vacib olan enerji mənbələrinin şaxaləndirilməsinə cəhd göstərmək üçün atılmış çox ciddi bir addımdır.

Əlbəttə ki, digər maraqlarımız da var. Terrorizmlə mübarizə. Biz donmuş münaqişə olan Dağlıq Qarabağ probleminin nəhayət öz həllini tapmasını görmək istəyirik. Bu münaqişənin həlli üçün danışıqlar aparılmalıdır. Bu məsələ öz həllini tapmalıdır.

İndi isə cənab Prezidentə Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün buraya təşrif buyurduğuna və Azərbaycan üçün iqtisadi imkanların, eləcə də regional təhlükəsizlik münasibətlərinin uyğunlaşdırılması üzərində işlədiyi müddətdə və bu yaxınlarda göstərdiyi bir çox səylərinə görə təşəkkürümü ifadə etmək istəyirəm. Sizi öz aramızda görməkdən şadam.

X X X

Prezident İlham ƏLİYEV dedi:

– Çox sağ olun. Cənab katib, əvvəla məni Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etdiyinə görə Prezident Obamaya təşəkkürümü bildirmək istəyirəm. Biz bunu dostluq və tərəfdaşlıq əlaməti kimi qəbul edirik. Biz ikitərəfli münasibətlərimizə yüksək dəyər veririk.

ABŞ-Azərbaycan münasibətlərinin artıq 25 illik uzun tarixi var. Bu münasibətlər həmişə sıx, səmimi olmuşdur, indi isə strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə çatmışdır. Aramızda fəal siyasi dialoq mövcuddur. Cənab katibin qeyd etdiyi kimi, biz əvvəllər dəfələrlə görüşmüşük, lakin Vaşinqtonda ilk dəfədir görüşürük.

Aramızda inkişaf etməkdə olan iqtisadi əməkdaşlıq aparılır. ABŞ şirkətləri iqtisadiyyatımıza 10 milyard dollardan artıq sərmayə yatırmışdır. Bu da iqtisadi əməkdaşlığın, həmçinin ölkəmizin inkişafının yaxşı göstəricisidir. Biz ilk dəfə Xəzər və Aralıq dənizlərini bir-biri ilə birləşdirən neft kəmərlərinin tikintisi kimi əhəmiyyətli layihələri Amerika Birləşmiş Ştatlarının güclü dəstəyi ilə birlikdə icra etmişik. İndi isə cənab katibin qeyd etdiyi kimi, biz “Cənub Qaz Dəhlizi” layihəsi üzərində birlikdə işləyirik. Bu, enerji təhlükəsizliyinə, mənbələrin şaxələndirilməsinə və həmin layihəyə cəlb olunmuş bütün tərəflərə - istehsalçı, tranzit və istehlakçı ölkələrə uzunmüddətli fayda verən bir layihədir. Biz bu layihənin icrasına ciddi dəstək göstərdiyinə görə Amerika Birləşmiş Ştatlarının hökumətinə çox minnətdarıq. Səmimi desəm, bu dəstək olmasaydı həmin layihənin həyata keçirilməsi üçün daha çox müddət və səylərin göstərilməsi tələb oluna bilərdi. İşlər vaxt cədvəlinə uyğun gedir, işlər vaxtında icra olunacaq və 2-3 il ərzində “Cənub Qaz Dəhlizi” layihəsi işlək olacaqdır.

Ermənistan və Azərbaycan arasında uzun müddət davam edən münaqişənin həlli yollarının tapılması istiqamətində göstərdiyi səylərinə görə ABŞ hökumətinə minnətdarıq. Hesab edirik ki, münaqişə Ermənistan ordusunun işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həllini tapmalıdır. Ermənistan və Azərbaycan arasındakı münaqişə, postsovet məkanında olan və ümumiyyətlə, dünyada baş verən bütün münaqişələr öz həllini ölkələrin ərazi bütövlüyü əsasında tapmalıdır.

Biz, həmçinin regional təhlükəsizlik məsələləri üzrə tərəfdaşıq. Azərbaycan Əfqanıstandakı əməliyyatlara öz logistika dəstəyini təmin edir, ərazimiz üzərindən aparılan uçuşlara və yerüstü daşımalara şərait yaradır. Həmçinin bizim NATO hərbçiləri ilə çiyin-çiyinə Əfqanıstanda xidmət göstərən 100-ə yaxın hərbçimiz var. Beləliklə, münasibətlərimizin gündəliyi çox genişdir. Bu gün əlbəttə ki, biz bu məsələləri və regiondakı problemləri müzakirə edəcəyik. Mən əminəm ki, bu görüş bizim dostluq münasibətlərimizin daha da inkişaf etdirilməsində öz rolunu oynayacaqdır. Sağ olun.

X X X

Con Kerri: Təşəkkür edirəm cənab Prezident. Hamınıza təşəkkürümü bildirirəm.

X X X

Görüşdə ABŞ-ın dövlət katibi Con Kerri Birləşmiş Ştatların Azərbaycan ilə güclü və uzunmüddətli əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi. O, Azərbaycanda gedən iqtisadi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi proseslərinin ABŞ-da maraqla izlənildiyini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycanda iqtisadi sahədə görülən işlərdən, əsas iqtisadi prioritetlər – kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, vergi və gömrük, infrastruktur sahələrində həyata keçirilən islahatlardan danışdı. Dövlətimizin başçısı iqtisadi inkişafın qanunvericilik proseslərində Azərbaycanın beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırdı.

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində rolu qeyd edildi, ABŞ-ın bu işdə ölkəmizə verdiyi dəstək yüksək qiymətləndirildi, “Cənub Qaz Dəhlizi” layihəsinin önəmi vurğulandı.

Prezident İlham Əliyev dünyada neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda əsas iqtisadi parametrlərin qorunub saxlanıldığını və iqtisadiyyatın yaxşı vəziyyətdə olduğunu bildirdi. Dövlətimizin başçısı neftin qiymətinin düşməsi fonunda Azərbaycanda büdcə sisteminin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırdı.

Görüşdə ABŞ şirkətlərinin Azərbaycanda daha fəal iştirakının və onların ölkəmizə investisiya qoymasında qarşılıqlı marağın olduğu vurğulandı.

Arxiv üzrə axtarış