İlham Əliyev ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb
Prezident İlham Əliyev Avstriya Respublikasına işgüzar səfəri çərçivəsində ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb.
Görüşdə ABŞ-ın dövlət katibi Con Kerri ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin son dövrlər cəbhə xəttində baş verən hadisələrdən narahatlığını ifadə etdi. Bu səbəbdən də həmsədr dövlətlərin Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün keçirilməsi qənaətinə gəldiklərini vurğulayan Con Kerri bu görüşdə bir sıra məsələlərlə bağlı müəyyən razılığın əldə olunmasının vacibliyinə toxundu.
ABŞ-ın dövlət katibi tərəflərin danışıqlar masası arxasına qayıtmalarını, qarşılıqlı etimad tədbirlərinin və anlaşmanın gücləndirilməsini istədiklərini bildirdi. Qeyd etdi ki, bu yolla danışıqlar prosesinə konstruktiv xarakter verilməli və danışıqlar davam etdirilməlidir.
Azərbaycan Prezidenti İlham Əliyev bu görüşün təşkilinə görə Amerika Birləşmiş Ştatlarının dövlət katibinə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı bu məsələlər ətrafında danışıqların davam etdirilməsinə hazır olduğunu vurğuladı.