Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda Dünya Humanitar Sammitində
İstanbulda Dünya Humanitar Sammiti işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sammitdə iştirak edirlər.
Dünya Humanitar Sammiti liderlərin səhər yeməyi ilə başladı.
Sonra Sammit iştirakçıları birgə foto çəkdirdilər.
Sammitin açılış mərasimi dünyanın humanitar fəlakət bölgələrində mövcud vəziyyəti və həmin ərazilərə yardımların çatdırılmasını əks etdirən təqdimatla davam etdi.
BMT-nin baş katibi Pan Gİ MUN çıxış edərək Humanitar Sammitin keçirilməsinə verdikləri dəstəyə görə bütün dünya liderlərinə təşəkkürünü bildirdi. Dörd il əvvəl bu ideyanın yaranmasına səbəb kimi dünyada humanitar böhranın getdikcə dərinləşdiyini deyən Pan Gi Mun bildirdi ki, bu böhran hər il dərinləşir və insanların bu sahədəki çətinlikləri daha da artır. Dünyada münaqişələrin qarşısının alınmasının vacibliyini diqqətə çatdıran Pan Gi Mun humanitar böhranların səbəbinə çevrilən siyasi sabitsizliyin qarşısının alınmasının və mülki şəxslərin daha çox qorunmasının zəruriliyini qeyd etdi. Qaçqın probleminin qarşısının alınmasında yeni forma və ideyaların yaradılmasının vacibliyini qeyd edən BMT-nin baş katibi böhran içərisində olan milyonlarla insanın problemlərinin həllində bütün dövlətləri və cəmiyyətləri həmrəy olmağa çağırdı. “Biz insanlara yaşamaq və şərəflə həyat sürmək imkanını verməliyik”, - deyən Pan Gi Mun əmin olduğunu bildirdi ki, dünya liderləri bu prosesə güclü dəstək verəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib ƏRDOĞAN Sammitin dünyada ehtiyac içində yaşayan milyonlarla insanın problemlərinin həlli baxımından mühüm imkan olduğunu bildirdi. Müharibələrin, təbii fəlakətlərin, iqlim dəyişikliyinin bütün bəşəriyyətin təhlükəsizliyini və gələcəyini ciddi təhdid etdiyini deyən Rəcəb Tayyib Ərdoğan Türkiyənin humanitar problemlərin həllində fəal rol oynadığını qeyd etdi. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin bu gün dünyanın 140-dan çox ölkəsində humanitar yardım və sosial inkişaf sahəsində müxtəlif layihələr reallaşdırdığını diqqətə çatdırdı. Hazırda qlobal humanitar yardım sisteminin mövcud problemlərin həlli baxımından səmərəsiz olduğunu qeyd edən Rəcəb Tayyib Ərdoğan bildirdi ki, bu sistemin yükünü sadəcə bəzi ölkələr öz çiynində daşıyır. Buna görə də bütün dünya ölkələri bu məsuliyyəti bərabər şəkildə bölüşməli, liderlər və beynəlxalq ictimaiyyətin nüfuzlu şəxsləri səylərini birləşdirməlidirlər.
Qeyd edək ki, Türkiyə Respublikasının və BMT-nin təşkilatçılığı ilə ilk dəfə keçirilən Sammit dünyada baş verən humanitar problemlərin həlli baxımından beynəlxalq ictimaiyyətə mühüm çağırışdır. Sammitdə BMT-nin üzvü olan ölkələrdən 60-dək dövlət və hökumət başçısı, böhranlardan əziyyət çəkən ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların, QHT-lərin və özəl sektorun təmsilçiləri olmaqla, ümumilikdə, 5 mindən çox nümayəndə iştirak edir.
Hazırda dünyada 130 milyondan çox insanın humanitar yardıma və sosial müdafiəyə ehtiyacı var. Bu isə humanitar yardım üçün xərclərin məbləğini böyük dərəcədə artırıb. BMT-nin məqsədi bu problemlərin aradan qaldırılması üçün nəzərdə tutulan vəsaitin həcmini 21 milyard dollara çatdırmaqdır. Sammitin əsas hədəfi isə münaqişələrin həllinə və onların baş verməsinin qarşısının alınmasına, humanitar fəlakətlərə yol verilməməsi üçün güclü norma və prinsiplərin bərqərar edilməsinə, fəlakət zonalarındakı insanlara humanitar yardımlar çatdıraraq onların ehtiyaclarının ödənilməsinə, humanitar sahəyə böyük sərmayələrin yatırılmasına yönəlib.