BMT Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib
BMT Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Bu müzakirələr mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasserlə görüşü zamanı aparılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə ali nümayəndə Bakının BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna yüksək səviyyədə ev sahibliyi etdiyinə, habelə Prezident İlham Əliyevın bu tədbirin təşkilinə və Alyansa Azərbaycan hökumətinin dəstəyinə görə təşəkkürünü bildirib.
Nazir Əbülfəs Qarayev BMT ali nümayəndəsinə ölkə rəhbərliyinin salamlarını çatdıraraq, multikulturalizm ili çərçivəsində Sivilizasiyalar Alyansının qlobal məqsədlərinə uyğun olaraq silsilə tədbirlərinin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Görüşdə 2017-ci ilin BMT tərəfindən elan edilmiş “Davamlı Turizm Beynəlxalq ili” çərçivəsində silsilə tədbirlərinin keçirilməsi, həmçinin 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili məqsədilə digər tərəfdaşlarla birgə hazırlıq işlərinin aparılması qərara alınıb.
© AZƏRTAC