BMT-nin baş qərargahında “Ekspo 2025” Ümumdünya Sərgisinə Bakının namizədliyi ilə bağlı təqdimat keçirilib
Nyu-York, 8 fevral, AZƏRTAC
Fevralın 7-də BMT-nin Nyu-Yorkdakı baş qərargahında Ümumdünya Sərgisi “Ekspo 2025”in Bakı layihəsi üzrə danışıqlar qrupu tərəfindən Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi ilə birlikdə “Ekspo 2025” Ümumdünya Sərgisinə Bakının namizədliyi ilə bağlı təqdimat keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Azərbaycanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Yaşar Əliyev BMT-nin ən çox sayda dünya ölkələrini bir araya gətirən müstəsna platforma olduğunu bildirib. Səfir Azərbaycanın “Ekspo 2025”ə ev sahibliyi etmək təşəbbüsünə dəstəyi səfərbər etmək məqsədilə bu vacib imkandan istifadə etdiyini vurğulayıb.
Daha sonra təqdimata başlayan Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Beynəlxalq Sərgilər Bürosunda (BSB) Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov Bakının “Ekspo 2025" sərgisinə ev sahibliyinə namizəd olması təklifinin səbəblərini ətraflı şəkildə təqdim edib. O, Bakının təklif etdiyi mövzunu – “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” və Birləşmiş Millətlər Təşkilatının müvafiq Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan təhsil, səhiyyə və məşğulluq alt mövzularını ətraflı izah edib.
Təqdimatdan sonra BMT üzv dövlətlərinin nümayəndələri Azərbaycanın zəngin tarixi və mədəniyyətini, onun irimiqyaslı beynəlxalq tədbirlərin təşkili sahəsində təcrübəsini, ölkəmizin Avropa və Asiya arasında körpü rolunu oynadığını, beynəlxalq multikulturalizm mərkəzi kimi tanındığını, Bakının gözəlliyini və ilk dəfə olaraq “Ekspo 2025” sərgisinə ev sahibliyi etmək üçün üstünlüklərini əks etdirən videofilmi izləyiblər.
“Bakı Ekspo 2025” layihəsi üzrə danışıqlar qrupunun rəhbəri BMT üzv dövlətlərini Bakının sərgiyə ev sahibliyi üçün irəli sürülmüş namizədliyinə müsbət yanaşmağa və 2018-ci ilin noyabr ayında Parisdə BSB-nin Baş Assambleyası sessiyasında keçiriləcək seçkilərdə Azərbaycanın lehinə səs verməyə dəvət edib.
Tədbir haqqında danışan Elçin Əmirbəyov deyib: “Ekspo 2025" sərgisinə ev sahibliyi etməklə Bakı dünya birliyinə cəmiyyətin və bəşəriyyətin gələcəyini araşdırmaq, bütün dövlətlərə BMT Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün səfərbər olmaq və bu gün planetimizin qarşısında dayanan qlobal təhdidlərin bəzilərini səmərəli şəkildə həll etmək imkanı verəcək. “Ekspo 2025” sərgisinə ev sahibliyi edəcək ən gənc dövlət kimi Azərbaycan dünya ölkələrini təhsilə, səhiyyəyə və məşğulluğa sərmayə yatırmaq yolu ilə qlobal səviyyədə insan kapitalının inkişaf etdirilməsi üçün yollar tapmağa çağıracaq. Əgər seçilərsə, Bakı ümumdünya “Ekspo” sərgiləri üçün yeni məkan, yeni təyinat nöqtəsi olacaq və heç zaman “Ekspo” sərgilərinə ev sahibliyi etməmiş ölkələri ilhamlandıracaq. Bu gün burada, BMT-nin baş qərargahında, “Ekspo 2025” sərgisinin Bakıda keçirilməsi ilə bağlı layihəmizi təqdim etmək və 2017-ci ilin sentyabr ayında BSB-nin Parisdəki baş qərargahında Bakının “Ekspo 2025” təklifinin rəsmi təqdim olunmasından sonra keçən dövr ərzində əldə edilmiş irəliləyiş barədə BMT üzv dövlətlərinə məlumat vermək imkanından məmnun olduq”.
“Bakı Ekspo 2025” layihəsinin təqdimatından sonra tədbir iştirakçılarının şərəfinə ziyafət verilib.
“Ekspo 2025” sərgisinə Bakının ev sahibliyi ilə bağlı daha ətraflı məlumatı layihənin saytından əldə etmək olar: www.bakuexpo2025.com