Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT-nin Baş Katibi Antonio Quterreş ilə görüşüb
Xarici İşlər naziri Elmar Məmmədyarov 27 sentyabr 2019-cu il tarixində BMT-nin Baş Katibi Antonio Quterreş ilə görüşüb.
Baş Katib Azərbaycanda həyata keçirilən daxili islahatları alqışladığını vurğulayaraq, səmimi salamlarının və xoş arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş etdi.
Nazir Elmar Məmmədyarov səmimi qəbula görə Baş Katibə minnətdarlığını bildirdi. O, bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının növbəti Zirvə görüşünə istinad edərək, Baş Katibi bu tədbirdə iştirak etməyə dəvət etdi.
Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan tənzimləmə prosesinin cari vəziyyəti və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Nyu Yorkda iki ölkənin Xarici İşlər nazirləri arasında keçirilən ən son görüş barədə Baş Katibə ətraflı məlumat verdi.
Münaqişənin həlli üzrə beynəlxalq ictimaiyyətin mövqeyini, ilk növbədə isə Təhlükəsizlik Şurasının qətnamələrini xatırladan Nazir, Azərbaycanın işğal edilmiş torpaqlarının boşaldılması və bu ərazilərdən didərgin salınmış yüz minlərlə azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması tələbinin Ermənistan tərəfindən yerinə yetirilməsinin zəruri olduğunu vurğuladı.
A.Quterreş münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupu tərəfindən aparılan fəaliyyətə dəstək verdiyini qeyd etdi və BMT-nin sülh prosesinin inkişafına hər zaman töhfə verməyə hazır olduğunu bildirdi.
Görüşdə tərəflər, həmçinin BMT-nin gündəliyində duran və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi apardılar.
Görüşün sonunda nazir Elmar Məmmədyarov BMT-nin Fəxri Qonaqlar Kitabını imzaladı.