2021-02-11

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclasında çıxış edib

Fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli komissar Simson.

Hörmətli komissar Varhelyi.

Xanımlar və cənablar.

Əziz dostlar.

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının VII iclası videokonfrans vasitəsilə keçirilir. Bu, pandemiyanın nəticəsində yaranmış yeni reallıqdır. Buna baxmayaraq, əminəm ki, bizim birgə fəaliyyətimizin nəticəsi hər zaman olduğu kimi əhəmiyyətli olacaqdır. Məşvərət Şurasının ilk iclası mənim xatirimdədir. O zaman biz birgə işimizə yeni başlamışdıq və bu gün keçmişə nəzər saldıqda mühüm nailiyyətlərin şahidi oluruq. Yeri gəlmişkən, hər il Bakıda toplaşarkən biz görülən işləri nəzərdən keçirir və gələcək addımlarımızı planlaşdırırıq.

Şadam ki, bugünkü iclasda iştirak edən ölkələrin sayı əvvəlkindən artıqdır. Hazırda burada 18 ölkə, 19 şirkət və 5 aparıcı beynəlxalq maliyyə təsisatı iştirak edir. Biz vahid komanda olaraq çalışırıq və hesab edirəm ki, bu, bizim uğurumuzun başlıca səbəbidir.

Əlbəttə, əvvəlcə hər birimizi Cənub Qaz Dəhlizinin inşasının başa çatdırılması münasibətilə təbrik etmək istəyirəm. Ötən ilin sonuncu günü əlamətdar olmuşdur. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir. Əminəm ki, bizim birgə fəaliyyətimiz davam edəcəkdir, çünki yeni plan və ideyalarımız var. Həmin plan və ideyalar bugünkü iclasda mütləq müzakirə ediləcəkdir.

Mən bütün tərəfdaşlarımıza təşəkkürümü bildirmək istəyirəm. Bu nəhəng layihənin inşasında iştirak edən dövlətlər - Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya hökumətlərinə minnətdaram. Avropa Komissiyasına təşəkkür edirəm, çünki Azərbaycan və Avropa Komissiyası 10 il əvvəl Bakıda Cənub Qaz Dəhlizinə dair Birgə Bəyanat imzalamışdır. Bu, bizim fəaliyyətimizin başlanğıc nöqtəsi idi. Bu 10 il ərzində biz Avropa Komissiyası ilə fəal şəkildə əməkdaşlıq etmişik və Azərbaycan və Avropa Komissiyası Məşvərət Şurasının həmsədrləridir.

Mən ABŞ və Böyük Britaniya hökumətlərinə təşəkkürümü bildirmək istəyirəm. Tərəfdaşlarımız olan hər iki ölkənin hökuməti bizim bütün təşəbbüslərimizi hər zaman dəstəkləmiş, Azərbaycan və onun qonşuları və tərəfdaşları ilə birlikdə əvvəllər də uğurla həyata keçirdiyi müxtəlif nəhəng layihələrin icrası zamanı bizə çox güclü dəstək vermişdir.

Əlbəttə, şirkətlər bu layihəyə güclü sadiqlik nümayiş etdirməsə idi, onun reallaşması mümkünsüz olardı. Burada həqiqətən də bu nəhəng enerji layihəsinin həyata keçirilməsi ilə bağlı vahid ideya ətrafında toplaşmış şirkətlərdən ibarət böyük bir qrup mövcuddur. Bu mənada mən Azərbaycan və BP arasında strateji tərəfdaşlığın əhəmiyyətini xüsusi vurğulamaq istəyirəm. BP bizim strateji tərəfdaşımızdır, 27 ildir ki, Azərbaycanda fəaliyyət göstərən şirkətdir və qarşıda hələ neçə onilliklər ərzində əməkdaşlığımız var. Buraya Azərbaycanda neft və qaz sahəsi, o cümlədən resursların nəqli ilə bağlı bütün əhəmiyyətli layihələr daxildir.

Buradan aparıcı beynəlxalq maliyyə təsisatlarına – Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, Asiya İnkişaf Bankına, Avropa İnvestisiya Bankına və Asiya İnfrastruktur İnvestisiya Bankına təşəkkürümü bildirmək istəyirəm. Bu beş böyük beynəlxalq maliyyə institutu layihədə iştirak etmiş və onun həyata keçirilməsinə mühüm töhfələr vermişdir.

Bu, bir daha onu nümayiş etdirir ki, komanda şəklində aparılan iş yaxşı nəticə verir. Biz əhəmiyyətli irəliləyişə nail olmuşuq. Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu gün enerji təhlükəsizliyi bütün ölkələrin milli təhlükəsizlik məsələsidir. Enerjinin şaxələndirilməsi də istehlakçı və istehsalçı ölkələr üçün vacibdir. Beləliklə, zənnimcə, biz misilsiz əməkdaşlıq formatına nail olmuşuq. Düzgün hesablanmış maraqlar balansı var ki, burada istehsalçı olan Azərbaycanın maraqları tranzit və istehlakçı ölkələrin maraqları ilə üst-üstə düşür. Məhz bunun nəticəsində bəzilərinin o qədər də real hesab etmədikləri bir layihənin həyata keçirilməsi mümkün olmuşdur.

Cənub Qaz Dəhlizi layihəsinə nəzər saldıqda, onun bir çox parametrlər üzrə çox nadir olduğunu görə bilərik. Onun uzunluğu 3500 kilometrdir və layihə 7 ölkəni birləşdirir. Həmin ölkələr arasında sıx əməkdaşlıq olmasa idi, onu reallaşdırmaq mümkünsüz olardı. Boru xətti çox mürəkkəb coğrafi məkanlardan, hündürlüyü 2500 metr olan dağlardan, 100 kilometrdən artıq hissəsi isə Adriatik dənizinin dibindən keçir. Cənub Qaz Dəhlizi mövcud olan ən yüksək ekoloji standartlara cavab verir və bu, həmin layihənin planlaşdırılması və icrası zamanı bizim üçün başlıca şərt olmuşdur.

Layihənin dəyərinə gəldikdə, ilkin olaraq dəyər 44,6 milyard dollar məbləğində hesablanmışdı. Lakin səmərəli idarəçilik və düzgün planlaşdırma nəticəsində layihənin dəyəri 33 milyard dollara enmişdir. Bunun özü əhəmiyyətli bir nailiyyətdir. Çünki adətən tikinti layihələrinin icrası zamanı dəyər azalmır, əksinə, artır. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan layihəyə 10 milyard dollar həcmində əhəmiyyətli maliyyə töhfəsi vermişdir və biz Cənub Qaz Dəhlizinin həyata keçirilməsinin hər dörd seqmentində - “Şahdəniz”, Cənubi Qafqaz boru kəməri, TANAP və TAP-da iştirak etmişik. Bunların hamısı bizim komanda şəklində işləməyimizin təzahürüdür.

Bir daha 10 il əvvəl Bakıda Avropa Komissiyasının o zamankı prezidenti cənab Barrozu və mənim tərəfimdən imzalanmış Birgə Bəyanatın əhəmiyyətini vurğulamaq istərdim. Cənub Qaz Dəhlizinə dair Birgə Bəyanatın imzalanması həqiqətən də əlamətdar hadisə idi. Ancaq həmin bəyanatın imzalanması artıq əldə edilmiş irəliləyişə görə mümkün olmuşdur. O zaman - 1994-cü ildə Azərbaycan fəal şəkildə dünyanın aparıcı enerji şirkətləri ilə işləməyə başlamış və “Əsrin müqaviləsi” imzalamışdır. Bu, bizim enerji strategiyamızın reallaşdırılması istiqamətində atılmış vacib addım idi.

Tərəfdaşlarımıza bəzi mühüm tarixi nailiyyətləri xatırlatmaq istəyirəm. 1994-cü il bizim bütün nəhəng layihələrimiz üçün başlanğıc nöqtəsi hesab oluna bilər. 1996-cı ildə Azərbaycan və beynəlxalq enerji şirkətlərindən ibarət konsorsium “Şahdəniz” yatağı ilə bağlı müqavilə imzalamışdır. Hazırda həmin yataq Cənub Qaz Dəhlizinin yeganə təbii ehtiyat mənbəyidir, ancaq əminəm ki, digər yataqlardan da əlavə qaz həcmləri olacaqdır. 1997-ci ildə xarici şirkətlər tərəfindən Xəzərdə ilk neftin hasil edilməsi reallığa çevrilmişdir. Azərbaycan Xəzər dənizində fəaliyyət göstərmək üçün xarici neft şirkətlərini dəvət edən ilk ölkə olmuşdur. Daha sonra 1999-cu ildə biz Bakıdan Gürcüstanın Supsa liman şəhərinədək uzanan boru kəmərini istifadəyə verdik. Bu, gələcək sərmayə qoyuluşu baxımından çox vacib idi, çünki buna qədər bizim dünya bazarına çıxışımız yox idi. Azərbaycan dənizə çıxışı olmayan ölkədir. Bu səbəbdən bizim boru kəmərlərinə ehtiyacımız var idi və beləliklə, 1999-cu ildəki nailiyyətimiz əhəmiyyətli dəyişiklik yaratdı.

Daha sonra biz 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan əsas neft boru kəməri ilə bağlı işlərimizi planlaşdırmağa başladıq. Bu, Xəzər dənizinin Aralıq dənizi ilə birləşdirilməsi demək idi. Biz artıq təchizat marşrutlarının şaxələndirilməsinə nail olduq. 2007-ci ildə biz Azərbaycandan Gürcüstana, oradan isə Türkiyəyə uzanan qaz boru kəmərinin inşasını başa çatdırdıq. Bunun özü də tarixdə bir ilk idi – Azərbaycan qonşu ölkələri təbii qaz ilə təmin etməyə başladı. Nəhayət, 2012-ci ildə, Avropa İttifaqı ilə bəyanatın imzalanmasından bir il sonra, biz Azərbaycan və Türkiyə arasında TANAP layihəsinin inşası ilə bağlı müqavilə imzaladıq. Bu, Cənub Qaz Dəhlizinin həyata keçirilməsi baxımından çox mühüm hadisə idi. 2018-ci ildə TANAP-ın icrası başa çatdıqdan sonra, 2020-ci ildə TAP layihəsi də yekunlaşdırılmışdır.

Bunların hər biri əhəmiyyətli nailiyyətlərdir. Bu gün keçmişə nəzər saldıqda görürük ki, bütün bu nailiyyətlər olmasa idi, bir-birimizi təbrik etdiyimiz bugünkü mərasim mümkünsüz olardı. Ancaq biz gələcəyə baxmalıyıq. Biz böyük nailiyyətlər əldə etmişik, lakin əminəm ki, bu gün Məşvərət Şurasının toplantısı çərçivəsində iştirakçılar gələcək planlarımızı müzakirə edəcəklər. Azərbaycana gəldikdə, biz enerji resurslarımızı inkişaf etdirməyə davam edəcəyik. Hazırda kəşfiyyat və hasilat mərhələsində olan bir neçə yataqla bağlı çox ümidverici perspektivlər var. Xüsusilə 400 milyard kubmetr qaz ehtiyatına malik olan “Babək” yatağını qeyd edə bilərəm. “Abşeron” qaz-kondensat yatağının 350 milyard kubmetr ehtiyatı var və ümid edirəm ki, orada hasilat gələn il başlayacaqdır. Digəri isə “Ümid” yatağıdır ki, orada ən azı 200 milyard kubmetr təbii qaz ehtiyatı mövcuddur. Bunlar təsdiqlənmiş ehtiyata malik olan yataqlardır ki, onlar Xəzər dənizinin Azərbaycana məxsus sektorunda qaz hasilatına töhfə verəcəkdir. Kəşfiyyat mərhələsində olan digər layihələr də var və biz növbəti illərdə yeni kəşflərin olacağına ümid edirik. Beləliklə, şaxələndirilmiş bu neft-qaz kəmərləri şəbəkəmizin hasilat gücünün artırılmasına xidmət edəcəkdir.

Birgə planlarımıza gəldikdə, əminəm ki, bu gün siz İonik-Adriatik boru kəmərinə dair məsələləri müzakirə edəcəksiniz. Əlbəttə, TAP-ın başa çatdırılması İonik-Adriatik boru kəmərinin inşasına imkan yaradır. Biz Qərbi Balkan ölkələri ilə anlaşma memorandumlarını artıq imzalamışıq. İonik-Adriatik boru kəməri həyata keçirildikdən sonra biz təchizat marşrutlarımızı şaxələndirmək imkanı əldə edəcəyik və Qərbi Balkan dövlətləri üçün də yeni imkanlar yaradacağıq.

Şaxələndirmə haqqında danışarkən qeyd etməliyik ki, bizim layihə yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsindən ibarətdir. Bu, olduqca vacib məsələdir və real şaxələndirmə deməkdir. Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbədir. Çünki bizim təsdiqlənmiş təbii qaz ehtiyatımız 2,6 trilyon kubmetr təşkil edir və yeni məlumatlara görə bu həcm daha da artıq ola bilər. “Azəri-Çıraq-Günəşli” yatağında “dərin qaz” adlanan layihəni də nəzərə alsaq, bizim potensialın mənzərəsi daha da aydın olar.

Sizlərə daha bir vacib tədbirlə bağlı məlumat vermək istərdim. Bu da Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağına dair Anlaşma Memorandumunun imzalanmasıdır. Bu yataq azərbaycanlı geoloq və neftçilər tərəfindən sovet dövründə kəşf edilmişdir. Yəni, kəşf edilmiş yataqdır. Bu yatağın işlənilməsinə dair baza prinsiplərinin hazırlanması üçün çox vaxt tələb edildi və biz onu “Dostluq” adlandırdıq. Bu, Xəzər hövzəsində çox əlamətdar hadisədir. Bu ilin yanvar ayında həmin memorandum imzalandı və əminəm ki, tezliklə biz bütün şərtləri razılaşdıraraq yekun müqaviləni imzalayacağıq. Bu, Xəzər dənizi və onun hüdudlarından kənarda gələcək enerji əməkdaşlığı üçün də çox faydalı olacaqdır.

Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan artıq Xəzər dənizinin şərq sahilində olan enerji ehtiyatlarının nəqli üçün etibarlı tranzit ölkəyə çevrilib. Uzun illərdir ki, biz Xəzərin şərqində yerləşən tərəfdaşlarımız üçün Bakı-Tbilisi-Ceyhan boru kəməri və ölkəmizin dəmir yolu sistemi vasitəsilə vacib nəqliyyat marşrutları üzrə təchizatı təmin edirik. Yəni, Azərbaycan özünü etibarlı tranzit ölkə kimi təsdiq etmişdir.

Diqqətinizə çatdırmaq istədiyim digər bir məqam, bizim bərpa edilən enerjiyə dair planlarımızla bağlıdır. Biz hazırda dünyanın aparıcı enerji şirkətləri ilə danışıqlar mərhələsindəyik. Biz artıq onların ikisi ilə inşaat üçün zəruri sənədləri imzalamışıq. Bunların biri günəş, digəri isə külək enerjisi stansiyalarıdır ki, onların toplam gücü 440 meqavatdır. Bu layihələr 100 faiz xarici sərmayə hesabına icra olunacaq. Azərbaycanın sərmayə mühiti olduqca münbitdir. Dünya Bankının hesabatına görə, Azərbaycan biznes fəaliyyəti üçün imkanlar baxımından 30 aparıcı dövlət sırasındadır. Bərpa olunan enerji sahəsinə sərmayələrin cəlb edilməsi bizim bərpa olunan enerji mənbələrinə dair strategiyamıza və potensialımıza uyğundur.

Bununla yanaşı, işğal edilmiş ərazilərimizin azad olunmasından sonra həmin ərazilərdə günəş, külək və su ehtiyatları vasitəsilə elektrik enerjisinin istehsalı üçün yeni imkanlar yaranmışdır. Bu baxımdan mən ölkələrinizdən olan şirkətləri bizim tərəfdaşlarımız olmağa dəvət edirəm. Mən artıq rəsmi olaraq azad edilmiş əraziləri “yaşıl enerji” ilə təmin ediləcək bölgə elan etmişəm. Biz artıq master-plan üzərində çalışırıq və nəhəng su, günəş və külək potensialından istifadə edərək həmin layihələri icra edəcəyik.

Daha bir layihə bütün azad olunmuş ərazilərdə “ağıllı şəhərlər”in yaradılmasıdır ki, bununla bağlı da hazırlıq işləri gedir. İşğaldan azad olunmuş ərazilərin Ermənistan tərəfindən darmadağın edilməsini nəzərə alsaq, bu, böyük bir çağırışdır, lakin biz bunun öhdəsindən qısa müddət ərzində gəlmək və keçmiş köçkünlərimizi doğma torpaqlarına qaytarmaq məsələsinə sadiqik. Bununla da ölkənin imkanlarını, əzmini və gələcəyə baxışını nümayiş etdirmək niyyətindəyik.

Hesab edirəm ki, böyük neft və qaz potensialına sahib, xam neft və neft məhsullarının, təbii qaz və elektrik enerjisi ixracatçısı olan Azərbaycan böyük məsuliyyət nümayiş etdirməli və “yaşıl enerji”yə fəal şəkildə sərmayə yatırmalıdır. Biz məhz bununla məşğuluq. Bununla bağlı planlarımı bölüşdüm və əminəm ki, onlar həyata keçiriləcəkdir. Sadəcə olaraq, tərəfdaş və dostlarımızı məlumatlandırmaq istədim ki, belə imkanlar da mövcuddur.

Artıq dediyim kimi, Cənub Qaz Dəhlizinin başa çatdırılmasını qeyd etdiyimiz bir vaxtda biz gələcəyə baxmalı, yeni plan və ideyalar üzərində işləməliyik. Ümid edirəm ki, pandemiya bitdikdən sonra biz yenidən Bakıda görüşə biləcəyik, çünki Bakı ənənəvi olaraq Məşvərət Şurasının toplantılarının keçirildiyi şəhərdir. Fürsətdən istifadə edərək, birgə fəaliyyətimizi davam etdirmək üçün sizi gələn il Bakıya səfərə dəvət edirəm. Diqqətinizə görə sağ olun.

XXX

Azərbaycanın energetika naziri Pərviz Şahbazov dedi:

-Zati-aliləri, cənab Prezident, biz Sizə Məşvərət Şurasının bugünkü iclasının bütün iştirakçıları adından dərin minnətdarlığımızı bildiririk. Siz çox əhatəli və təfərrüatlı çıxış etdiniz. Təbii ki, Sizin dəstəyiniz Cənub Qaz Dəhlizinin uğurlu olmasını şərtləndirdi.

İndi isə sözü Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simsona vermək istəyirəm.

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson dedi:

-Zati-aliləri Prezident Əliyev, nazir Şahbazov, Brüsseldən sizə salamlar. Məşvərət Şurasının builki iclası xüsusidir. Çünki bizim bu günü qeyd etmək üçün əsasımız var. Cənub Qaz Dəhlizi başa çatıb. Məşvərət Şurası siyasi liderləri, şirkətləri və maliyyə təsisatlarının hamısını bir masa arxasında toplayıb. Bu cür digər forumlardan fərqli olaraq, bu, görünməmiş hadisədir. Bu uğurun miqyasını əslində anlamaq üçün biz layihənin üzləşdiyi iki gözəçarpan çətinliyi qavramalı idik. Birincisi, inam. Şura hamımızı vahid ideya ətrafında birləşdirdi. O, hamımız üçün çox istənilən etimadı qurmağa, icra olunacaq məsələlər ətrafında konsensus əldə etməyə və həyata keçiriləcək layihələrlə bağlı razılığa gəlməyə yardım etdi. İkincisi texniki tərəfdir. Burada nəinki “Şahdəniz-2” yatağının işlənilməsi, eləcə də çoxsaylı ərazilərdə, fərqli coğrafi məkanlarda, həm quruda, həm dənizdə boruların yerləşdirilməsi və birləşdirilməsində üzə çıxan çətinliklər nəzərdə tutulur. Bütün bunlara baxmayaraq, biz qalib gəldik. Bu gün biz fərəhlə deyə bilərik ki, mandatımız icra olunub.

Cənub Qaz Dəhlizi Avropa İttifaqına öz enerji təchizatını şaxələndirmək, vətəndaşlarımıza daha çox seçim və rəqabəti təmin etməkdə kömək edir. Faktiki olaraq, biz İtaliyada bu ilin əvvəlində qaz qiymətlərinin artıq aşağı düşdüyünü görürük. Bu, uğurumuzun, həmçinin yeni tərəfdaşlığın başlanması deməkdir. Bu dəhliz vasitəsilə Avropa İttifaqı və Azərbaycan hazırda strateji enerji tərəfdaşlarıdır. Biz bu nöqtəyə təsadüfən, yaxud hansısa şərtlərlə gəlməmişik. Tam əksinə. Biz bu nöqtəyə bu gün ona görə çatmışıq ki, bu iclasda iştirak edən hər bir şəxs yorulmadan çalışıb və sadiqliyini nümayiş etdirib. Mən, əvvəlcə, Prezident Əliyevə bütün bu illər ərzində nümayiş etdirdiyi mövqeyinə, qətiyyətinə və strateji idarəçiliyinə görə təşəkkürümü bildirmək istəyirəm. Mən, həmçinin Gürcüstan, Türkiyə və Albaniyaya təşəkkürümü bildirmək istəyirəm. Dəhlizimiz Sizin ərazilərdən keçir. Siz olmadan Cənub Qaz Dəhlizi layihəsi olmazdı. Siyasətə dəstək bu cür layihələrdə hər hansı boru kəməri çəkilmədən təməl rolunu oynayır. Bir sözlə, mən bu müddət ərzində verdiyi siyasi dəstəyinə görə Amerika Birləşmiş Ştatlarına və Birləşmiş Krallığa təşəkkürümü bildirmək istəyirəm. Biz bu illər ərzində işinizə və dəstəyinizə görə Sizə minnətdarıq. Sonuncu, lakin mühüm məqam maliyyələşmədir. Maliyyələşmə bu layihənin icrasında çox vacib idi. Mən layihənin maliyyələşdirilməsinə töhfə vermiş Avropa İnvestisiya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, Dünya Bankına və bütün özəl qurumlara minnətdarlığımızı bildirmək istəyirəm. Məhz beləcə biz bu nöqtəyə çatdıq.

İndi isə gəlin, işi necə davam etdirəcəyimizə nəzər salaq. Hamımız bilirik ki, Avropa iqlim neytrallığına doğru qlobal keçiddə aparıcı cərgədədir. “Yaşıl razılaşma” əsasında aydın məqsədlər dayanır. 2050-ci ilə qədər Avropada iqlim neytrallığı olmalıdır və gələn 10 il ərzində emissiyaların azaldılması ən azı 55 faizə çatmalıdır. Bu, de-karbonlaşmış enerji sisteminə doğru hərəkət etmək deməkdir. Əlbəttə, iqlim neytrallığına doğru yol uzundur. Müxtəlif başlanğıc nöqtələrində fərqli yanaşmaları tələb edir. Bu baxımdan biz qazın rolunu əvəzedici yanacaq kimi görürük. Avropa İttifaqı Şurası bu yaxınlarda etiraf etmişdir ki, qaz keçid yanacağa kimi enerji təhlükəsizliyini və əlçatanlığı saxlanmaqla qara kömür kimi havanı çirkləndirən enerji mənbələrindən tədricən uzaqlaşmanın təmin edilməsində öz rolunu oynayacaqdır. Eyni zamanda, gələcək “yaşıl razılaşma” ilə dünyada qaz de-karbonlaşdırılmalıdır və öz yerini hidrogenin və digər de-karbonlaşmış yanacağın tətbiqi üçün təhvil verməlidir. Təmiz enerjiyə keçid zamanı qazın rolunu etiraf etdiyimiz zaman biz, həmçinin aydın anlayırıq ki, bu rol yeni məsuliyyəti ehtiva edir. Bu səbəbdən Avropa İttifaqı metan emissiyaları sayəsində tədbirlərə xüsusi önəm verir. Biz bilirik ki, metan qısa perspektivdə CO2-dən qat-qat zərərlidir. Metan emissiyaları bütün istilik qazların emissiyasının 50 faizə yaxın hissəsini təşkil edir. Lakin biz, həmçinin bilirik ki, qaz hasilatı nəticəsində havaya qalxan metan demək olar ki, sıfır xərclə azaldıla bilər. Bu, elə bir sahədir ki, Avropa İttifaqı sürətlə addımlamağı çox arzu edir. Mənə məlumdur ki, Azərbaycanın Dövlət Neft Şirkəti artıq BMT-nin Ətraf mühit proqramı ilə ilk təmasları qurub. Biz Avropa İttifaqında metanın aradan qaldırılması ilə əlaqədar, həmçinin BMT-nin Ətraf mühit proqramı ilə yaxından əməkdaşlıq edirik. Böyük işin bir hissəsi olaraq ötən ilin oktyabrında biz antropogen metan emissiyalarını azaltmaq üçün Avropa İttifaqının strategiyasını qəbul etmişik və bu məsələdə əməkdaşlığı genişləndirmək arzusundayıq. Qısa perspektivdə biz emissiyaların monitorinqi, yoxlanılması və məruzə edilməsində boşluqları doldurmaq, eləcə də metan emissiyalarını azaltmaq üçün təşəbbüsləri həvəsləndirmək istəyirik. Növbəti addımımız BMT-nin Ətraf mühit proqramı ilə beynəlxalq metan emissiyası abservatoriyasını yaratmaq və metan emissiyalarının azaldılması ilə əlaqədar Avropa İttifaqının qaydalarını hazırlamaqdan ibarət olacaq. Biz qlobal peyklə monitorinq məlumatlarınızı bölüşməyə hazırıq və onlar bu gün artıq ən çox emissiya tərəflərini müəyyən edə bilir.

Bu cür dəyişkən enerji xəritəsində bugünkü iclasda, həmçinin Cənub Qaz Dəhlizinin uğurunu necə davamlı etmək və onun perspektivlərini təmin etmək kimi məsələləri də nəzərdən keçirəcəyik. Sual olunur: Bu layihə Qərbi Balkan regionu üçün etibarlı və enerji çıxışının təmin edilməsinə necə töhfə verə bilər? Çünki həmin region de-karbonlaşmış sistemə doğru tədricən addımlayır, kömürdən uzaqlaşır və öz güclü potensialını inkişafda olan, bərpaolunan enerji üçün istifadə edir. Avropa İttifaqı Qərbi Balkanlara enerji keçidi zamanı praqmatik formada əsl tərəfdaşlıq ruhunda kömək etmək üçün yardım əlini uzadır. Biz enerji və bağlantını ötən il qəbul olunmuş Qərbi Balkanlar üçün iqtisadi və investisiya proqramının əsas hissəsində əks etdirdik. Əlbəttə, Azərbaycan qazının günlərin bir günündə Qərbi Balkanlara çatması bir sıra aspektlərdən asılı olacaq. Əsas aparıcı qüvvə bazara əsaslanan investisiya qərarları olacaq. Bu yay TAP Konsorsiumu ilkin icbari bazar tədqiqatını planlaşdırır. İnfrastruktur da nəzərdən keçirilir. Hər bir yeni infrastruktur layihəsi ayrıca olaraq qiymətləndirilməlidir. Onun dayanıqlığa təsiri nəzərdən keçirilməlidir. Bütün bunlar mühüm texniki işi tələb edir. Fikrimizcə, bu iş enerji birliyi, Mərkəzi və Cənub Şərqi Avropada enerji bağlantısı kimi regional forumlardan istifadə edərək aparılmalıdır. Beləliklə, bugünkü görüşümüz nəinki hazırkı uğuru qeyd etmək, eləcə də perspektivlər və çağırışlar ətrafında fikir mübadiləsi aparmaq baxımından vacibdir.

Xanımlar və cənablar, mən bugünkü iclasda nümayiş etdirilən kollektiv səylərdən fərəh hissi duyuram. Biz bu uğurdan qarşımızda olan iş zamanı ruhlandırıcı amil kimi istifadə etməliyik. Sağ olun.

XXX

Nazir Pərviz Şahbazov dedi:

-Xanım Simson, xoş sözlərə və ətraflı çıxışınıza görə sağ olun.

İndi isə mən sizin hamınızı nazirlərin VII iclasının birinci sessiyasına dəvət edirəm.

Zati-aliləri cənab Prezident.

Hörmətli komissarlar.

Hörmətli nazirlər.

ABŞ, Birləşmiş Krallıq və İtaliya hökumətinin yüksək rütbəli nümayəndələri.

Xanımlar və cənablar.

Məşvərət Şurası beynəlxalq əməkdaşlığın nümunəvi bir formatı kimi öz məqsədinə nail oldu. Cənub Qaz Dəhlizi hazırda Avropanı Xəzər dənizi ilə bağlayır və bu, dünya miqyaslı infrastruktur vasitəsilə baş tutur, enerji təhlükəsizliyini gücləndirir, eyni zamanda, iqlim, iqtisadi və kommersiya məqsədlərimizə nail olunmasına töhfə verir. İlk dəfə olaraq Azərbaycan qazı Avropa bazarına 3500 kilometrlik məsafəni qət edərək daxil olub. Cənab Prezidentin qeyd etdiyi kimi, layihə vaxtında tamamlandı və büdcəyə də qənaət edildi. Mən sizin hamınızı belə bir ümumi tarixi nailiyyət münasibətilə təbrik edir və strateji məqsədlərimizə doğru daimi olaraq irəliləməyimizi arzulayıram, səmərəli tədbirlər arzu edirəm. Biz yüksək səviyyədə dəstəyin və çoxtərəfli əməkdaşlığın tərəfdarıyıq.

Hörmətli iştirakçılar, belə bir meqalayihə öz şaxələndirmə missiyasının da nəticələrini artıq göstərdi. Cari ildə Azərbaycandan Gürcüstana təxminən 1 milyard kubmetr, Türkiyəyə ən azı 8 milyard kubmetr, Avropaya 5 milyard kubmetrdən çox təbii qazın ixrac edilməsi gözlənilir. Növbəti ildə Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TAP vasitəsilə bizim İtaliyaya 13 faiz, Yunanıstana 20 faiz, Bolqarıstana isə 33 faiz təbii qazımız çatdırılacaq. Həm TANAP-ın, həm də TAP-ın 2023-cü ilə qədər tam buraxılış qabiliyyəti ilə istifadə olunması nəzərdə tutulur. Artıq “Şahdəniz” yatağından 137 milyard kubmetrlik qaz hasil edilmişdir və hazırda bu, əslində, Cənub Qaz Dəhlizinin əsas mənbəyidir. Beləliklə, Cənub Qaz Dəhlizi Azərbaycanın enerji təhlükəsizliyini gücləndirir, bazarları, istehlakçı ölkələr üçün mənbələri və marşrutları şaxələndirir. Xüsusi olaraq məhz Avropa İttifaqının Karbon Neytrallığı Prioriteti çərçivəsində Cənub Qaz Dəhlizi yanacağın iqlimə ən az təsir göstərərək təchiz edilməsi imkanlarını açır. Bu, karbohidrogenin nəqlini nəzərdə tutur və bununla bağlı Cənub Qaz Dəhlizi sisteminin seqmentinə artıq tətbiq edilir.

Xanımlar və cənablar, TAP-ın istismara verilməsi Cənub Qaz Dəhlizi layihəsinin sonu deyil, əksinə, bu, yeni imkanların başlanması deməkdir. Biz öz tərəfdaşlarımızla birgə yeni geoiqtisadi mühiti və dayanıqlı inkişafı, qlobal əməkdaşlığı təşviq edən Avrasiyanın yeni xəritəsini yaradırıq. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan enerji dəhlizinin fiziki təhlükəsizliyini artırmışdır və bu layihəyə hərbi hədələri aradan qaldırmışdır, öz ərazilərini Ermənistan Respublikasının 30 illik işğalından azad edərək ərazi bütövlüyünü bərpa etmişdir.

İndi isə biz Cənub Qaz Dəhlizinin birinci fazasını başa çatdırdıqdan sonra növbəti faza üzərində düşünürük. İkinci faza nəticəsində Azərbaycan qazının işlənilməyən yataqlardan hasilatı təmin ediləcəkdir və bu da artıq yeni təchizatçılar üçün yeni tranzit imkanları yaradacaq. Əminəm ki, Məşvərət Şurasının bugünkü iclasında biz nəinki ümumi nailiyyətlərimizi qeyd edəcəyik, o cümlədən gələcək imkanlarla bağlı birgə müzakirələr aparacağıq. Çox sağ olun.

İndi isə mən sözü cənab Oliver Varhelyiyə vermək istəyirəm.

Avropa Komissiyasının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi dedi:

-Çox sağ olun.

- Hörmətli cənab Prezident.

-Hörmətli nazirlər, xanımlar və cənablar.

Bu gün sizin aranızda olmaqdan çox şadam. Biz belə çox mühüm bir qaz şaxələndirmə layihəsinin iclasını qeyd edirik. Ümid edirəm ki, bu, həmçinin bizim üçün yeni bir səhifədir və bizim Qərb tərəfdaşlarımızla apardığımız əməkdaşlığın genişləndirilməsi deməkdir. Biz bu il uğuru qeyd edirik, lakin, eyni zamanda, yeni planları tərtib edirik. İcazə verin, əsas məsələləri diqqətinizə çatdırım. Bu, Şərq tərəfdaşlığı çərçivəsində olan əməkdaşlıqdır və bizim Balkanlarda olan tədbirlərlə bağlı planlarımızdır. Əvvəlcə, icazə verin, Trans-Adriatik boru kəmərinin tamamlanması münasibətilə sizi təbrik edim və Azərbaycanda hasil edilən təbii qazın Avropaya daxil olmasını xüsusi olaraq qeyd edim. Bildiyiniz kimi, bu layihə ötən il başa çatdırıldı. Bu, böyük bir nailiyyətdir. Bu, əslində, bizim qətiyyətimizin, dövlətlərimizin və özəl iştirakçıların əməkdaşlığının təzahürü oldu. Çünki bu real şaxələndirilmə Avropaya gətirildi və bizim qonşuluğumuzda bu imkanları açdı. Bir sözlə, hamınızı təbrik edirəm və minnətdaram.

Cənub Qaz Dəhlizi bizim Şərq tərəfdaşlığı gündəliyimizin bir hissəsi idi və 2020-ci ildə onun başa çatdırılması nəzərdə tutulurdu. Əlbəttə ki, sonuncu dəfə ötən ilin martında biz bu istiqamətdə - Şərq tərəfdaşlığı prioritetləri ilə bağlı iclas keçirdik. Bu, bizim əməkdaşlığımızın müxtəlif məsələlərini, tərəflərini nümayiş etdirdi, biz iqtisadiyyatlarımızın müqavimət gücünü müzakirə etdik. Hazırda biz bu prioritetlərin icrası ilə bağlı planları tərtib etmək üzrəyik. Bizim qarşımızda reallaşdırılan məqsədlər dayanır. Əlbəttə ki, bu baxımdan dəhliz bizi ruhlandırır və enerji bağlantısı, təchizatın təhlükəsizliyi bizim iqtisadiyyatlarımızın müqavimət gücünü artırır. Təbii qaz Avropada və onun qonşularında dekarbonlaşmış iqtisadiyyata keçiddə vacib rol oynayır. Təbii ki, bu, bizim məqsədimizdir, həmçinin siyasətimizdə mövcuddur, burada həm də ədalətlilik prinsipi var. İndi sərmayələr davam etməlidir və Avropa İttifaqı bu baxımdan Azərbaycana və digər region ölkələrinə enerji bağlantısı məsələlərində öz dəstəyini verib. Biz bu istiqamətdə işimizi bundan sonra da davam etdirəcəyik və “yaşıl enerji”yə keçiddə, çirklənmənin aradan qaldırılmasında yardım edəcəyik.

COVID-19 pandemiyası bütün iqtisadiyyatlarımıza böyük təsir göstərdi, biz bu şəraitdə müqavimət gücümüzü artırmalıyıq və bərpa işləri üzərində işləməliyik. İnvestisiyalar üçün yollar açılmalıdır və onlar reallaşmalıdır ki, xalqlarımızın həyatı daha da yaxşılaşsın.

İcazə verin, indi digər bir aspektə toxunum. Bu da bizim əməkdaşlığımızda çox vacib bir məqamdır və mənim üçün şəxsən çox vacibdir ki, ötən ilin oktyabrında Avropa Komissiyası Qərbi Balkan regionu üzrə iqtisadi investisiya planını qəbul etdi. İqtisadi bərpa planlarının tərtibatı, onun icrası ilə bağlı yönəldilən 9 milyon avro və əlavə 20 milyon avro Avropa Komissiyasının yardımıdır. Burada enerji bağlantısı, daşımalar və digər sahələr nəzərdə tutulur. Bu sənədin məqsədi həmin regionun istifadə olunmamış iqtisadi potensialından istifadə etməkdən ibarətdir və həmin dövlətlərin hökumətlərinə bu işlərin icrasında onlar üçün dəstək olmaqdır. Təbii ki, daşımalar sahəsi bu planın bir hissəsidir. Bu da bizim bir sıra təşəbbüslərimizə gətirib çıxarır. Birincisi, bərpa olunan enerji mənbələri, ikincisi, dekarbonlaşma, üçüncüsü isə innovativ yolların tətbiqi. Bütün bunlar Avropa İttifaqının enerji siyasətini əks etdirir və Qərbi Balkanlar üçün gələn illərin artımında real gündəliyi ehtiva edir. Hamınız bildiyiniz kimi, təbii qazın Qərbi Balkanlarda faydalı enerjiyə keçid sahəsində mühüm rolu var. Hazırda həmin regionda bununla bağlı çətinliklər mövcuddur, bu da regionun iqtisadi inkişafını əngəlləyir. Qaz istehlakına gəldikdə, əgər bu məsələlər həmin regionda həll olunarsa, belə bir keçid daha asanlıqla baş tutacaq. Buna görə də iqlim dəyişikliyi məqsədlərindən əlavə olaraq, həmçinin çirklənmənin qarşısı dayandırılacaq və həmin regionda sağlamlıq səviyyəsi də artacaq. Təbii ki, qaza əsaslanaraq biz regionda 60 faizədək emissiyaları azalda bilərik. Bunun baş verməsi üçün bizə infrastruktur lazımdır. Bu səbəbdən iqtisadi investisiya planı bir-biri ilə bağlı 5 sahəyə yönəlib və orada Qərbi Balkanlara qazın təchizatı xüsusi yer tutur. Təbii ki, burada təchizatın təhlükəsizliyi və rəqabət nəzərdən keçiriləcək, müvafiq bazarlarda daha etibarlı və qiymət baxımından daha əlçatan şərait yaradılacaq. Eyni zamanda, kömürdən tədricən imtina etmək imperativdir. Yeni qaz təchizat mənbələri həmin regionda qaz bazarının canlanması deməkdir. Gələn aylar ərzində biz bu istiqamətdə müzakirələrimizi davam etdirəcəyik. Biz istəyirik azərbaycanlı tərəfdaşlarımızla bu yay bununla bağlı müzakirələr aparaq ki, müvafiq infrastruktur yaradılsın və Azərbaycan qazı mümkün qədər tez zaman ərzində Qərbi Balkanlara da çatdırılsın.

Yekun olaraq icazə verin onu bildirim ki, bu şərtlərlə biz irəliyə doğru gedəcəyik və bu qaz layihəsi bizdə uzunmüddətli dekarbonlaşma strategiyasının icrasına əsas yaradacaq. Təbii ki, bu strategiyaya dəqiq planlar daxil edilməlidir, dekarbonlaşma, etibarlı enerji təchizatı Qərbi Balkanlarda həmin planların icrasına şərait yaradacaq və bizim planlarımız tam aydın şəkildə təmin ediləcək. İnanıram ki, bu il bu işlər davam edəcək. Bu məqsədlə mən bizim hamımıza müraciət edərək sizi iqlim dəyişikliyi ilə bağlı öhdəliklərin icrasına daha ciddi şəkildə yanaşmağa dəvət edirəm. Mən, həmçinin bildirmək istəyirəm ki, Prezidentin verdiyi mesaj bizi ruhlandırdı. Həmsədr də burada bildirdi ki, Azərbaycanın regionu təchiz etmək potensialı var. Bu da şaxələndirmə deməkdir. Qarşımızdakı yol uzundur, lakin aydındır. Mən inanıram ki, biz hamımız mümkün qədər qısa müddət ərzində bunun öhdəsindən gələcəyik. Çox sağ olun.

Pərviz Şahbazov: Komissar Varhelyi, çıxışınıza görə çox sağ olun. Cənab Prezidentin bildirdiyi kimi, Avropa Komissiyasının Cənub Qaz Dəhlizinə verdiyi dəstək lap başlanğıcdan çox vacib idi. Biz arzu edirik ki, gələcəkdə də dialoqu davam etdirək.

XXX

Sonra konsorsium üzvləri tərəfindən Cənub Qaz Dəhlizinin tamamlanması hesabatı təqdim olundu.

TAP-ın icraçı direktoru Luka Şerpatti TAP-ın vaxtında istismara verilməsini mühüm hadisə adlandırdı. Bildirdi ki, məhz bu layihə Azərbaycan təbii qazını Avropaya çatdırır. O dedi:

-Fürsətdən istifadə edərək, Trans-Adriatik boru kəmərinin vaxtında reallaşmasını təmin etmək üçün üzərinə qəti öhdəlik götürdüyünə görə Zati-aliləri Prezident Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinə, eləcə də Avropa İttifaqına, layihədə iştirak etmiş hökumətlərə, səhmdarlarımıza, kreditorlara və tərəfdaşlarımıza təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən TAP-ın bu cür uğurlu olması məhz Sizin yorulmadan verdiyiniz dəstək sayəsində mümkün olmuşdur.

Trans-Anadolu qaz boru kəmərinin baş icraçı direktoru Saltuk Düzyol layihənin mövcud statusu barədə məlumat verdi.

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Conz tarixdə ilk dəfə olaraq Azərbaycan qazının Xəzər dənizindən birbaşa Avropaya nəql olunduğunu bildirdi, bu strateji uğur münasibətilə təbriklərini çatdıraraq dedi:

-Prezident Əliyevin liderliyi, eləcə də ölkəsi və bütün region üçün gələcəyə baxışı bu tarixi nailiyyətin gerçəkləşməsinə böyük təkan verdi. Onun şəxsi səyləri dünya neft və qaz sənayesində ən mürəkkəb layihələrdən birinə çevrilmiş bir layihənin uğurla həyata keçməsi üçün həlledici rol oynayıb. BP şirkəti olaraq biz qarşıdan gələn onilliklər boyunca regiondakı və Avropadakı insanlara fayda gətirəcək bu layihənin bütün hissələrində iştirak etməkdən böyük qürur duyuruq.

Sonra nazirlər və nümayəndə heyətlərinin rəhbərləri çıxış etdilər.

Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz vurğuladı ki, Cənub Qaz Dəhlizi bütün regiona fayda gətirir və bu enerji dəhlizi regional əməkdaşlığın onurğa sütunudur. Fatih Dönməz dedi:

-Hörmətli iştirakçılar, belə bir yüksək səviyyəli VII iclasda iştirak göstərir ki, ölkələr bu işə qətiyyətlə yanaşır və regionlar arasında əməkdaşlığa sadiqlik var, baxmayaraq ki, biz çətin dövrdə yaşayırıq. Qeyd etmək lazımdır ki, Türkiyə və Azərbaycan arasında siyasi dəstək olmadan Cənub Qaz Dəhlizi reallığa çevrilməzdi. Azərbaycandan Avropaya gedən bu boru kəməri siyasi dəstək olmadan həyata keçirilə bilməzdi. Nəticədə biz bütün regiona fayda gətirdik.

ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donelli tədbirdə iştirak etməkdən fərəh hissi duyduğunu bildirdi. ABŞ-ın Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətini vurğuladığını qeyd edən Kurt Donelli dedi:

-Xəzər dənizi karbohidrogenlərinin Qərb bazarlarına nəqli onilliklər boyu icra edilmişdir. Məmnunam ki, Birləşmiş Ştatların hökuməti və enerji şirkətləri həmin davamlı səylərdə mühüm rol oynayıblar. Cənub Qaz Dəhlizi enerji sahəsində həqiqətən çoxölçülü və çoxtərəfli nailiyyətdir. Burada bu gün təmsil olunan bütün ölkələr öz rolunu oynayıb. O cümlədən layihədə iştirak edən bütün ölkələrin çoxsaylı şirkətləri də var. Bu baxımdan İtaliya, Yunanıstan və Bolqarıstanda Avropa istehlakçıları hazırda bu qış ilk dəfə olaraq Azərbaycanın təbii qazından istifadə edirlər. Biz bu ilin sonrakı mərhələsində başlanması gözlənilən Trans-Adriatik boru kəməri üçün bazarda sınaqları alqışlayırıq və 2021-ci ilin sonuna qədər nəticələri görməyi səmimiyyətlə arzulayırıq.

Xəzər dənizinin karbohidrogen ehtiyatlarının nəqlində ABŞ şirkətlərinin də iştirak etdiyini deyən Kurt Donelli Azərbaycanla Türkmənistanın Xəzərdə “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması münasibətilə təbriklərini çatdırdı.

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson bu tədbirdə Birləşmiş Krallığı təmsil etməkdən məmnun olduğunu bildirdi. İndiyədək Məşvərət Şurasının beş iclasında iştirak etdiyini deyən Baronessa Emma Nikolson layihənin uğurla başa çatması münasibətilə Prezident İlham Əliyevi və tərəfdaşları təbrik edərək dedi:

-Azərbaycan və onun tərəfdaşlarının birgə işi nəticəsində Cənub Qaz Dəhlizi bütün Avropada enerjinin şaxələndirilməsi, təhlükəsizlik və güclü olmağın rəmzinə çevrildi. Fəxr edirəm ki, BP bu layihədə aparıcı rol oynayır və Birləşmiş Krallıq bu layihəyə tam dəstəyini davam etdirəcək.

Baronessa Emma Nikolson Prezident İlham Əliyevin elan etdiyi “yaşıl enerji” konsepsiyasının əhəmiyyətini vurğulayaraq dedi:

-Azərbaycanın bu sahədə qəbul etdiyi təlimatlara gəldikdə, bu, onu göstərir ki, hökumətin öhdəliyi və marağı aydın şəkildə göz qabağındadır. Birləşmiş Krallıq Azərbaycanın enerji keçidini fəal şəkildə dəstəkləyir və eyniliklə biz son üç onillik ərzində Cənub Qaz Dəhlizini və Azərbaycanın digər enerji prioritetlərini dəstəkləmişik.

İtaliyanın İqtisadi İnkişaf Nazirliyinin infrastruktur və enerji sistemləri üzrə baş direktoru Gilberto Diyaluçe Cənub Qaz Dəhlizi layihəsinin qlobal əhəmiyyətindən danışdı və onun enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu vurğulayaraq dedi:

-Bu gün şadam ki, Cənub Qaz Dəhlizinin açılışı artıq reallıqdır və o qaz təchizatının təhlükəsizliyini və şaxələndirilməsini təmin edən, istehlakçılara qaz qiymətlərini azaltmaq üçün rəqabəti gücləndirən və pik saatlarda istismar olunan qaz enerji stansiyaları vasitəsilə elektrik şəbəkəsinə tədricən müxtəlif bərpa olunan enerjinin daxil edilməsinə töhfə verən əsas infrastrukturdur. Dekabrın 31-də TANAP boru kəməri ilə qaz interkonnektor vasitəsilə həm Yunanıstana, həm Bolqarıstana çatdırılıb, bu iki ölkəni keçərək TAP ilə “Snam Rete Gas” arasında interkonnektor nöqtəsində İtaliyaya daxil olub. Hazırda İtaliya və Avropa üçün Azərbaycan kimi yeni qaz təchizatı mənbəyinin işə düşdüyünü və ilk dəfə olaraq qədim qitəni Türkiyə və Balkanlar vasitəsilə Xəzərlə birləşdirən Cənub Qaz Dəhlizi kimi yeni marşrut olduğunu nəzərə alaraq bu, qaz sektoru üçün tarixi gündür. Axın həcmi gündəlik təxminən 11 milyon kubmetr təşkil edir. Yanvarda TAP ilə İtaliyaya 340 milyon kubmetr qaz idxal edilmişdir. Onun təxminən 70 milyon kubmetri revers axın formasında interkonnektor nöqtəsi ilə Avropaya ixrac olunmuşdur.

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natela Turnava bu tədbiri regional əməkdaşlığın göstəricisi kimi qiymətləndirdi. O bildirdi ki, Gürcüstan öz tərəfdaşları, o cümlədən Azərbaycanla birgə Cənub Qaz Dəhlizi konsepsiyasını daha da inkişaf etdirməkdə qərarlıdır, bu da ölkələrimizin uzunmüddətli tərəfdaşlığından qaynaqlanır. Nazir Natela Turnava dedi:

-Müxtəlif platformalardan və əldə etdiyimiz hər imkandan istifadə edərək biz həmin genişmiqyaslı nəqletmə təşəbbüsünə yekdil dəstəyi bəyan etdik. Mən qlobal maraq doğuran bu cür çox vacib layihənin icrası üçün diqqətli, addım-addım yanaşmanı tətbiq etmiş Azərbaycan Respublikasının rəhbərliyini və hər bir iştirakçını alqışlayıram. İndi isə ilk dəfədir ki, artıq sözlərə ehtiyac qalmır. Bu vaxtdan etibarən bizim adımızdan artıq rəqəmlər danışacaq. Avropa ölkələrində yenicə əldə edilmiş bazarlara və bu marşrut boyunca minlərlə yeni istehlakçıya milyardlarla kubmetr qaz çatdırılacaq. Daha böyük Avropa ailəsinə inteqrasiyanı arzulayan Gürcüstan hər zaman öz rolundan fərəhlənib və tranzit ölkə kimi belə bir strateji vacib layihədə iştirak edib.

Türkmənistanın dövlət naziri, “Türkmənqaz” Dövlət Konserninin sədri Batır Amanov Cənub Qaz Dəhlizinin Avropa İttifaqı üçün enerji təchizatının şaxələndirilməsində mühüm rol oynadığını bildirdi. Cənub Qaz Dəhlizi ilə bağlı əməkdaşlığın uğurla həyata keçirildiyini qeyd edən Batır Amanov dedi:

- Cənub Qaz Dəhlizi Avropa İttifaqı ölkələri üçün enerji təchizatının şaxələndirilməsində xüsusi rol oynayır. Bildiyiniz kimi, Xəzər dənizindən Türkiyəyə, daha sonra Avropa İttifaqı ölkələrinə qaz nəql olunur. Bildirmək istəyirik ki, hazırkı səylər və bizim davamlı, məqsədəuyğun addımlarımız bugünkü beynəlxalq əməkdaşlığımızın xüsusi formatının yaradılmasına əsas kimi xidmət etdi. Bu əməkdaşlıq müxtəlif dövlətlər, şirkətlər və maliyyə strukturları arasında uğurla həyata keçirilir. Hazırda həmin qaz boru kəməri və bütün seqmentlər gələcəkdə Türkiyənin və Avropa ölkələrinin enerji təhlükəsizliyinin artırılmasında mühüm rol oynaya bilər. Türkmənistan beynəlxalq münasibətlər sisteminin fəal iştirakçısı kimi qlobal enerji əməkdaşlığının inkişafına öz tərəfindən layiqli töhfə verir.

Bolqarıstanın energetika naziri xanım Temenuşka Petkova Məşvərət Şurasının budəfəki iclasının son illərdə görülən işlərə nəzər salmaq baxımından əhəmiyyətli olduğunu dedi:

-Bolqarıstan Cənub Qaz Dəhlizinin inkişafından olduqca məmnundur. Biz Yunanıstanla interkonnektor vasitəsilə həmin dəhlizə çıxa bilirik. Biz bunu Bolqarıstana qaz təchizatının şaxələndirilməsinin, regionda bu şaxələndirmənin əks olunmasının vacib meyarı hesab edirik. Bu, bizim üçün qaz təchizatını etibarlı şəkildə təmin edəcək ki, gələn üç il ərzində “Şahdəniz” yatağında hasil olunan qazı ildə bir milyard kubmetr həcmində qəbul edək.

Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas tədbirin çox böyük əhəmiyyət daşıdığını vurğuladı. Qeyd etdi ki, Cənub Qaz Dəhlizinin tamamlanması Azərbaycan qazının ilk dəfə Avropa İttifaqına daxil olmasına imkan verib. O dedi:

-Bu, həm Yunanıstan, həm Azərbaycan, həm Avropa İttifaqı və müvafiq tərəflər üçün vacib bir hadisədir. Yunanıstan Cənub Qaz Dəhlizi strategiyasının tərəfdarı olub. 2013-cü ildə əlindən gələni etdi ki, Trans-Adriatik boru kəməri vaxtında və uğurlu şəkildə tamamlansın və xüsusən də Şimali Makedoniya Respublikasına və Albaniyaya çıxış olsun. Təbii ki, biz bununla enerji təhlükəsizliyimizi gücləndiririk və enerji mənbələrimiz də şaxələndirilir.

Albaniyanın infrastruktur və energetika nazirinin müavini İlir Betiya bildirdi ki, ölkəsi Cənub Qaz Dəhlizindən faydalanır. O, Albaniyada müasir qaz təchizatının qurulması istiqamətində görülən işlərdən danışdı, ölkəsinin bundan sonra da regional enerji sektoruna töhfə verməyə hazır olduğunu bildirərək dedi:

-Albaniya bu Məşvərət Şurasının üzvüdür və eyni zamanda, çox vacib olan Cənub Qaz Dəhlizindən faydalanan ölkələrdən biridir. Tam inteqrasiyanı təmin etmək üçün biz vacib addımlar atmışıq. Avropa Enerji Birliyinin müqavilə tərəfi kimi və enerji xartiyasını imzalayan tərəf kimi biz Avropa İttifaqı çərçivəsində 2005-ci ilin müqaviləsini imzalamaqla enerji birliyinin qurulmasını əsasən Balkan ölkələrini əhatə edən müqavilə tərəflərinin enerji sektorunun inkişafında və Avropa İttifaqı səviyyəsində bu sektorun inteqrasiyasında mühüm əhəmiyyət kəsb edən hadisə hesab edirik.

Sonra Serbiya Baş nazirinin müavini, mədən və energetika naziri Zorana Mihayloviç, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Virgil Daniel Papesku, Monteneqronun kapital investisiyalar naziri Mladen Boyaniç, Şimali Makedoniya Respublikasının iqtisadiyyat naziri Kreşnik Bekteşi, Xorvatiyanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin dövlət katibi İvo Milatiç və Avropa Komissiyasının energetika məsələləri üzrə baş direktorunun nümayəndəsi Kristina Lobillo çıxış etdilər.

Qeyd edək ki, iclasda dünyanın 5 aparıcı beynəlxalq maliyyə qurumunun və 18 aparıcı şirkətinin rəhbərləri də iştirak ediblər.

©President.az

Arxiv üzrə axtarış