İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib
Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları gəmi ilə İstanbulun Demokratiya və Azadlıqlar Adasına gəldilər.
Qeyd edək ki, əvvəllər Yassıada kimi tanınan adanın adı 2013-cü ildə Demokratiya və Azadlıqlar Adası olaraq dəyişdirilib və 2015-ci ildən burada yenidənqurma işləri aparılıb. Yenidənqurma işləri başa çatdıqdan sonra ötən ilin may ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi keçirilib. Türkiyə demokratiyasının rəmzi hesab edilən 18 hektarlıq adada “Adnan Menderes” konqres mərkəzi, “27 May Tarix Yaylası”, “Demokratiya və insan haqları” muzeyləri, beynəlxalq toplantılar üçün salonlar və digər binalar inşa edilib. Adada demokratiyanın rəmzi olan mayak ucaldılıb.
Sonra dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.
Dövlət Başçıları Şurasının iclasını açan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün qonaqları İstanbulda salamladı, Zirvə Görüşünün əlaqələrimizdə yeni mərhələ açacağına əminliyini ifadə edərək dedi: “Sədrliyi təhvil aldığımız Can Azərbaycana, pandemiyaya baxmayaraq, həyata keçirdiyi uğurlu fəaliyyətlər münasibətilə təbriklərimi çatdırıram”.
“Siyasi və ictimai həmrəylik kimi, iqtisadi və ticari əlaqələri də gücləndirmək lazımdır”, - deyən Türkiyə Prezidenti hazırda türkdilli ölkələr arasındakı ticarət dövriyyəsinin 21 milyard dollar təşkil etdiyini bildirdi, qarşılıqlı sərmayələrin əhəmiyyətini, bu sahədəki maneələrin aradan qaldırılmasının vacibliyini vurğuladı. Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında nəqliyyat və logistika sahələrində əlaqələrin möhkəmləndirilməsinin vacibliyindən də danışaraq dedi: “Bu çərçivədə “Beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Saziş”i ən qısa zamanda imzalamalıyıq. Beləliklə, Xəzərdən keçən Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi başda olmaqla aramızdakı bütün yolları bu coğrafiyanın əsas arteriyalarına çevirə bilərik. Azərbaycan-Naxçıvan bağlantısı da bu mənada həyati əhəmiyyət daşıyır”.
Zirvə Görüşünün “Rəqəmsal dövrdə yaşıl texnologiyalar və ağıllı şəhərlər” mövzusuna həsr olunduğunu deyən Rəcəb Tayyib Ərdoğan bu baxımdan Zəngilanda görülən quruculuq işlərindən bəhs etdi. “Ağıllı şəhərləşmə sahəsində işğaldan azad edilən Zəngilanda başladılan təşəbbüs, Türkistanın inkişafı, Ahaldakı intensiv fəaliyyətlər, Budapeştdə görülən işlər, Qırğızıstanda və Özbəkistandakı fəaliyyətlər təqdirəlayiqdir”, - deyə Türkiyə Prezidenti vurğuladı.
Prezident Rəcəb Tayyib Ərdoğan qlobal istiləşmə, həmçinin terrorizmlə mübarizədə səylərin birləşdirilməsinin əhəmiyyətini də qeyd etdi.
Türkiyə dövlətinin başçısı dedi: “İndi qardaşım cənab Əliyevə Ordenin təqdim olunması mərasiminə başlayırıq”.
Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim edərək dedi:
- Hörmətli Prezident, Əziz qardaşım, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev.
Qarabağda təxminən otuz il davam edən işğala qətiyyətli rəhbərliyinizlə 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır.
Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir.
Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur.
Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb.
Fürsətdən istifadə edərək əziz Qardaşım cənab İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim etməkdən dərin məmnunluq duyur, azadlıq yolunda şəhid zirvəsinə ucalan qəhrəmanlarımızı rəhmət və ehtiramla yad edirəm.
x x x
Dövlətimizin başçısı Zirvə Görüşündə çıxış etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı
- Əziz Qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan,
Əziz dövlət-hökumət başçıları,
İlk növbədə, bu yüksək mükafata görə, Türk Dünyasının Ali Ordeninə görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu, mənim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz Qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir. Qeyd edilir ki, bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır.
İkinci Qarabağ savaşında göstərdiyimiz əzmkarlıq, iradə, rəşadət bizi böyük Zəfərə gətirib çıxardı və onu da bildirməliyəm ki, bunu hər kəs görür, bizə əlavə güc verən əziz Qardaşım Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədər bizə göstərdiyi dəstək və mənəvi dayaqdır. Çünki biz bu dəstəyi hiss edərək, onun sözlərinə qulaq asaraq özümüzü daha da güclü hiss etdik. Çünki hörmətli Cümhurbaşqanı demişdir ki, Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır və bu, bizə əlavə güc verdi. Bu, bəzi qüvvələri - Ermənistan himayədarlarını bu savaşdan kənarda tutdu və bizə imkan verdi ki, biz bu şərəfli missiyamızı yerinə yetirək.
Əziz Qardaşım, hörmətli Prezident, əziz dövlət və hökumət başçıları, mən bir daha buna görə sizin hamınıza minnətdarlığımı bildirmək istəyirəm. Rəmzi hal ondan ibarətdir ki, bu mükafatı Azərbaycan Türk Şurasına sədrliyi Türkiyəyə təhvil verən zaman alır. Eyni zamanda, bu, son iki il ərzindəki bizim işlərimizə də verilən qiymətdir və bu şərəfli missiyanı Türk Şurasındakı və bundan sonra Türk Dövlətləri Təşkilatındakı sədrlik müddətini artıq əziz Qardaşım Rəcəb Tayyib Ərdoğan öz üzərinə götürür. Əminəm ki, onun liderliyi ilə bizim ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək və türk dünyasının lideri olan hörmətli Cümhurbaşqanının bu işdə uğur qazanacağına heç şübhəm yoxdur. Çünki onun siyasəti və liderliyi sayəsində Türkiyə son illər ərzində böyük və şərəfli yol keçmiş, dünya miqyasında güc mərkəzinə çevrilmiş və təkcə bölgədə yox, dünya miqyasında söz sahibinə çevrilmişdir. Hesab edirəm ki, Türkiyənin gücünü - siyasi, iqtisadi, hərbi gücünü, indi dünyada bilməyən yoxdur və əziz Qardaşımın liderliyi sayəsində Türkiyənin inkişafı, Türkiyədə sabitliyin təmin olunması bütün türk dünyası üçün önəmli şərtdir. Çünki türk dünyasının mərkəzində dayanan güclü Türkiyə dövlətidir. Bizə, hər birimizə əlavə güc verən Türkiyənin güclənməsidir və buna görə hər birimiz əziz Qardaşıma minnətdar olmalıyıq. Azərbaycan xalqı adından bu gün böyük şərəflə danışaraq əziz Qardaşıma Azərbaycan xalqının hədsiz məhəbbətini çatdırıram. Tayyib bəyi Azərbaycanda savaşa qədər hər kəs sevirdi, savaşda bizə göstərdiyi bu böyük dəstəyə görə isə Tayyib bəy Azərbaycan xalqının qəlbində yaşayır və əbədi yaşayacaq.
Mən çox şadam ki, bu gün biz türk dövlətləri arasındakı birlikdən danışarkən gələcəyə baxırıq. Çünki bizim gələcəyimiz, birgə gələcəyimiz üçün çox möhkəm zəmin var, möhkəm təməl var. Bu, bizim ortaq köklərimizdir, dilimizdir, dinimizdir və ortaq maraqlarımızdır.
Azərbaycan ikiillik sədrlik dönəmində türk dünyasının birləşməsi üçün böyük səylər göstərmişdir. Bir çox tədbirlər keçirilmişdir. Hesab edirəm ki, biz hazırda daha bütöv, daha birləşmiş şəkildə gələcəyə addımlayırıq. Bugünkü Zirvə Görüşünün çox böyük tarixi əhəmiyyəti var. İlk növbədə, ona görə ki, biz Şuramızı təşkilata çeviririk və bu təşkilatın çox gözəl gələcəyi var. Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir. Eyni zamanda, indiki dünyada təhlükələr hər ay, hər il yaranır və əfsuslar olsun ki, dünyanın aparıcı ölkələri bu təhlükələrə qarşı düzgün addımlar ata bilmirlər və əminəm ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq. Çünki bizim işbirliyimiz səmimidir, biz hamımız qardaşıq, bir-birimizə qardaş deyirik, biz hamımız ənənəvi dəyərlər üzərində ölkələrimizi inkişaf etdiririk. Bizim xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və biz bu gün böyük coğrafiyanı əhatə edirik, böyük iqtisadi, siyasi, hərbi gücü bu coğrafiyada ehtiva edirik. Bizim ölkələrimizdə zəngin təbii qaynaqlar var, müasir infrastruktur var, nəqliyyat yolları var. Türkiyə hərbi, iqtisadi və sənaye gücə malik olan ölkədir. Təkcə onu demək kifayətdir ki, Türkiyə NATO-nun ikinci ən güclü ölkəsidir və bunu öz maraqlarını və dünyada sülhü təmin etməklə dəfələrlə göstərmişdir. Ona görə mən çox ümidliyəm ki, bizim təşkilatımız qarşıda duran bütün vəzifələri icra edəcəkdir.
Son iki il ərzində önəmli hadisələrdən biri Türkmənistanın bizim təşkilata müşahidəçi qismində qoşulmasıdır. Bu da təbiidir və mən böyük məmnuniyyətlə bu haqda bu gün hələ ki, təşkilata sədrlik edən şəxs kimi deyirəm. Bizim türkmən qardaşlarımızı da ürəkdən salamlayırıq və bu, çox önəmli addımdır. Eyni zamanda, Bakı Zirvəsində Özbəkistan bizim Şuraya üzv oldu, bu da çox önəmli hadisədir. Mən xatırlayıram, 2009-cu ildə Naxçıvan Zirvə Görüşündə o vaxt Naxçıvan sazişi imzalanmışdı. Onu dörd lider imzalamışdı. Amma bu gün bizim sayımız 7-yə çatıb. Bu, onu göstərir ki, bizim təşkilatımız çox cəlbedicidir və əminəm ki, hər bir üzv və hər bir müşahidəçi bundan sonra da bir nöqtəyə vuraraq bizim gücümüzü artıracaqdır.
Eyni zamanda, bu gün dünyanı bürüyən pandemiyaya qarşı biz birgə cavab verdik. Keçən ilin aprel ayında videokonfrans şəklində Zirvə Görüşü keçirilmişdir və bizim təşkilatımız həm üzv ölkələr bir-birinə kömək göstərirlər, başqa ölkələrə kömək göstəririk.
Dörd gün əvvəl Azərbaycan xalqı Qarabağın azad olunmasının birinci ildönümünü sevinclə və qürurla qeyd edirdi. Biz təxminən 30 illik işğala son qoyduq. Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi və kağızda qaldığı qətnamələri yerinə yetirdik, icra etdik. Tarixi ədaləti bərpa etdik, beynəlxalq hüququ bərpa etdik, milli ləyaqətimizi bərpa etdik. Bu Zəfər tarixi əhəmiyyət daşıyır. Çünki bu, ədalətli müharibə idi. Biz öz torpağımızda vuruşurduq, qan tökürdük, şəhidlər verirdik. Bizim başqa ölkələrin torpağında heç vaxt gözümüz olmayıb və İkinci Qarabağ savaşının nəticələri bunu göstərir. Çünki müharibə dayanan gün artıq bütün atışmalara, bütün xoşagəlməz hallara son qoyuldu. Müharibənin ilk günlərindən mən açıq bəyan edirdim ki, əgər Ermənistan bizə torpaqlarımızdan öz qoşunlarının çıxarılma tarixini, təqvimini verərsə, biz hər an həmin müharibəni dayandırmağa hazırıq və sözümüzə əməl etdik. 44 gündən sonra Ermənistan təslim aktını imzalayaraq o vaxta qədər azad edilməmiş torpaqlardan da özü çıxmağa məcbur olmuşdur və beləliklə, İkinci Qarabağ savaşı başa çatmışdır. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kəndi işğalçılardan azad etdik və yüzlərlə şəhər və kənd artıq sülh prosesi nəticəsində azad edilmişdir və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir.
Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. Əziz Qardaşım, hörmətli Cümhurbaşqanı azad edilmiş torpaqlara iki dəfə səfər edib. İyun ayında Şuşaya və bu yaxınlarda - oktyabr ayında Füzuli və Zəngilana səfər edərkən bunu əyani şəkildə görüb. Bu bölgələrin - Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün bu gün bizə ən çox dəstək verən yenə də qardaş Türkiyəmizdir. Türkiyənin bir çox şirkətləri bu gün bizim üçün çox önəmli infrastruktur layihələrində çalışırlar, - körpülər, tunellər, yollar, dəmir yolları, elektrik stansiyaları, hava limanları, - bütün bu işlərdə fəal iştirak edirlər. Hörmətli Cümhurbaşqanı ilə birlikdə bu yaxınlarda açdığımız Füzuli Hava Limanının inşasında Azərbaycan şirkətləri ilə bərabər, 12 türk şirkəti iştirak etmişdir. Hesab edirəm, məhz buna görə biz rekord müddət ərzində, cəmi 8 ay ərzində inşa edə bildik. Hazırda Türkiyə şirkətləri, eyni zamanda, Zəngilan Hava Limanının inşasında iştirak edirlər və bizim digər layihələrimizdə iştirak edəcəklər.
Eyni zamanda, mən Şavkat Miramanoviç Mirziyoyevə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Şəxsən onun təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb inşa ediləcəkdir. Məktəbin layihəsi bizə təqdim edildi və bu, növbəti həmrəylik, dostluq, qardaşlıq addımıdır və Azərbaycan xalqı bunu çox qiymətləndirir.
Biz indi böyük bərpa işləri ilə məşğuluq. Eyni zamanda, İkinci Qarabağ savaşının nəticələri bölgə üçün yeni imkanlar açır. O cümlədən hesab edirəm ki, nəqliyyat baxımından Zəngəzur koridorunun açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır. Ümid edirəm, öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan da gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir və şərəf gətirməyəcək. Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistanın həm Türkiyəyə, həm Azərbaycana ərazi iddialarına son qoyulacaq. Əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər. Zəngəzur koridoru isə həm türk dünyasını, həm Avropanı, həm qonşularımızı birləşdirə biləcək bir layihədir və bu gün bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir.
Zəngəzura gəldikdə, mən Naxçıvan zirvəsindəki çıxışımı xatırlatmaq istəyirəm. O zaman mən demişdim ki, 1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur və bunu xəritəyə baxmaqla hər kəs görə bilər. Bu gün isə biz bu coğrafiyanı bərpa edirik. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə biz bu coğrafiyanı yenidən bağlayırıq, birləşdiririk və ümid edirəm ki, buna sona qədər müvəffəq olacağıq.
Əziz Qardaşım, hörmətli Cümhurbaşqanı, hörmətli dövlət və hökumət başçıları, bu yüksək mükafata görə sizə bir daha minnətdaram. Əminəm ki, mən bundan sonrakı fəaliyyətimdə bu yüksək ada layiq olmağa çalışacağam.
Sağ olun.
x x x
Prezident Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına minnətdarlıq edərək dedi: Hörmətli İlham qardaşıma dəyərli fikirlərinə və töhfələrinə görə çox təşəkkür edirəm.
x x x
Sonra çıxış edən Qazaxıstanın Birinci Prezidenti - Elbası Nursultan Nazarbayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə, son illərdə əldə etdiyi nailiyyətlər, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına ikiillik uğurlu sədrliyi münasibətilə Prezident İlham Əliyevi təbrik etdilər.
Daha sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi haqqında Qərar, Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında Qərar, Azərbaycan Respublikası Prezidentinin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında Qərar, Türk Şurası VIII Zirvə Görüşünün Bəyannaməsi, “Türk dünyasına baxış - 2040” sənədinin qəbulu ilə bağlı Qərar, "Türk dünyasının birliyinə verdiyi töhfələrə görə” Türk Dövlətləri Təşkilatının Əlişir Nəvai adına Beynəlxalq Mükafatı haqqında Qərar, Türk Dövlətləri Təşkilatında müşahidəçi status haqqında qaydalara dair Qərar, Türk Dövlətləri Təşkilatında tərəfdaşlıq statusunun təsis edilməsi haqqında Qərar, Türk Dövlətləri Təşkilatının fəxri sədrinin hüquqları haqqında Qaydalara dair Qərar, Türk Şurası Baş katibinin fəaliyyət müddətinin uzadılması və Baş katibin müavinlərinin təyinatları haqqında Qərar, Türk Dövlətləri Təşkilatının İnvestisiya Fondunun yaradılmasının tamamlanması haqqında Qərar imzalandı.
President.az ©