news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 04 fevral 2026

Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında keçirilən yüksək səviyyəli panel müzakirə ilə bağlı press-reliz, 4 fevral

Azərbaycan Respublikasının
BMT yanında
Daimi Nümayəndəliyi

 

Permanent Mission
of the Republic of Azerbaijan
to the United Nations

633 Third Avenue, Suite 3210, New York, N.Y. 10017
Tel.: (212) 371-2559; Fax: (212) 371-2784

Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında keçirilən

yüksək səviyyəli panel müzakirə ilə bağlı

press-reliz

 

4 Fevral 2026

 

 

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi Esseks Universitetinin İnsan Hüquqları Mərkəzi ilə birgə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə 4 fevral 2026-cı il tarixində BMT-nin Baş Qərargahında “Sülh və Həmrəylik üçün Effektiv Mədəniyyətlərarası və Dinlərarası Dialoqu Təşviq Etməkdə Yaxşı Təcrübələrin Müəyyən Edilməsi: Əldə Edilən Dərslər” mövzusunda yüksək səviyyəli panel müzakirə təşkil etmişdir.

 

Tədbir, Baş Assambleyanın müvafiq olaraq 20 oktyabr 2010-cu il tarixli 65/5 saylı və 21 dekabr 2020-ci il tarixli 75/200 saylı qətnamələri ilə təsis edilmiş Dünya İnanclararası Harmoniya Həftəsi və Beynəlxalq İnsan Qardaşlığı Günündə təşkil edilmişdir. Tədbirdə üzv dövlətlərin və BMT sistemi qurumlarının yüksək səviyyəli nümayəndələri, eləcə də akademik dairələrin və qeyri-hökumət təşkilatlarının təmsilçiləri də daxil olmaqla, 100-dən çox nümayəndə iştirak etmiş və müxtəlif mədəniyyətlər və dinlər arasında birlik, həmrəylik və uzlaşmanın təşviq edilməsinə yönəlmiş səyləri inkişaf etdirmək üçün imkan yaratmışdır.

 

Müzakirəyə moderatorluq edən Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi səfir Tofiq Musayev, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi və bu məqsədlə beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini davam etdirmək əzmini vurğuladı.

 

Tədbir Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərovun açılış nitqi ilə başlamış və o, hökumətin milli və beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi istiqamətində həyata keçirdiyi tədbirlər və Bakı Prosesi çərçivəsində 2026-cı ildə keçiriləcək 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işləri barədə məlumatlar təqdim etmişdir.

 

Yüksək səviyyəli natiqlər, Baş katibin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi və BMT-nin İslamofobiya ilə Mübarizədə xüsusi elçisi Miguel Ángel Moratinos, Baş katibin Qlobal Kommunikasiyalar üzrə müavini Melissa Fleming, Baş katibin köməkçisi və BMT-nin Qadınlar Təşkilatının Normativ Dəstək, BMT Sistem Koordinasiyası və Proqram Nəticələri üzrə icraçı direktorunun müavini Nyaradzayi Gumbonzvanda və YUNESKO-nun BMT-dəki nümayəndəsi və ofis direktoru Eliot Minchenberg beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğuladılar və bu sahədə körpülər qurmaq və maneələri aradan qaldırmaq üçün görülən fəaliyyətlərin əhəmiyyətini qeyd etdilər.

 

Tədbirin həmtəşkilatçısı olaraq, Esseks Universitetinin İnsan Hüquqları Mərkəzinin professoru Ahmed Shaheed akademik qurumların, xüsusən də hərtərəfli və hədəflənmiş yanaşmaların hazırlanmasında onların rolu barədə məlumat verdi. Bundan əlavə, Sülh Naminə Dinlər Beynəlxalq Təşkilatının baş katibi Francis Kuria müxtəlif maraqlı tərəflər arasında effektiv əməkdaşlığa nail olmaq üçün vətəndaş cəmiyyətinin iştirakının və ortaq prinsiplərin vacibliyini vurğuladı.

 

Panel müzakirədən sonra üzv dövlətlərin nümayəndələri həm milli, həm də qlobal səviyyələrdə qarşılıqlı anlaşmanın təşviqi səylərini vurğulayaraq öz fikirlərini bölüşdülər.

 

Tədbirdə iştirak edən BMT-nin yüksək vəzifəli rəsmiləri və üzv dövlətlərin nümayəndələri müxtəlif mədəniyyətlər və dinlər arasında effektiv dialoq və anlaşmanın təmin edilməsində Azərbaycanın liderliyini və səylərini yüksək qiymətləndirdilər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti