2017-05-24

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Baş katibi Antonio Qutereslə görüşüb

Azərbaycan Respublikasının BMT-yə üzvülüyünün 25 illiyi münasibətilə keçirilən tədbirlərə qatılmaq məqsədilə Nyu-Yorkda səfərdə olan nazir Elmar Məmmədyarov BMT-nin Baş katibi Antonio Qutereslə görüşüb.

Görüşdə Azərbaycan və BMT arasında münasibətlərin hazırkı durumundan məmnluluq ifadə olunub.

İlk olaraq, nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin salamlarını A.Quteresə çatdırdı. A.Quteres Prezident İlham Əliyevlə görüşlərini məmnunluqla xatırladığını deyərək, onun salam və xoş arzularının çatdırılmasını xahiş etdi.

Nazir Elmar Məmmədyarov Azərbaycanın müstəqilliyinin ilk illərində BMT və onun ixtisaslaşmış təşkilatlarının Azərbaycana dəstəyinin, xüsusilə Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşən vətəndaşlarımızın humanitar problemlərinin həll edilməsi məqsədilə göstərdiyi yardımların yüksək qiymətləndirildiyini diqqətə çatdırdı. 

E.Məmmədyarov həmçinin Azərbaycanın BMT Nizamnaməsi və beynəlxalq hüququn prinsipləri və məqsədlərinə sadiq olduğunu və BMT-nin fəaliyyətinə dəstək və tövhə verdiyini qeyd etdi. Azərbaycanın 2015-ci ildə keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulduğunu deyən E.Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri İlham Əliyev tərəfindən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Fərman verildiyini xatırladaraq, bu Şuranın 2030-cü ilə qədər qlobal inkişaf məqsədləri və hədəfləri çərçivəsində milli prioritetlərin və göstəricilərinin müəyyən edilməsi, müvafiq dövlət proqramlarının dayanıqlı inkişaf məqsədlərinə uyğunlaşdırılması üzrə məsul olduğunu qeyd etdi.

E.Məmmədyarov Azərbaycanın inkişaf etməkdə olan həmçinin daha az inkişaf etmiş, həmçinin təbii fəlakətlərlə üzləşmiş ölkələrin ehtiyaclarının qarşılanmasına xüsusi diqqət yetirdiyini dedi və bu illər ərzində müxtəlif regionlardan olan bir sıra ölkələrə Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AİDA) vasitəsilə humanitar və digər yardımlar göstərildiyini vurğuladı.

E.Məmmədyarov Azərbaycanın 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməsinin Azərbaycana beynəlxalq inkişafa töhfə vermək üçün əlavə imkan yaradacağını dedi.

Azərbaycan hökuməti tərəfindən milli və beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə xüsusi diqqət yetirildiyini deyən E.Məmmədyarov bu xüsuda 2016-ci ilin Multikulturalizm ili, 2017-ci ilin isə İslam Həmrəyliyi ili elan edildiyini əlavə etdi. Həmçinin, 2016-ci ilin aprel ayında Azərbaycanın Sivilizasiyaların Alyansının VII Qlobal Forumuna ev sahibliyi etdiyini diqqətə çatdırdı.

Azərbaycan - BMT əlaqələrinin inkişaf tarixində Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin ölkəmizin BMT TŞ-na sədrlik etməsinin xüsusi əhəmiyyət daşıdığını vurğuladı.

Elmar Məmmədyarov həmçinin Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyə əsas təhdid olan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasında BMT-nin rolundan bəhs edərək, münaqişənin həlli üçün baza sənədlərinin də məhz BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələr olduğunu vurğuladı. Bu qətnamələrin tələblərinin hələ də yerinə yetirilməməsinin təəssüf doğurduğunu əlavə etdi. Nazir münaqişənin həlli üçün substantiv danışıqların davam etdirilməsinin vacibliyini vurğuladı.

A.Quteres Azərbaycanın BMT-nın təşəbbüslərində və proqramlarında yaxından əməkdaşlığının və münasibətlərin dərinləşməsi istiqamətindəki səylərinin yüksək qiymətləndirildiyini bildirdi və əməkdaşlıq üçün perspektiv vəd edən sahələrin müəyyən edilməsində bu kimi görüşlərin vacib olduğunu qeyd etdi.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparıldı.

© MFA

Arxiv üzrə axtarış